AXCP sədri Əli Kərimli partiyanın veteran cəbhəçilərindən Ziyafət Hüseynlini 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Hörmətli Ziyafət bəy!
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Məlumdur ki, xalqların azadlıq mübarizəsi o mübarizəni başlayan, irəli aparan və uğurlu sonluğa çatdıran insanlarla dəyər qazanır. Tarixi yazan və yaradan, heç şübhəsiz ki, böyük idealları olan insanlardır. Siz məhz belə idealları olan, azadlıq mübarizəsi tarixində öz sözünü deyən dəyərli insanlarımızdansınız.
Bu şərəfli, layiqli və eyni zamanda çətinliklərlə dolu 26 illik tarixin minlərlə fədakarlarından biri kimi hər zaman ön sıralarda yer almısınız. Uzun illər partiya sıralarında həm sıravi üzv, həm də Ali Məclis üzvü kimi gözəl örnəklər yaratmısınız. Bunu həm də xüsusi vurğu ilə qeyd etmək istəyirəm ki, Siz təkcə sıralarımızdakı minlərlə gəncə deyil, öz övladlarınıza da örnək olmusunuz. Biz bütün çətin zamanlarda Sizi övladlarınızla bərabər ön cərgələrdə görmüşük.
AXCP hər zaman ağır günlərin, böyük sınaqların partiyası olub. Bunu bütün bu təlatümlərin və zorluqların içindən keçmiş biri kimi siz də yaxşı bilirsiniz. Əminəm ki, Sizin kimi sadiq, layiqli, prinsipial əqidədaşlarımızla bu böyük yolu sona kimi birlikdə gedəcək və ölkəmizə arzuladığımız işıqlı günləri gətirəcəyik.
Bir daha Sizə cansağlığı, uzun ömür, ailə səadəti arzulayıram. Dostlarınız və doğmalarınızla birlikdə arzuladığınız işıqlı ölkədə yeni yubileylərinizi qeyd etmək nəsibiniz olsun!