Liviya diktatoru Qəzzafinin ölümü üzərinə çox yorumlar edilir, onun əzabla və qəddarcasına öldürülməsinə təpki verənlər, hətta bu qəddarlığı edənlərin demokratik ölkə quracaqlarına şübhəylə yanaşanlar da var… Bunu dinin üzərinə qoyub müsəlmanların barbar olduğunu dilə gətirənlərsə hətta Qəzaffinin öldürülməsini dini baxımdan izah edib fikirlərini də onunla əsaslandırmaq istəyirlər ki, xristianlar daha mərhəmətlidir.
Təbii ki, Qəzaffinin o şəkildə öldürülməsinə sakit tamaşa etmək mümkün deyildi və din, insan, bölgə ayrımçılığı etmədən bu kadrlara baxa bilmədim. Çünki bu, ümumən insanlığın hansı nöqtədə olduğunu göstərirdi. Amma insanlığın ölməsindən, kiminsə barbar olmasından bəhs etsək insanlığın məhz bir neçə gün öncə Qəzaffinin öldürülməsi ilə qətl edildiyini düşünmək sadəlövhlük olardı.
Birincisi, Qəzzafi illərdi və ən nəhayət, aylardı ki, öz ölümünün məhz belə olması üçün dayanmadan vətəndaşının qəzəbini itiləyirdi.
Məsələyə insanlıq və dini baxımdan yanaşsaq yenə də insanlığın bir zalım diktatora görə öldüyünü demək, ya da buna görə Liviya xalqını barbar adlandırmaq mümkün deyil. Çünki biz insanlığın tarixinə baxanda əslində bu tarixin daha çox müharibələrin tarixi olduğunu görürük və bu gün “mədəni xalqlar” dediyimiz xalqların tarix səhifələrində hansı vəhşətləri törətdiyi kimsədən gizli deyil.
Yaxınlarda Polşaya səfər edən tanışlarımdan biri oradakı faşist cəza düşərgələrini gəzmişdi və deyirdi ki, ordan çıxanda gördüklərinə dözə bilməyib halı pisləşənlər də olur. Fəlsəfənin beşiyi olan Almaniyanı faşizm məhz bu dəhşətləri törədə biləcək qədər itiləmişdi.
Yaxud sırf dini baxımdan yanaşsaq inkivizisiya tonqallarının tüğyanını xatırlamaq yetərlidir, məncə… Tarixin Varfolemey gecəsi, insan dərisindən ayaqqabı, çanta tikmək, qan kolbasası hazırlamaq, insan piyindən sabun hazırlamaq kimi tükürpədici faktları var və əgər biz bunlara ilişib qalsaq, onda bugünkü Avropanı barbarlıqda rahatlıqla günahlandıra bilərik.
Ya da Isa peyğəmbərin müdhiş məşəqqətini xatırlasaq peyğəmbər öldürməkdən belə çəkinməyənlərin bir vəhşi olduğunu düşünə bilərik.
Bəziləri hətta irəli gedib Şərq xalqlarının Qərb xalqlarından aşağı olduğunu deyir. Eləsə demokratiyanın beşiyi sayılan ABŞ-ın son dövrlər Iraq müharibəsində terrorçu adıyla adamları saxladığı Quantanamo düşərgəsindəki dəhşətləri xatırlayaq. Mən Türkiyə kanallarından birində terrorla heç bir əlaqəsi olmayan, Iraqa dostunun toyuna gedib orda terrorçu kimi tutulub adı çəkilən düşərgədə işgəncələrə məruz qalan bir gəncin danışdıqlarını dinləmiş, dəhşətə gəlmişdim. Yaxud Iraqda Abu-Qreyv həbsxanasındakı hadisələr yəqin ki, heç kimin yadından çıxmayıb. Amma bunlara görə Amerika xalqının barbar olduğunu düşünmədim. Bu, müharibə və terroru özünə təhdid kimi görən insanların qəzəbi idi.
Düzdür, qəzəbi kontrol edə bilmək çox gözəl hərəkətdir və mən də Liviya xalqının öz qəzəbini kontrol edə bilməsini istərdim, amma edə bilməyibsə, buna görə bir xalqı barabar adlandırmaq olmaz…
Qəzzafiyə rəhmi gələnlər, ya da Liviya, bütünlükdə şərq xalqlarının barbar olduğunu deyib sanki bununla özünü ümumən şərq insanı olmaqdan çıxarıb daha yuxarılara daşımaq istəyənlər görəsən öz ölkəsində baş verənlərə, barbar siyasətin ucbatından məhv olan talelərin acısına niyə bu qədər “loyaldır?”! Qəzzafiyə rəhmi gələnlər görəsən yaşadığı ölkədə indi neçə siyasi dustağın olduğunu bilirmi, görəsən Tural Abbaslının evinin yandırılmasından xəbəri varmı? Varsa da Liviyadakı barbarlığın əleyhinə çıxırsa, buna niyə susur?! Təbii, Liviya xalqını aşağılamaq üçün cəsarət tələb olunmur, amma burdakı barbar siyasətə qarşı çıxmaq cəsarət tələb edir.
Ya da Vidadi Isgəndərlini bit-birəli kameraya saldırıb diri-diri, az qala həşəratlara yedirən bir iqtidarın əməllərinə dözmək necə, bu barbarlığı paylaşmaq deyil?!