Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsinə təyin ediləndə bunun səhv olduğunu və nələrə gətirib çıxaracağını dedik. Bu da fakt! Bu faktın sübutu isə bizim indiki günlərdə hamının gözü qarşısında cərəyan edir.
Qənimət Zahid
Şən və nikbin kadr islahatı
“Azadlıq” qəzeti, 27 iyul 2004-cü il
Ötən həftənin beşinci günü Azərbaycan ictimaiyyətinin anlaşılmazlıqla qarşıladığı bir xəbər MTN-ə şok yaşatdı. Təbii ki, söhbət milli təhlükəsizlik nazirinin dəyişdirilməsindən gedir.İlham Əliyev hökumətində saray intriqalarının səviyyəsi və motivləri haqqında məlumatlar çox yayılır. Bu proseslərlə maraqlanan adamların hamısı bu gün-sabah daha kiminsə vəzifədən çıxarılacağı, yerinə kiminsə gətiriləcəyi barədə proqnozlar verməklə məşğuldur.
Hər dəfə də gözlənilməz kadr təyinatları barədə xəbər yayılır. Məsələn, bir qədər əvvəl xarici işlər naziri Vilayət Quliyevin yerinə Elmar Məmmədyarovun təyin edilməsi bu cür xəbərlərdən biri olmuşdu. Ucqar və ya xırda rayonlara icra başçılarının təyin edilməsi də eyni anlaşılmazlıqla qarşılanardı, əgər bu təyinatlar lokal əhəmiyyət daşımasaydı.
Amma milli təhlükəsizlik naziri Namiq Abbasovun qəflətən işdən çıxarılması, onun yerinə bu sistemə heç bir dəxli olmayan polis zabitinin təyin edilməsi isə çox gözlənilməz oldu.
Milli Təhlükəsizlik Nazirliyinin zabit heyəti Eldar Mahmudovun nazir vəzifəsinə təyin edilməsini açıq-aşkar sabotaj kimi qarşılayır. Orada belə təsəvvür edirlər ki, əgər MTN-in işini iflic etmək üçün başqa vasitələr tapılmırdısa, onda bu, ən uğurlu vasitədir. Hətta MTN-in yuxarı eşelonunda lətifəyə bənzər bir məsəl də çəkilir; “Bu xidmətə polisdən yalnız bir dəfə rəhbər gətirilib: SSRİ dağılan ərəfədə Rusiyanın təhlükəsizlik naziri Barannikov milisdən gətirilmişdi”.
Nədən ictimai fikir, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Eldar Mahmudovun bu nazirliyə rəhbər gətirilməsini anlaşılmazlıqla qarşılayır? Təkcə ona görəmi ki, o, polisdən gətirilib və xüsusi xidmət orqanlarının işi ilə bağlı heç bir təcrübəsi yoxdur? Yəqin ki, təkcə buna görə deyil.
Bu anlaşılmazlığı təsəvvür etmək üçün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin yerinə yetirdiyi və ya öhdəsinə düşən bir sıra mühüm işləri xatırlamaq lazımdır.
Milli təhlükəsizliyin ağır və ağrılı nöqtələri
Azərbaycan Rusiya və İranla həmsərhəddir. Hər iki ölkənin xüsusi xidmət orqanları Azərbaycan daxilində həmişə ciddi işlər planlaşdırıblar. Bu, Azərbaycanın geosiyasi layihələrdə iştirakı ilə sıx bağlıdır. Eyni zamanda, Ermənistanla müharibə şəraitində olan Azərbaycan, həm də bu baxımdan hər iki ölkənin xüsusi xidmətlərinin diqqətini cəlb edir. Nəzərə almaq lazımdır ki, həm İran, həm də Rusiya Dağlıq Qarabağ probleminə Azərbaycanın əleyhinə istifadə edilməsi üçün ən real və əhəmiyyətli olan arqumentlərdən biri kimi yanaşır.
Elə buna görədir ki, Azərbaycan MTN-in son on il ərzindəki fəaliyyətinin əsas istiqamətini İran və Rusiya kəşfiyyatının Azərbaycan cəmiyyətində dərinləşməsinin qarşısını almaq və onların zərərsizləşdirilməsi təşkil edib. Bizim Namiq Abbasova münasibətimizdən asılı olmayaraq, bu, belə olub (Təsadüfi deyil ki, bəzi dairələrdə Abbasovun məhz bu ərəfədə işdən çıxarılmasını Bakıya səfəri gözlənilən İran prezidenti Məhəmməd Xatəmi üçün ən böyük hədiyyə kimi təsvir edənlər də var. Görünür, sabiq nazirin İran və İran kəşfiyyatı əleyhinə sərt bəyanatları buna əsas verir). Etiraf etmək lazımdır ki, müəyyən uğurlar da əldə edilib. 1994-95-ci illərdə Rusiya və İran kəşfiyyatının siyasi baxımdan fəallaşdırdığı qrupların ifşa edilməsi, onların rəhbərlərinin həbs edilməsi hələ də çoxlarının yadında olar.
Hər iki ölkənin kəşfiyyatı burada təkcə leqal siyasi qrupların fəaliyyətinin stimullaşdırılmasından yox, həm də etnik və başqa tipli separatizmin gücləndirilməsinə yönəlib və bu təhlükə hələ də gündəmdən çıxmayıb.
Azərbaycanın xüsusi xidmət orqanları bu problemlərlə həm dövlətin zəruri maraqları, həm də qoşulduğu beynəlxalq təhlükəsizlik məkanının tələbləri baxımından məşğul olmalı idi və söhbət Namiq Abbasovun və ya başqasının şəxsi keyfiyyətlərindən gedə bilməz.
Peşəkar diletantlıq
Buna görə də Azərbaycanın milli təhlükəsizlik xidmətinə elə şəxslər rəhbərlik etməlidir ki, onlar təkcə əməliyyat-kəşfiyyat işlərində təcrübəyə yox, həm də dərin politoloji savada malik olsunlar. Azərbaycan ictimaiyyətinin, eləcə də Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının tanımadığı Eldar Mahmudovun belə keyfiyyətləri olması barədə heç bir məlumat yoxdur. Əgər məlumatlar olsaydı, yuxarıda qeyd etdiyimiz kimi, MTN-in zabit korpusu xəbəri anlaşılmaz təəccüblə qarşılamazdı.
Eldar Mahmudovun peşəkar keyfiyyətlərinin olmaması həm də bir maraqlı nüansla təsdiq edilir. Yəni onun rəsmi təqdimatında çox xəsisliklə bir neçə cümlə işlədilir: filan ildə Bakıda doğulub, sonuncu dəfə DİN-in idarə rəisi işləyib. Vəssəlam. Görünür, onun bu vəzifəyə gətirilməsi o qədər sürətlə və o qədər düşünülməmiş həyata keçirilib ki, adamın tərcümeyi-halında bu qədər strateji bir vəzifədə işləmək üçün tələb olunan məlumatlar barədə düşünməyə vaxt olmayıb. Fərman verilib, baş nazir Artur Rəsizadə onu MTN-in kollegiyasına təqdim edib və çıxıb gedib. Ola bilər ki, təqdimat mərasimi də rus dilində aparılıb.
Namiq Abbasovun vurulma səbəbləri
Namiq Abbasovun vəzifədən uzaqlaşdırılması üçün səbəblər barədə müxtəlif versiyalar danışılır.
1. O, ağır şəkər xəstəsi olduğuna görə işdən kənarlaşdırılıb.
Versiya ağlabatan deyil. Hakimiyyət məmurlarının əksəriyyəti üçün şəkərli diabet adi xəstəliklərdən biri sayılır. Bu xəstəliyin ağırlığı barədə də bir söz demək çətindir. Çünki zahirən də ağır xəstəliyin əlamətləri müşahidə edilmirdi.
2. Namiq Abbasov MTN-dən daxili siyasətdəki rəqiblərə qarşı istifadə edilməsinə mane olurdu və bu nazirliyi yalnız öz profilinə uyğun şəkildə işlədirdi.
Bu versiyada müəyyən həqiqətlər olsa da, nazirin işdən çıxarılması üçün yetərli səbəb ola bilməz. İlk növbədə ona görə ki, Abbasov elə 10 ildir eyni üsullarla və eyni qayda ilə işləyirdi. Əgər onun fəaliyyəti, məsələn, daxili siyasi opponentlərlə daha amansız davranmağa öyrəşmiş Heydər Əliyevi qane edirdisə, indi ondan başqa cür işləməyin tələb olunduğunu güman etmək sadəlövhlük olardı.
3. Abbasov uzun illərdir onunla rəqabət aparan dövlət məmurlarının səyi ilə vəzifədən uzaqlaşdırılıb.
Bu versiyada həqiqət payının daha çox olduğunu güman etmək lazım gəlir. Artıq bir neçə ildir Namiq Abbasov, məsələn, Kəmaləddin Heydərov və Elman Qənbərov kimi dövlət məmurları ilə gərgin rəqabət şəraitindədir. Məşhur “Caspian Fish” olayı da hələ xatirələrdə təzədir. Təsadüfi deyil ki, artıq milli təhlükəsizlik nazirinin işdən çıxarıldığı gün hərbi əks-kəşfiyyatın şefi Elman Qənbərovun Bakının bahalı restoranlarının birində banket verdiyi barədə şayiələr də yayılmağa başlayıb.
Eyni zamanda, Heydər Əliyev Namiq Abbasovun rəqabət apardığı qrupa siyasi birləşmədən daha çox biznes strukturu kimi baxırdı, amma İlham Əliyev üçün həmin qrup siyasi menecment qrupuna bənzər bir mərkəzdir. Üstəlik, bu qrupun ayrı-ayrı üzvlərini gənc Əliyevlər ailəsi yanında xüsusi imtiyaz sahibi kimi təqdim edən xəbərlər də var.
Siyasi irsiyyət pozulurmu?
Dövlət hakimiyyəti vəzifələrinə rusdillilərin təyin edilməsinin Azərbaycanda artıq bir tendensiyaya çevrildiyini nəzərə almasaq da, son təyinat bəzi siyasi nəticələr çıxarmağa imkan yaradır:
– Azərbaycanda hakim klan qabığını dəyişir; Əliyevlərin əzəmətli klanı dağılır və 70-ci illərin rusdilli orta məktəb şagirdləri hakimiyyətə gəlir;
– yeni formalaşdırılan hökumət mütəxəssislərin və peşəkarların deyil, şən həyata öyrəşmiş, rus dilini əla, Azərbaycan və ingilis dillərini isə alababat bilən “şəhər uşaqları”na həvalə edilir;
– hakimiyyətə nəzarət və kadr siyasəti Paşayevlərin imtiyazına çevrilir;
– hakim partiya əhəmiyyətsiz siyasi mutanta çevrilir və bu boyda partiyanın nəyə gərək olduğunu kəsdirə bilməyən qeyri-siyasi fiqurlar hakimiyyətə sahib olurlar;
– yeni səriştəsiz kadrlar rüşvətin və korrupsiyanın daha yüksək dalğasının yaranmasında ya maraqlıdırlar, ya da bunun qarşısını almaqda acizdirlər. Görünür, daha çox maraqlıdırlar. Çünki Heydər Əliyev hökuməti də hakimiyyət və rüşvət münasibətlərinin qırılmaz əlaqəsi fonunda mövcud idi. Yeri gəlmişkən, bu, siyasi irsiyyətin pozulmadığı tək göstəricidir…
Bəlkə elə buna görədir ki, korrupsiyada adı hallanmayan və ya ən az hallanan nazirliklərin rəhbərləri ilk növbədə vəzifələrindən uzaqlaşdırılırlar. Milli Təhlükəsizlik Nazirliyi kimi.