Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bir neçə gündən sonra keçiriləcək parlament seçkilərinin elliklə boykot olunması haqda facebook səhifəsində fikirlərini paylaşıb. G.Hacıbəyli Müsavat Partiyası və NİDA Hərəkatının bu seçkiyə münasibətdə gec də olsa, xalqın boykot mövqeyinə gəlməsini təqdir edib, eyni zamanda REAL Hərəkatının qərarının anlaşılmazlığına diqqət yönəldib. O, yazır:
Bir-neçə gündən sonra Azərbaycanda parlament seçkiləridir. Bir aydan sonra heç kimin tanımayacağı parlamentə bir ay əvvəldən heç kimin tanımadığı seçkilər.
Bu seçkiləri Azərbaycanın daxil olduğu Avropa məkanının parlamenti – Avropa Parlamenti bir ay öncədən boykot edib. Nəinki boykot edib, hətta Avropa Birliyinə üzv dövlətlərə çağırış edib ki, Azərbaycanda keçiriləcək saxta seçkiləri müşahidə etməklə onu legitimləşdirmək cəhdlərindən imtina etsinlər. Bütün Avropa məkanında seçkiləri müşahidə və qiymətləndirmə mandatına sahib olan yeganə təşkilat – ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da ölkəmizdəki seçkilərdə məhdud səviyyəli müşahidədən imtina etməklə seçkilərin legitimliyini bəri başdan sual altına alıb. Ən önəmlisi isə Azərbaycan xalqı bu seçkiləri boykot edib. Seçki kampaniyası demək olar ki, yox səviyyəsindədir, minlərlə seçici sosial şəbəkələrdə seçkilərə təxminən “Seçki çoxdan olub da, qurtarıb da. Kimi istəyiblər seçiblər” şəklində münasibət bildirir. Azərbaycanın ən ciddi müxalifət platformu Milli Şura və bu platformun üzvü olan AXCP hələ seçkilər başlamamışdan öncə öz seçki şərtlərini bəyan edərək saxta seçkilərin legitimləşdirilməsində alət olmaqdan imtina etdi. Milli Şuranın imtinasının əsas arqumenti ölkədə 100 nəfərə yaxın siyasi və vicdan məhbusunun olmasıdır. Milli Şura öz bəyanatında, eyni zamanda, ədalətli və azad seçki mühitinin olmadığını və ATƏT-in müşahidə aparmamasını da seçkidə iştirakını mümkünsüz edən başlıca faktorlar sırasında vurğulamışdı. O zaman Milli Şuranın bu qərarını az qala milli və dövlətçilik maraqlarına xəyanət kimi qələmə verənlər az sonra bir-birindən anlaşılmaz və mənasız bəhanələrlə seçkidən imtina etdilər. Uzun müddət Milli Şuranı “səhv yolda” olmaqda suçlayanlar bu gün gec də olsa həmin o “səhv”, əslində isə yeganə düz yola gəlmək məcburiyyətində qaldılar. İstənilən halda, gecikmiş, faydası çox-çox azalmış olsa belə “Müsavat” partiyasının və N!DA hərəkatının seçkilərdən imtina qərarını alqışlayırıq. Hər halda, gec olmaq da, heç olmamaqdan yaxşıdır.
Məni heyrətə salan REAL-çı dostlarımın mövqeyidir. Necə yəni, seçkidə iştirak edirik, ancaq onun nəticələrini tanımayacağıq! Nəticələrini tanımayacağınız seçkidə iştirak etmək nə deməkdir? Bu, yəqin ki, REAL-ın dünya politologiya elminə yeni bir töhfəsi olacaq. REAL-çıların əsaslandırması sadədir: biz minlərlə insandan imza toplamışıq, seçkidən imtina bu insanlara qarşı hörmətsizlik olardı! İndi gəlin təsəvvür edək ki, bu hakimiyyət bir ağıllı iş gördü və iki nəfər REAL-çını parlamentə buraxdı. Bəs o zaman nə deyəcəksiniz? Nəticəsini tanımadığınız seçkilərin yalnız iki dairə üzrə nəticəsini tanıyacaqsınız? Yoxsa həmin şəxslər mandatdan imtina edəcəklər? Sizcə, evinə, ayağına getdiyiniz 450 seçicinin imzasını alandan sonra seçkidən imtina etmək seçiciyə daha böyük hörmətsizlikdir, yoxsa minlərlə seçicini öz ayağınıza- seçki məntəqələrinə gətirib sizə etimad göstərməyə – səs verməyə inandırandan sonra bunu etmək?! Məncə, yalnız ikinci halda seçiciyə hörmətsizlikdən danışmaq olar, çünki seçici özü də gözəl bilir ki, onlarla imza toplayan namizəddən yalnız biri seçilir. Məsələnin mənəvi tərəfi daha ağrılıdır. “Müsavat” partiyasında seçki tərəfdarları az deyildi. Ancaq Tofiq Yaqublu ilə Fərəc Kərimli həbsdən açıq və birmənalı boykot çağırışı edəndən dərhal sonra partiya toparlandı və qərarını elan etdi. Tofiq bəy və Fərəc bəy Müsavatın başqan müavinləridir, ancaq sizin sədrinizdir axı həbsdə! İlqar Məmmədov daha hansı mənəvi və fiziki işgəncələri yaşamalıdır ki, REAL adekvat qərarlar qəbul edə bilsin, qəbul etdikləri bu qərarın siyasi və mənəvi baxımdan nə qədər qeyri-ciddi olduğunu anlasın?! İndiki halda bu qərarın bircə adı var : “Kimi aldadırsan, ay zalım?!”. Və sonda. REAL hərəkatından ən çox seçilmək şansı Erkin Qədirlidə idi. Hakimiyyət bu gün də Erkin bəy kimi savadlı, səviyyəli bir hüquqşünası, dürüst bir insanı öz sıralarında görmək istəyər. Düşünürəm ki, Erkin bəyin fərdi qaydada seçkidən imtinasında da bu amil- onun seçilmək şanslarının kifayət qədər ciddi olması rol oynadı. Erkin bəyi bu addımı atmağa bircə faktor məcbur etdi: ləyaqət faktoru. Özümə də, REAL-çı dostlarıma da, elə hamıya da həmişə ləyaqətli seçim arzusu və sayğılarımla…