«Nə vaxta qədər xalq bir ailənin əsarəti altında olacaq?»
«Azərbaycan xalqı öz layiqli adamlarını demokratik yolla seçməyə hazır və layiqdir»
Ictimai Palatanın (IP) növbəti sessiyası ötən gün Müsavat partiyasının qərargahında keçirildi. Dünənki sessiyaya AXCP sədri, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli sədrlik edirdi. Sessiyanın gündəliyində ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycan hakimiyyətinin Avroatlantik ittifaqla münasibətləri, mediaya qarşı təzyiqlər kimi məsələlər var idi. Qaydalara uyğun olaraq, əvvəlcə Koordinasiya Şurasının üzvü Ədalət Yusifov sessiyalararası dövrdə qəbul edilən qərarlar və görülən işlər barədə iştirakçıları məlumatlandırdı.
“Avropaya inteqrasiyadan qaçmaq nadanlıqdır”
Ictimai-siyasi durumla bağlı isə ilk çıxışçı Koordinasiya Şurasının üzvü, Müsavat başqanı Isa Qəmbər oldu. Koordinasiya Şurasının hazırladığı və sessiya iştirakçılarına təqdim olunan sənədlərin (bəyanat layihələrinin) önəmini vurğulayan Isa Qəmbər Azərbaycan hakimiyyətinin avrointeqrasiyadan müxtəlif bəhanələrlə qaçmasını “nadanlıq” kimi dəyərləndirdi. Azərbaycanın inkişafının ölkənin Avropaya inteqrasiyasının səviyyəsindən birbaşa asılı olduğunu bildirən Müsavat başqanı, əvvəlcədən bu istiqamətdə fəaliyyət göstərən müstəqil QHT-ləri aktivləşməyə çağırdı.
Ilham Əliyev dərk etməlidir ki…
Ben Əli, Hüsnü Mübarək və Müəmmər Qəzzafinin aqibətinin diktatorların sonu ilə bağlı bütün dünyaya nümunə olduğunu vurğulayan Müsavat başqanı yada saldı ki, hələ 2009-cu ildə ABŞ prezidenti Baraq Obama süni şəkildə hakimiyyətini uzatmağa çalışanlarla terrorçuları azad dünya üçün təhlükə olmaq baxımından eyniləşdirmişdi. Bu isə açıq mesajdır və Ilham Əliyev də bu mesajları qəbul etməlidir: “Bu hadisələrdən nəticə çıxarılmalıdır. Dərk etmək lazımdır ki, xalqa qarşı düşmənçilik siyasətinin sonu yuxarıdakı nümunələrlə yekunlaşır. Amma bir başqa variant da var – sıfır varinatı, islahatlar variantı. Islahatlara başlasınlar”.
Isa Qəmbər Koordinasiya Şurasının hazırladığı bəyanat mətni barədə də məlumat verdi: “Hazırladığımız bəyanatda Ilham Əliyev və ətrafına təklif olunur ki, üçüncü dəfə prezidentlik iddialarından əl çəksinlər. Ailənin nəzarətində hakimiyyəti saxlamaq cəhdləri XXI əsrə layiq bir davranış deyil”.
Hakimiyyətə iki ay vaxt verildi
Isa Qəmbər dekabra qədərki müddətin Ictimai Palatanın fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunmasını təklif etdi. O dedi ki, bu dövrdə Ictimai Palatanın platformasının hazırlanması, nizamnamə, əsasnamə və protokollaşdırılmasının təkmilləşdirilməsi, Koordinasiya Şurasının yenidən seçilməsi kimi məsələlər həllini tapa bilər. Müsavat başqanının sözlərinə görə, hakimiyyət də bu müddətdə yaxşı düşünməli və islahatlara başlamaq üçün qarşıdakı 2 aydan fürsət kimi yararlanmalıdır: “Hakimiyyət də bu iki aydan istifadə edib islahatlara başlasın. Əgər bu iki ayda hakimiyyət Ictimai Palatanın təmkinli, məsuliyyətli yanaşmasının qədrini bilməyəcəksə, hesab edirəm ki, bu halda, artıq 2012-ci ilin əvvəlindən Ictimai Palata öz siyasətini dəqiqləşdirməli və daha birmənalı tələblərlə fəaliyyətini davam etdirməlidir.
Indinin özündə hakimiyyət çaşqınlıq içindədir. Dəyişən dünya bizə tam imkan verir ki, qısa müddətdə ölkədə əhval-ruhiyyəni dəyişərək, rejimin dəyişməsinə, azadlıqların, demokratiyanın bərqərar olmasına nail olaq”.
Müsavat başqanı Ictimai Palatanın 2 aprel mitinqinə görə məhkum olunanların mümkün qədər tez azadlığa çıxması üçün bütün istiqamətlərdə fəaliyyətin davam etdirilməli olduğunu vurğuladı: “Sözümüzü də deməliyik, kütləvi tədbirləri də davam etdirməliyik. Ən azı, Apelyasiya Məhkəməsinin qarşısında toplantılarmızı davam etdirməliyik. Həm cəmiyyətlə, həm də beynəlxalq birliklə silahdaşlarımızın tezliklə azadlığa çıxması üçün səylərimizi davam etdirməliyik”.
Hökumətin gənclər siyasətinə etiraz
Ictimai Palatanın üzvü, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı ictimai-siyasi vəziyyət barədə danışarkən hakimiyyətin gənclər siyasətini tənqid etdi. O bildirdi ki, oktyabrın 25-də Gənclər və Idman Nazirliyinin təşkilatçılığı iləÿkeçirilən VI Respublika Gənclər Forumunda yalnız Əliyev hakimiyyətini dəstəkləyən, büdcə təşkilatlarında çalışan gənclər iştirak edib. Demokratik düşərgədə təmsil olunan gənclər isə foruma dəvət almayıb: “Son üç ildə ali məktəbə sənəd verənlərin 50-60 faizinin 200 bal toplaya bilməməsi, gənclərin işsiz durumda olması, ordudakı özbaşınalıq üzündən təkcə bu ilin 9 ayı ərzində 80-ə yaxın əsgərin ölümü, xaricdə təhsil almağa qoyulan məhdudiyyətlər və gənclərin həyatındakı digər sosial-iqtisadi problemlər hakimiyyətin gəncliyin inkişafında maraqlı olmadığını göstərir”.
Hakimiyyətin gerçək niyyətinin “sözəbaxan”, itaətkar gənclik təbəqəsi yaratmağa xidmət etdiyini deyən Əbülfəz Qurbanlı bu siyasətə etiraz əlaməti olaraq hazırladıqları bəyanatı sessiya iştirakçılarına təqdim etdi.
“Xural” ətrafında baş verənlər diqqət mərkəzində…
“Xural” qəzeti ətrafında baş verənlər barədə isə Ictimai Palatanın üzvü, jurnalist Anar Mahmudoğlu danışdı. O bildirdi ki, qəzetə qarşı yönələn hərəkətlər siyasi qərəzin nəticəsi olmaqla, birbaşa hakimiyyətin yüksək dairələrinin sifarişilə bağlıdır. Anar Mahmudoğlunun sözlərinə görə, “Xural”ın baş redaktorunun həbsinin kökündə onun siyasi hakimiyyəti kəskin tənqid etməsi və hakimiyyətlə heç bir sövdələşməyə getməməsi dayanır.
Ilham Əliyevin istefası tələb olunmalıdır!
AXCP sədrinin müavini Asəf Quliyevin çıxışı isə Ictimai Palatanın siyasətində radikal kurs seçməsilə bağlı oldu. O, Ictimai Palatanın təbliğat işindən narazılığını bildirdi. Qeyd etdi ki, təbliğat zəifdir, geniş xalq kütlələrilə iş lazımınca qurulmayıb. AXCP yetkilisinin fikrincə, Ictimai Palata loyal kursdan imtina edərək, Ilham Əliyevin istefasını tələb etməlidir, fəaliyyətini bu istiqamətdə qurmalıdır.
Hakimiyyət nə etdiyini özü də bilmir
Ictimai Palatanın üzvü Pənah Hüseyn isə çıxışında dəyişikliklərin coğrafiyasının genişlənməsi və Azərbaycana yaxınlaşması barədə danışdı. “Xural”ın baş redaktoru Əvəz Zeynallının həbsi məsələsinə toxunan Pənah Hüseyn bunu dəyişikliklərin qorxusundan atılan addım kimi dəyərləndirdi: “Əvəzin həbsi hakimiyyətin zəifliyinin və artıq qorxuya düşdüyünün nəticəsidir. AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana buraxılmır. Bu, artıq hakimiyyətin nə etdiyini bilməməsinin göstəricisidir. Özlərini itirməkdədilər. Azərbaycanda dəyişiklik olacaq və bu dəyişikliyi Ictimai Palata həyata keçirəcək”.
Təkliflər
Ictimai Palatanın üzvləri Səxavət Əlisoy, Həsən Şıxəliyev, Yeganə Əmiraslanova, Fuad Qəhrəmanlı, Fəxrəddin Mehdiyev, Fəzli Mehdiyev, Şahmuraz Məmmədov, Nurəddin Məmmədli çıxışlarında Ictimai Palatanın fəaliyyətinin gücləndirilməsi üçün təkliflər irəli sürdülər. Hakimiyyətə qarşı radikal mübarizəyə başlamaq çağırışları edildi, mediaya basqılar, Naxçıvan Muxtar Respublikasındakı avtoritarizm tənqid olundu.
Bəyanatlar
Müzakirələr sessiyaya təqdim edilən bəyanat layihələrinin səsvermə yolu ilə təsdiqlənməsilə yekunlaşdı. Bu bəynatlar 2013-cü il prezident seçkiləri, Ictimai Palatanın 2 aprel aksiyasıyla əlaqədar həbs olunanların məhkəməsinin yekunları, Azərbaycan hökumətinin avrointeqrasiya siyasəti, VI Respublika Gənclər Forumu, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbsilə bağlı idi (bəyanatların tam mətni imzadan sonra).
Sülalə hakimiyyətinə “yox” deyirik!
Sessiya AXCP sədri Əli Kərimlinin çıxışıyla yekunlaşdı. Əvvəlcə “2 aprel” məhbusları barədə danışan AXCP sədri dedi ki, onların azadlığa çıxması istiqamətində tədbirlər Ictimai Palata üçün vacib olaraq qalır: “Biz bu istiqamətdə ən müxtəlif formada aksiyalarımızı davam etdirəcəyik. Məhbusların vəziyyətini gündəmdə saxlayacağıq”.
Əli Kərimli Ictimai Palatanın mətbuatın və gənclərin, eləcə də əhalinin bütün sosial qruplarının qarşılaşdıqları problemlərə diqqətlə yanaşacaqlarını bəyan etdi.
Ictimai Palatanın 2013-cü il prezident seçkisilə bağlı qəbul etdiyi bəyanatı “sıradan olmayan bəyanat” kimi dəyərləndirən AXCP sədri qeyd etdi ki, bu, bütün dünyada təəccüb və tənqid obyektinə çevrilən sülalə hakimiyyətlərinə, o cümlədən həmin sırada yer alan Əliyevlər hakimiyyətinə verilən qiymətdir: “Bu bəyanat təkcə Ilham Əliyevin 3-cü dəfə namizədliyinə qarşı deyil, bu, sülalə hakimiyyətinə qarşı olan bir sənəddir. Biz deyirik ki, artıq yetər! Biz deyirik ki, Azərbaycan xalqı öz layiqli adamlarını demokratik yolla seçməyə hazır və layiqdir. Axı nə vaxta qədər xalqımız bir ailənin əsarəti altında olacaq?”
Özünütənqid üçün təşəkkür, amma…
Sessiyada Ictimai Palatanın fəaliyyətilə bağlı tənqidi çıxışları müsbət hal kimi qiymətləndirən Əli Kərimli, bununla belə, tənqiddə ölçü qaçırmamağı da tövsiyə etdi. O dedi ki, Ictimai Palata üzvləri tənqidi məqamlarla yanaşı, öz üstünlüklərini də görməyi bacarmalıdır: “Müxalifət olaraq, ofislərdən məhrum olmuşuq, bizə yaxın biznes adamlarını incidirlər, regional təşkilatlanmağa imkan vermirlər. Bizə qarşı qaydasız döyüş aparırlar, ancaq bütün bunlara baxmayaraq, yenə də hakimiyyət bizimlə yarışmağa cürət etmir”.
Repressiyalar səmərəsizdir
“Hakimiyyətin apardığı heç bir repressiya, polis zorakılığı, həbslər Ictimai Palatanı bir addım da hədəflərindən döndərməyib. Biz mübarizəni davam etdirəcəyik”, – deyə AXCP sədri çıxışını yekunlaşdırdı.
Natiq
İctimai Palatanın 2 aprel dinc etiraz aksi yası ilə əlaqədar həbs olunanların məhkəməsinin yekunları ilə bağlı bəyanatı
İctimai Palatanın qərarı ilə 02 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 14 nəfərə qarşı heç bir hüquqi əsas olmadan qondarma cinayət işi açılıb.
Məhkəmələrin gedişi zamanı müqəssir hesab edilən şəxslərin sərbəst ifadələri, onların və vəkillərin məhkəmədə etdikləri son çıxışları qaldırılan cinayət işinin tamamilə saxta olduğunu, istintaqın heç bir real fakta sahib olmadığını və bu işin siyasi sifariş olduğunu bir daha təsdiq etdi. Zərərçəkənlərin öyrədilmiş və ya bu işə məcbur edilmiş şəxslərdən, ittiham tərəfinin şahidlərinin isə əsasən hüquq-mühafizə orqanlarının işçilərindən və ya onların agentura şəbəkəsindən ibarət olduğu sübut olundu.
Məhbusların və onların vəkillərinin təqdim etdiyi təkzibedilməz faktlar əsasında məhkəmələrdə araşdırılan cinayət işinin saxta olduğunun sübuta yetirilməsi, vəkillərin qaldırdıqları qanunauyğun vəsatətlərin heç bir qanuni əsas göstərilmədən, bəzən isə vəsatətlər oxunmadan hakimlər tərəfindən bir qayda olaraq təmin edilməməsi, məhkəmələrin kiçik iclas zallarında yarımqapalı şəraitdə keçirilməsi, zərərçəkənlərin və şahidlərin təqsirləndirilən şəxslərə qarşı kobudluqlarının hakimlər tərəfindən qarşısının alınmaması, dövlət ittihamçısının vəkillərin verdiyi sualları heç bir əsas olmadan çıxarılmasını tələb etməsi və hakimin buna sözsüz əməl etməsi, vəkillər Xalid Bağırov və Elçin Namazovun absurd bəhanələrlər vəkillikdən kənar edilməsi bu işin siyasi sifariş olduğunu bir daha təsdiq etdi.
Artıq Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Nəsimi rayon məhkəməsinin çıxardığı hökmə əsasən Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il və Elnur Məcidli 2 il, Göyçay rayon məhkəməsinin çıxardığı hökmə əsasən Vidadi İsgəndərli 3 il azadlıqdan məhrum ediliblər. Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Fuad Qəhrəmanlı 2 il şərti cəzaya məhkum edilib.
02 aprel mitinqinə hazırlığı pozmaq məqsədilə şərlənərək həbs olunan Şahin Həsənli qanunsuz silah saxlamaq ittihamı ilə avqust ayında Şəmkir rayon məhkəməsinin çıxardığı hökmə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilib.
Arif Alışlı, Elnur İsrəfilov, Sahib Kərimov, Elşən Həsənov, Babək Həsənov, Zülfüqar Eyvazlı və Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb, 6 nəfərin hökmü eynilə saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.
Bu qanunsuz, ədalətsiz hökm ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların dərhal azad edilməsini tələb edilir.
Məhkəmə prosesləri zamanı bir daha təsdiq olundu ki, bu proses mürtəce rejimlə barışmayan, ölkədə demokratik cəmiyyət qururlması uğrunda dinc mübarizə aparan günahsız insanların cəzalandırılması prosesindən başqa bir şey deyil.
Bu hal “Eurovizion” mahnı müsabiqəsini keçirməyə hazırlaşan və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən 10 ölkədən biri olan Azərbaycan Respublikasının imicinə qara ləkədir.
İctimai Palata azadlıqsevər hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız ittiham olunan dönməz mübarizləri – vicdan məhbuslarını ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır.
İctimai Palata qaldırılmış cinayət işlərinin məhkəmədə baxılması zamanı yol verilən qanun pozuntularını, dövlət ittihamçılarının və hakimlərin real faktlara yox, aldığı siyasi sifarişə görə çıxardığı qərarı ölkədə qanunların aliliyinə əməl olunmadığını, hüquq-mühafizə orqanlarının və məhkəmələrin sifarişlər əsasında qərarlar verdiyini, ölkənin imicinə sayğısızlıq kimi qiymətləndirir və iqtidardan ölkə qanunlarına və imzaladığı beynəlxalq Konvensiyaların tələblərinə əməl etməyi tələb edir.
2003-cü il 16 oktyabr hadisələrindən sonra qeyri-qanuni olaraq həbs edilmiş Müsavat Partiyası icra aparatının rəhbəri, istiqlalçı millət vəkili Arif Hacılı və digər şəxslərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin bugünlərdə qəbul olunan qərarı bir daha Azərbaycan hüquq-mühafizə orqanları və məhkəmələrinin qanunun aliliyinə əməl etməməsinin bariz nümunəsidir. 02 aprel aksiyası ilə bağlı keçirilən məhkəmələrin cıxardığı qeyri-qanuni qərarların aqibətinin də belə olacağı şübhə doğurmur.
Ən yeni tarix dönə-dönə sübut etdi ki, sonunda diktatorlar, mürtəce avtoritar rejimlər məğlub olurlar, azadlıq uğrunda mübarizəyə qalxmış xalqa qalib gəlmək mümkün deyil. İctimai Palata bir daha hakimiyyətə müraciət edərək onu, özünün qanunsuz və ədalətsiz hərəkətləri haqqında ciddi düşünməyə, dünyada gedən inqilabi demokratik prosesləri götür-qoy etməyə və günahsız insanları dərhal azad etməyə çağırır.
29 oktyabr 2011”.
***
İctimai Palatanın 2013-cü il prezident seçkiləri ilə bağlı bəyanatı
İctimai Palata ölkədə siyasi islahatların sarsıntısız və sivil formada həyata keçməsini mümkün edəcək mühitin yaradılması üçün hazırlayıb iqtidara təqdim etdiyi “Demokratiyaya Keçidin Yol Xəritəsi”ndə 2013-cü il növbəti prezident seçkilərinə qədər Konstitusiyada dəyişiklik edilərək bir nəfərin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran normanın bərpasını irəli sürmüşdü.
Bu zaman nəzərə alınıb ki, hətta vətəndaşın öz siyasi iradəsini ifadə etməsi, hakimiyyətin seçkilər yolu ilə dəyişməsi üçün hər cür şəraitin mövcud olduğu, hüquq dövləti, vətəndaş cəmiyyətinin, müstəqil məhkəmə sisteminin formalaşmasının başa çatdığı ən inkişaf etmiş demokratik ölkələrdə də bu norma bir və ya bir qrup şəxs tərəfindən hakimiyyəti uzurpasiyasa olunaraq mənimsənilməsinin, antidemokratik tendensiyaların meydana gəlməsinin, avtoritar rejimlərin yaranmasının təhlükəsinin qarşısının alınmasının ən vacib vasitələrindən və təminatlarından biri kimi aktuallığını saxlayır və zəruri sayılır.
Hələ inkişaf etməkdə olan demokratiya mərhələsini yaşayan dövlətlərdə, cəmiyyətlərdə isə bu qayda həyati əhəmiyyət kəsb edir. Hakimiyyətin formal seçki proseduralarına əməl edilsə belə, qeyri-məhdud müddətdə bir şəxsin və ya bir ailənin əlində qalmasının xalqlara və dövlətlərə hansı bəlalara və faciələrə səbəb olduğu yaşadığımız günlərdə Tunisdə, Misirdə, Yəməndə, Liviyada, Suriyada və analoji ölkələrdə əyani şəkildə görünməkdədir.
Bir şəxsin iki dəfədən artıq təkrar prezident seçilməsinə məhdudiyyət qaydası bu normanın yazılı qanunlarda olub-olmamasından asılı olmayaraq çağdaş siyasi mədəniyyətlərdə imperativ ictimai əxlaq göstəricilərindən biri hesab edilir.
2009-cu ildə xalqın və vətəndaşların öz iradəsini azad şəkildə ifadə olunma imkanının olmadığı və nəticələrinin saxtalaşdırıldığı referendum vasitəsilə bu normanın Azərbaycan Konstitusiyasından çıxarılması xüsusən son illərdə sürətlənmiş antidemokratik proseslərin ən ciddi irtica hadisəsi oldu. Ölkənin demokratik ictimaiyyətinin mütləq əksəriyyətinin qarşı çıxdığı, Azərbaycanda respublika quruluşununun əsaslarını təhdid altına salan, ölkənin demokratik perspektivini ləğv edən, ailə-sülalə hakimiyyətinin yaradılmasını nəzərdə tutan bu dəyişiklik faktiki olaraq Konstitusiya çevrilişi idi və onun nəticələrinin yaratdığı təhlükələr indiki şəraitdə daha da artmışdır.
Odur ki, İctimai Palatanın təklif etdiyi Konstitusiya islahatı real olaraq indiki dövlət başçısının 2013-cü ilə qədər tutduğu vəzifədə qalmasını ehtiva etməklə onun 2013-cü ildə prezident seçkilərində bir daha namizədliyinin irəli sürülməməsi tələbini əks etdirirdi.
İctimai Palata bildirir ki, bu məsələyə məsuliyyətlə yanaşıb, götür-qoy etmək və düzgün mövqe müəyyənləşdirmək üçün şanslar və vaxt limiti hələ sona qədər tükənməmişdir. Eyni zamanda YAP rəhbərliyi tərəfindən İlham Əliyevin 2013-cü ildə yenidən və 3-cü dəfə prezidentliyə namizəd göstəriləcəyi barədə siyasi açıqlamalar səslənməyə başlamışdır ki, bu, diqqətdən kənarda qala bilməz. Bu məzmunlu bəyanatlar iqtidarın real siyasi islahatlara getməyə meylli olmadığını göstərir ki, bu da müxalifət və demokratik qüvvələrin öz taktikalarında və hədəflərində düzəlişlər zəruri edir.
İctimai Palata hesab edir ki, 2013-cü ildə hazırkı dövlət başçısı İ.Əliyevin artıq iki müddətdə fasiləsiz olaraq bu vəzifədə olduğuna görə Konstitusiyaya dəyişiklik edilərək məhdudlaşdırıcı normanın bərpa edilməsini gözləmədən də addımlar atılmalıdır.
İctimai Palata bu məsələdə əsas məsuliyyətin dövlət başçısı İlham Əliyevin özünün üzərinə düşdüyünü qeyd edir və onu siyasi iradə ortaya qoyaraq 2013-cü ildə prezident seçkilərinə iştirak etməyəcəyi barədə bəyanat verməyə çağırır.
İctimai Palata bəyan edir ki, bu tələblə mövcud qanunlara zidd olmayan bütün fəaliyyət formalarından istifadə edərək xüsusi tədbirlər həyata keçirəcəkdir.
29 oktyabr 2011”.
***
İctimai Palatanın Azərbaycan hökumətinin Avrointeqrasiya siyasətinə dair bəyanatı
Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdən biri kimi tələb olunan inteqrasiya fəaliyyətində geri qalır və bu, İctimai Palatanı ciddi şəkildə narahat edir. Belə ki, Azərbaycan Avropa İttifaqının hazırda Şərq Tərəfdaşlığı proqramı üzrə əməkdaşlıq etdiyi 5 ölkə içərisində (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova) əməkdaşlıq səviyyəsinə görə sonuncu yeri tutur. İctimai Palata bunu Azərbaycan hakimiyyətinin məqsədyönlü siyasətinin nəticəsi sayır və qətiyyətlə pisləyir.
Azərbaycan hakimiyyəti özünün avtoritar və korrupsiyaçı xarakterindən irəli gələn maraqları naminə Avropa İttifaqına inteqrasiya proqramını sabotaj etməklə məşğuldur. Hakimiyyət Dünya Ticarət Təşkilatına üzv olmamaqla Avropa İttifaqına inteqrasiya istiqamətində iqtisadi tədbirlərin qarşısını tamamilə alıb. Bu hərəkətsizlik Azərbaycan hakimiyyətinin başında duranların ölkə iqtisadiyyatı üzərində nəzarətsiz hökmranlıq imkanlarını qoruya bilmək niyyətilə bağlıdır. Azərbaycanda dövlət məmurları və vəzifəliləri ictimai vəsaitlərin mənimsənilməsi hesabına oliqarxlara çevriliblər və iqtisadiyyatın bütün sahələrini öz aralarında bölüşdürməklə inhisara alıblar. Dünya Ticarət Təşkilatına üzvlük və Avropa İttifaqına iqtisadi inteqrasiya bu vəziyyətin dəyişməsi demək olardı və məhz buna görə də bu istiqamətdə nəzərda tutulan tədbirlərdən dövlət səviyyəsində qeyri-rəsmi şəkildə imtina olunub.
Azərbaycan hakimiyyəti siyasi planda da Avropa İttifaqına intqerasiyaya maraq göstərmir. İnsan haqları və siyasi azadlıqlar, müstəqil medianın inkişafı, nəhayət, azad və ədalətli seçkilər Avrointeqrasiyanın tələb etdiyi ən vacib şərtlərdir. Azərbaycan rəhbərliyi isə, başda ölkə prezidenti İlham Əliyev olmaqla, bütün bunları özünün legitim olmayan hakimiyyəti üçün təhlükə hesab edir. Ona görə də Şərq Tərəfdaşlığı proqramından irəli gələn siyasi tədbirləri də ya həddən artıq ləng həyata keçirir, ya da ümumiyyətlə icra etməkdən yayınır.
İctimai Palata bəyan edir ki, Azərbaycan hakimiyyətinin izlədiyi bu siyasət artıq Şərqi Avropa coğrafiyasına daxil olmuş dövlətimizin imicinə ciddi zərbə vurur və Azərbaycan xalqının maraqlarını tapdalayır. Hazırkı iqtidar özünü Avropa İttifaqına intqerasiyanın tələb etdiyi yüksək standartlara uyğunlaşdıra bilmirsə hakimiyyətdən əl çəkmək barədə düşünməli, dövlətin və millətin mənafeyini özünün cılız maraqlarına qurban verməyə səy göstərməməlidir.
İctimai Palata hakimiyyəti Şərq Tərəfdaşlığı proqramının sabotajına son qoymağa, fəal Avrointeqrasiya siyasətinə başlamağa səsləyir. İctimai Palata bəyan edir ki, Avropa İttifaqına sıx inteqrasiya, gələcəkdə bu İttifaqın layiqli üzvlərindən biri olmaq, mütərəqqi Avropa ailəsinə qoşulmaq Azərbaycan xalqının qəti iradəsidir. Bu iradəyə qarşı çıxmaq heç bir yaxşı perspektiv vəd edə bilməz. Xalq öz iradəsini mütləq həyata keçirəcək.
29 oktyabr 2011”.
***
İctimai Palatanın VI Respublika Gənclər Forumu ilə bağlı bəyanatı
Oktyabrın 25-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə VI Respublika Gənclər Forumu keçirlib. Ümumazərbaycan gəncliyi adından keçirilən tədbirin iştirakçıları yalnız Əliyev hakimiyyətini dəstəkləyən, büdcə təşkilatlarında çalışan gənclər olub və demokratik düşərgədə təmsil olunan gənclər foruma dəvət almayıb.
Son üç il ali məktəbə sənəd verənlərin 50-60 faizinin 200 bal toplaya bilməməsi, gənclərin işsiz durumda olması, ordudakı özbaşınalıq üzündən bu il ərzində səksənə yaxın əsgərin ölümü, xaricdə təhsil almağa qoyulan məhdudiyyətlər və gənclərin həyatındakı başqa sosial-iqtisadi problemlər hakimiyyətin gəncliyin inkişafında maraqlı olmadığını göstərir.
Hakimiyyətin mövqeyini ifadə edən gənclər təşkilatlarının fəaliyyəti üçün geniş imkanlar yaradıldığı halda, demokratik düşərgədəki gənclər təşkilatlarının fəaliyyəti məqsədli şəkildə məhdudlaşıdırılb, dinc aksiya və tədbirlər polis zorakılığı ilə dağıdılıb. 2005-ci ildən bu tərəfə yüzlərlə gənc müxtəlif formada təzyiqlərə məruz qalıb, onlarla gənc siyasi-ictimai fəaliyyətinə görə qondarma ittihamlarla həbsə atılıb. Hazırda ölkənin tanınmış doqquz gənc siyasi fəalı həbsdədir. Ölkə başçısının təsdiq etdiyi iki Dövlət Gənclər Proqramı (2005-2009 və 2011-2015-ci illər proqramı) bütövlükdə Azərbaycan gəncinin istəklərini əhatə etməyib. Əsasən, ideoloji xarakterli olan bu proqramlarda “Heydər Əliyev irsinin öyrənilməsi” kimi istiqamətlərin varlığı göstərir ki, bu proqramlar heç də hər bir azərbaycanlı gəncə yox, azsaylı hədəf qrupuna ünvanlanıb. Üstəlik, bu ilin avqustunda AXCP Gənclər Komitəsinin 2005-2009-cu illərdə icrası nəzərdə tutulmuş Dövlət Gənclər Proqramının nəticələri ilə bağlı Gənclər və İdman Nazirliyinə ünvanladığı informasiya sorğusunun, Müsavat Partiyası Gənclər Təşkilatının və eləcə də müstəqil gənclər təşkilatlarının dövlət orqanlarına ünvanladıqları sorğu və təkliflərin cavablandırılmaması proqramın tətbiqi ilə bağlı əsaslı şübhələr yaradır.
Beləliklə, ölkə gəncliyinin hazırkı durumu VI Respublika Gənclər Forumunda “ötən dövrdə gənclərlə iş sahəsində dövlət tərəfindən həyata keçirilən işin müsbət qiymətləndirilməsini” ifadə edən on bir bəndddən ibarət qərarın reallığı əks etdirmədiyini aydınlaşdırır. Belə olan halda hakimiyyət tərəfdən təmin olunan və büdcə təşkilatlarında çalışan gənclər hesabına təşkil olunan forum 2 milyondan çox azərbaycanlı gənclərin mövqeyini ifadə etmir.
İctimai Palata bu Forumun məqsədinin gənclərin azad və rahat yaşaması yox, kiçik bir azlığın inzibati resurslarla birləşdirilməsi yolu ilə hakimiyyətin gənclərə qayğısı görüntüsünü yaratdığını bəyan edərək, belə forumların ölkədə fəaliyyət göstərən siyasi partiyaların və müstəqil gənclər təşkilatlarının üzvlərinin birgə iştirakı ilə keçirməli olduğunu zəruri hesab edir.
29 oktyabr 2011”.
***
İctimai Palatanın “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbs olunması ilə bağlı bəyanatı
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Buna səbəb kimi millət vəkili Gülər Əhmədovanın “Əvəz Zeynallı haqqında neqativ materialların dərc olunmaması ücün məndən 10 min manat pul istədi” iddiası göstərilib.
İctimai Palata bu absurd iddia ilə baş redaktorun həbsini əsssasız hesab edir və bunu son dövrdə hakimiyyətdəki vəzifəli şəxslərə qarşı qəzetdə dərc olunan tənqidi və ifşaedici materialların, o cümlədən Əvəz Zeynallının yazıb dərc etdirdiyi materiallarla bağlı olduğuna əmin olduğunu bildirir. Belə ki, son dövrdə Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin və bir sıra məmurların qəzetə qarşı məhkəmə iddiaları əsasında qəzetin əmlakı müsadirə edilmiş və Ədliyyə Nazirliyi Əvəz Zeynallıya qarşı cinayət işi qaldırmışdı. Bütün bu məsələlər, həmçinin Gülər Əhmədovanın iddia ərizəsinin eyni vaxtda, 19-20 oktyabrda baş verməsi diqqəti cəlb edir. Məhz bu ərəfədə dövlət başçısı İlham Əliyev əleyhinə kəskin tənqidi yazılar qəzetdə dərc olıunmuşdu.
İctimai Palata Əvəz Zeynallının həbsini söz və mətbuat azadlığına qarşı kobud repressiya aktı kimi pisləyir və onun dərhal azad olunmasını tələb edir.
29 oktyabr 2011”.