xanbahadir@mail.ru
H.Cavid prospekti ilə N.Nərimanov prospekti arasında 50 metrlik bir yol var. Bugünlərdə o yolun asfaltı yeniləndi. Dövlət başçısı I.Əliyev o yolun açılışını etdi – qırmızı lent kəsməklə. Az aralıda durmuş Bakı başqanı H.Abutalıbovla Yasamal rayon başqanı Ibrahim Mehdiyev 50 metrlik yolun açılışını edən dövlət başçısını əllərini göyə qaldırmaqla alqışlayırdılar. Bu, onların yüksək görəvləri ilə bir araya sığmayan çobansayağı alqışlama idi, başqa cür desək, yaltaqcasına alışlama!
H.Abutalıbov bəllidir. I.Mehdiyaev Yeni Yasamal başda olmaqla Yasamal rayonunu tin-bucaqlarınadək satmaqla yaşıllıqları, indi bu rayonda az-az qalan ağaclıqları yox edən birisidir. Mən I.Əliyevin “ağac qıranları qıracam” çıxışından ilhamlanaraq I.Mehdiyevin törətdiyi ağac qırğınları ilə bağlı dönə-dönə yazmışam – istər “Azadlıq”da, istərsə də Feysbukda. Illərlə baş verənlərdən indi anlamışam: I.Əliyev o sayaq çıxışlarla xalqı aldadır. Görünür, o sayaq çıxışlar gerçəkdən hansısa qanunsuzluqların qarşısını almaq üçün deyil, hansısa STAVKANI qaldırmaq üçündür! Bugünlər sahibkarlıqla bağlı baş verənlər kimi…
Bizim illərlə bilib yazdıqlarımız bir yana, indi ortaya çıxan çoxsaylı faktlardan da göründüyü kimi, sahibkarlar özləri, eləcə də MTN-in tutub incitdiyi, öldürdüyü sahibkarların yaxınları illərdən bəri prezident, Prezident Administrasiyası başda olmaqla bir çox dövlət qurumlarına, dövlətin başında duranlara gileylərdə bulunublar. Ancaq, illər uzunu onları adam yerinə qoyub gileylərini dinləyən, gileylərinə baxan olmayıb. Nə üçün? Dövlət qanunları – dövlət mexanizmi işləmədiyi üçün! Bu isə faktiki olaraq bizim Konstitusiya normalarının ayaq altına atıldığı mafiya dövlətində yaşadığımızın, daha doğrusu, bütünlüklə hüquqsuz durum içində kimlər üçünsə ÖLÜ CANLARA çevrilməyimizin göstəricisidir.
Bugünlər etdiyi bir çıxışda I.Əliyev deyir: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edir”. Belə olsaydı, nə vardı: biznesə xəyanət edən bir neçə, deyək, bir qrup banditi indi MTN-lə bağlı edildiyi kimi tutub basardın gedər, bununla da biznesə xəyanətin qarşısı alınardı. Ancaq, indilikdə MTN-ni başdan ayağa, bütünlüklə, 78 milyon manata (38 milyon manat bir, üstündən 40 milyon manat da bir!) təmir edilən o yekə binası ilə birgə tutub damlasan da, ölkədə sözügedən biznes xəyanətinə də, başqa bu tipli dövlət-hüquq xəyanətlərinə də son qoyulmayacaq. Baxın, ermənilərin Qarabağda törətdikləri cinayətləri – terror, soyğunçuluq faktlarını Azərbaycanın MILLI TƏHLÜKƏSIZLIK NAZIRLIYI xalqımızla bağlı törədib. Birincisi, DIN, prezidentin Mühafizə xidməti adlanan qurum illər uzunu baş verən bu cinayətlərin qarşısını almağa borclu idi. Ikincisi, hüquqları pozulan yurddaşlar birinci sırada MƏHKƏMƏLƏRƏ üz tutmalı idilər. MTN illərlə oğurluq, soyğunçuluq, açıq terror cinayətləri törədib, bircə yurddaş belə məhkəməyə üz tutmayıb. Nə üçün? Məhkəmə-hüquq sistemi 22 illik hakimiyət boyunca rüşvət-korrupsiya içində bütünlüklə aşındırılmaqla Prezident Administrasiyasından asılı duruma salındığı üçün!
Budur, ölkədə “parlament seçkisi” adına böyük xəyanət baş verir: PA-da düzülüb-qoşulmuş sıralamaya uyğun olaraq rejim qulluqçusu kimi dəyərləndirilən kimsələrə mandat satılır. “Mandat satılır” demək yalnız pul verib mandat almaq deyil, bu eləcə də KORRUPSIONER rejim qulluqçusu olaraq dəyərləndirilib mandatlandırılma deməkdir. Bu baxımdan MM-in Təhlükəsizlik, müdafiə komitəsində yer tutan dəyişməz rejim deputatı Z.Orucun çağında susub, indi E.Mahmudovu cinayətkar sayması qanunauyğun görsənişdir. Z.Orucun, belələrinin yer tutduğu komitə MTN-də baş verən cinayət faktları ilə bağlı illər öncəsi səsini çıxarmalı idi. Susub, xalqdan deyil, korrupsioner-kriminal rejimdən səs aldığı üçün! Dövlət başçısının 50 metrlik yolun açılışını etməsinə gəlincə, bu, dövlət mexanizminin işləməməsi görsənişidir.