İlyas Əhmədovun Salyanda vətəndaşların 300 min manatını mənimsədiyi bildirilir
YAP-ın icra katibi, deputat Əli Əhmədovun qardaşı Ilyas Əhmədovun adı dələduzluq olayında hallandırılır. Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, Ilyas Əhmədov Salyan rayonunda 30-dan çox vətəndaşın pulunu mənimsəyib. Onun mənimsədiyi pulların toplam məbləği 300 min manata yaxındır. Pullar müxtəlif vədlərlə alınıb. Məsələn, Ilyas Əhmədov “KapitalBank”ın Salyan filialının rəhbərinin Firudin adlı qardaşından 15 min manat alaraq onu yol tikinti idarəsinə müdir təyin edəcəyini vəd edib. Başqa bir rayon sakinindən 10 min manat alan Əli Əhmədovun qardaşı həmin şəxsə övladını ali məktəbə düzəldəcəyini söz verib.
Ilyas Əhmədov bu sövdələşmələrdə qardaşının adından yararlanıb.
Məlumatı dəqiqləşdirmək üçün əvvəlcə Ilyas Əhmədovun qurbanı olduğu bildirilən Firudin adlı şəxslə əlaqə saxladıq. “KapitalBank”ın Saylan filialının rəhbəri Elxan Mehdiyevin qardaşı Firudin Mehdiyev xəbərin onunla bağlı hissəsinin əsassız olduğunu bildirdi: “Yalandır, mən Ilyas Əhmədova pul verməmişəm. Bilmirəm bu məlumatı kimlər yayıb, amma heç bir əsası yoxdur”.
Ilyas Əhmədovla tanışlığını gizlətməyən Firudin Mehdiyev əlavə etdi ki, təxminən iki il əvvəl dostlarından biri Əli Əhmədovun qardaşına pul verib: “Iki il əvvəl bir dostum ona pul vermişdi. Haradasa 5-6 min olardı. Amma o pulunu geri alıb və bu məsələ bitib. Görünür, bu məsələ camaatın yadında başqa cür olub və ona görə də mənim adımı hallandırırlar”.
Firudin Mehdiyev, ümumiyyətlə Əli Əhmədovun qardaşının Salyanda kimdənsə pul alıb-almadığı barədə məlumatlı olmadığını desə də, bunu istisna da etmədi: “Ola bilər. Amma mənim xəbərim yoxdur”.
Məsələ ilə bağlı Əli Əhmədovun da mövqeyini öyrənməyə cəhd etdik. Lakin telefona deputatın Mahir adlı köməkçisi cavab verdi. “Əli müəllim burda yoxdur” deyən köməkçiyə zəngimizin səbəbini söylədik. O isə cavabında “mən bu barədə məlumatlı deyiləm, Əli müəllim gələndə ona deyərəm, əlaqə saxlayar” deyə bildirdi.
Informasiya şöbəsi