İctimai Palata məhbus ailələrini və vəkilləri mükafatlandırdı
İsa Qəmbər: «2 aprel məhbusları 2011-ci ilin fenomeni kimi tarixə yazıldı»
Əli Kərimli: «Bu gün dünyanın xalqları artıq on illər ərzində yatdığı o qəflət yuxusundan ayılırlar»
Ictimai Palatanın təşkilatçılığı ilə Müsavat Partiyasının 100 illik yubileyi çərçivəsində növbəti mükafatlandırma tədbiri keçirildi. Tədbirdə Müsavat idealları uğrunda yorulmaz fəaliyyətinə görə məhbus ailələrinin üzvlərinə, vəkillərə xüsusi mükafat təqdim olundu.
Onlara mükafatı Müsavat partiyasının başqanı Isa Qəmbər təqdim etdi. Çıxış edən Müsavat başqanı qeyd etdi ki, bu tədbir Ictimai Palatanın təşkilatçılığı ilə keçirilir: “2 aprel məhbusları 2011-ci ilin fenomeni kimi tarixə yazıldı. Hamımız çox gözəl bilirik ki, hakimiyyət özünü qorumaq naminə cinayətə əl atıb. Cəmiyyətin, xalqın, Ictimai Palatanın kütləvi tədbirlərinin qarşısını almaq üçün çox böyük qanun pozuntusuna yol verib. Özlərinin meyarlarına görə dostlarımızı, silahdaşlarımızı seçərək onları həbs ediblər. Bu proseslərin qanunsuz şəkildə getməsi hər kəsə bəllidir. Məhbus ailələri, bizim dostlarımız, media nümayəndələri məhkəmə proseslərində əllərindən gələni etdilər. Bu gün onlardan bəziləri mükafatlandırılacaq. Qeyd edim ki, Müsavat partiyasının yubiley çərçivəsində xüsusi mükatlandırma mərasimləri növbəti günlərdə də davam edəcək”.
AXCP sədri, Ictimai Palatanın koordinasiya şurasının üzvü Əli Kərimli tədbirin keçirilməsinə, təltifə görə Müsavat partiyasına, Isa Qəmbərə təşəkkürünü bildirdi: “Hər bir mübarizədə bu mərhələni keçən xalqın oğulları, qızları önə çıxır. Azərbaycan da belə bir tarixi mərhələni yaşayır. Indi zülmü, şəri təmsil edən qüvvələr hakimiyyətdədir. Hüquqla hesablaşmadan öz opponentlərinə divan tuturlar. Dövlətin imicini, ədaləti düşünmürlər. Bütün beynəlxalq aləmin Azərbaycana olan çağırışına əhəmiyyət vermirlər. Öz hakimiyyətlərini qorumaq üçün bizim dostlarımızı şərləyir, onlara böhtan atırlar. Əqidə dostlarımız da şəxsi nümunələriylə Azərbaycan cəmiyyətini mübarizəyə səsləyir. Çünki hər kəs zorun, zalımın qarşısında boyun əysə, onda zülm əbədi olar. Ancaq insanlar mübarizə apardıqca zor da zəifləyir. Çox təqdirəlayiq haldır ki, dünyanın bütün tərəqqipərvər qüvvələri – Avropa Birliyinin, ABŞ-ın, Avropa Şurasının, ATƏT-in bütün rəsmiləri mütəmadi olaraq siyasi məhbuslarla görüşür, dəstəyini ifadə edir. Azərbaycan cəmiyyətinin mütərəqqi qüvvələri, müxalifət partiyaları, internet fəalları, ziyalılar, vətəndaş cəmiyyəti, hüquqşünaslar, biganə olmayan hər kəs siyasi məhbuslara, onların ailələrinə dəstək verir. Azərbaycan mətbuatı bunu hər gün ifadə edir. Siyasi partiyalar, Ictimai Palata imkanı daxilində onların müdafiəsi üçün çalışır. Istər məhkəmələrin qarşısında piketlər, istər aclıq aksiyası, istərsə də beynəlxalq təşkilatlara müraciətlər olsun, hər birində əlimizdən gələnləri edirik. Ancaq onun da fərqindəyik ki, edilənlər yetərli deyil. Bizim elədiklərimiz hələ də siyasi məhbus taleyi yaşayan insanların gözlədiklərinin hamısı deyil. Belə tədbirlərdə bir-birimizə daha çox kömək etməliyik. Azərbaycan cəmiyyəti olaraq dirçəlməliyik. Başladığımız işi yarımçıq qoymamalıyıq. Bu gün dünyanın xalqları artıq on illər ərzində yatdığı o qəflət yuxusundan ayılır. Azərbaycan xalqına da növbə çatmalıdır. Azərbaycan xalqı da uzun sürən biganəlikdən ayrılmalıdır. Biz Azərbaycan müxalifəti olaraq bu mübarizəyə öncüllük etməliyik”.
Əli Kərimli çıxışında xaricdə yaşayan azərbaycanlıların “onlarkimdir.com” adlı yaxşı bir sayt yaratdığını qeyd etdi: “Bəlkə hamınızın xəbəri yoxdur. Bilirsiniz kimi məşhurlaşdırırlar? Sizin əzizlərinizi, dotlarımızı haqsız yerə həbs edən polisləri, prokurorları, hakimləri, onlara göstəriş vermiş nazirləri, bütünlüklə Azərbaycanda insan haqlarını pozan insanlar haqda məlumatlar yerləşdiriblər. Bu saytın sahiblərinə kömək etmək lazımdır. Qoy, Azərbaycan cəmiyyəti onların kim olduğunu görsün. Biz hər gün savaşmalıyıq. Mənfəət naminə, haram pulları qazanmaq naminə, tutduqları vəzifə naminə, vicdanına qalib gəlib saxta hökm çıxaran, saxta ittihamnamə yazan hər kəsi əvvəlcə cəmiyyət tanımalıdır, sonra həmin şəxslər qanun qarşısında cavab verməlidir. Başqa imkanlarımız yoxdursa, heç olmasa mənəvi qiymətləndirmə ilə haqsız yerə həbs olunan, millət üçün vuruşan, ədalət uğrunda savaşan insanların qiymətini verək”.
AXCP sədri prosesi gücləndirməyi də söylədi: “Biz daha çox insanı mübarizəyə cəlb etməliyik. Öncə prosesdə siyasi məhbusların azadlığa çıxmasına nail olmalıyıq, sonra isə bütünlüklə Azərbaycanı bu şər hakimiyyətindən xilas etməliyik. Biz məhbəs həyatı yaşayan dostlarımızdan arxayın idik. Neçə illərdir mübarizənin önündədirlər. Ancaq onların ailələri də mübarizənin önündə oldular, bircə an belə olsa geri çəkilmədilər. Bu isə bütünlükdə cəmiyyətdə xoş nümunə yaratdı”.
Tədbirdə çıxış edən məhbus ailələri komitəsinin sədri Arzuman Məcidli, vəkil Əsabəli Mustafayev və digərləri siyasi məhbusların müdafiəsi ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Ramin DEKO