Oktyabrın 25-də Bakının Yasamal rayonunda, “İnşaatçılar” metrostansiyasının yanında, “Məhsul” stadionunda Müsavat Partiyası mitinq keçirib.
Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verdiyi mitinq həm də Müsavatın 15 saylı Yasamal seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbərin seçiciləri ilə görüşü adı ilə təşkil olunub. Mitinqdə partiyanın deputatlığa başqa namizədləri də iştirak edib.
Mitinqdə çıxış edən Müsavat başqanı Arif Hacılı deyib ki, seçkilərin saxtalaşdırılma ehtimalı böyüksür. O, seçkidən sonrakı dörd ay ərzində yeni seçki tələb etdiklərini vurğulayıb: “Biz azad seçki tələb edirik!”. A.Hacılı ölkədəki siyasi məhbuslarla bağlı vəziyyətdən, qondarma ittihamlarla həbs edilən onlarla insanın aqibətindən danışıb. Həmçinin vurğulayıb ki, demokratik kəsim ölkənin nicatına nail olacaq. A.Hacılı deyib ki, onların seçkidən imtinası da aktualdır: “Bu, oktyabrın 28-də son dəfə müzakirə olunacaq”.
Müsavat başqanının müavini Səxavət Soltanlı ölkədəki siyasi situasiyanın çətinliyini vurğulayıb və çətin şərtlər daxilində belə hakimiyyətə qarşı gəldiklərini qeyd edib.
Müsavatın namizədlərindən olan Dilşad Nağıyeva qeyd edib ki, seçicilər ədalətli seçkilər keçiriləcəyinə, demokratik qüvvələrin demokratik yolla hakimiyyətə gələcəyinə inanmırlar: “Amma biz inamlıyıq. Seçicilərlə görüşəndə bir daha sübut etdik ki, biz varıq, mübarizədəyik”.
Salyandan namizəd olan Valeh Hümbətoğlu da vəziyyətin çətinliyini vurğulayaraq, əlavə edib ki, bu şəraitdə də Müsavat mübarizəni davam etdirir.
Müsavat Divanının üzvü Nüşabə Sadıxlı isə vurğulayıb ki, vətəndaşlar hakimiyyətdən və sosial durumlarından narazı olsalar da, bunu deməyə çəkinirlər.
Namizədlərdən Xasay Səfəroğlu isə qeyd edib ki, hakimiyyətin güclü olmasının və durumun düzəlməməsinin səbəbi vətəndaş qərarsızlığıdır: “Bu gün hakimiyyətin güclü görünməsinin tək səbəbi vətəndaş zəifliyidir”.
Deputatlığa namizəd İsgəndər Həmidov isə İsa Qəmbərin seçicilərinə müraciət edərək, onları Müsavatın namizədinə səs verməyə çağırıb.
İsa Qəmbər isə MTN-lə bağlı baş verənlərdən danışıb, hakimiyyətin ölkə sərvətlərini taladığını qeyd edib. “İlham Əliyev elə danışır ki, guya indi bilir bu nazirlik milli təhlükəsizliklə məşğul olmaq əvəzinə biznes strukturuna çevrilib. İlham Əluyev indi bilib ki, bu nazirik Azərbaycanda iş adamlarına divan tuturmuş, şantaj edirmiş, adamların sərvətlərini, var-yoxlarını əlindən alırmışlar. Söhbət təkcə bu nazirlikdən getmir, bütün nazirliklər bu gündədirlər. Bu rejim hər birimizin həyatından 22 ili oğurlayıb. Oğru rejim, avtoritar rejim həyatımızı oğurlayır. Bu rejimin sonu gəlməkdədir. Biz bu rejimin getməsi üçün əlimizdən gələni etmişik və etməkdə davam edirik”.
Sonda mitinqin qətnaməsi oxunub.
Mitinq qərarı oktyabrın 5-də Müsavatın Divanında qəbul olunub. Qərarda mitinqin “Azad seçki” şüarı ilə təşkil ediləcəyi göstərilirdi. Maraqlıdır ki, sonradan bu mitinq İsa Qəmbərin və Müsavatdan deputatlığa digər namizədlərin seçicilərlə görüşü adı altında təbliğ olunmağa başladı.
Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. BŞİH Müsavatın aksiya ilə bağlı müraciətinə oktyabrın 20-də müsbət cavab verib. Bununla BŞİH bazar günü mitinqləri ilə bağı mövqeyindən imtina edib. Belə ki, BŞİH xeyli vaxt idi bazar günü mitinq keçirməyə razılıq vermirdi. Milli Şuranın bir neçə mitinq müraciəti aksiyanın şənbə günü keçirilməsi təklifi ilə geri qaytarılmışdı. İndi isə BŞİH mitinqin bazar günü keçirilməsinə razılıq verib.