Azərbaycanın sayını itirdiyimiz səsvermələrdən sonra BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmasından düzəldilən düşük şou yəqin ki, ən azı bir ay baş-beynimizi xarab edəcək. Əslində bu şounun mənə heç bir isti-soyuğu yoxdur, artıq neçə ildir bunların telekanallarına baxmıram, qəzetlərini oxumuram. Mənim sadəcə AzTV-nin, ITV-nin, ANS-in, siz də məni bağışlayın, Lider-in-zadın ümidinə qalanlara yazığım gəlir, onların halına acıyıram.
Əslində belələri günahı bir az da özlərində axtarmalıdırlar, onlar hələ də öz informasiya tələbatlarını, siyasi-ictimai, mədəni ehtiyaclarını texnologiyanın bu qədər gəlişdiyi bir zamanda və dünyada rejimin ağzından qatıq tökülən telekanalları vasitəsilə ödəyirlərsə, öz cəzalarıdır, özləri də çəkməlidirlər.
Keçən günlərdə ölkənin ağlı başında olan, məntiq və reallıq hissini itirməyən, vicdanlı düşünə bilən barmaqla sayılacaq qədər az aydınları hakimiyyətin xalqa “tarixi qələbə” kimi sırıdıqları üzvlük olayına doğru qiyməti veriblər, bəlkə də bu mövzuda yenidən qələm çalmağa heç ehtiyac da yoxdur. Biz bu rejimin belə “tarixi qələbə”lərini 1996-cı ildən – məşhur və məşum Lissabon sammitindən üzü bəri çox xatırlayırıq. Bilirik ki, Əliyevlər hakimiyyəti daxili auditoriyaya hesablanmış belə mənasız, səfeh şoular hazırlamağın ustasıdır. Onlar bir ucdan “tarixi qələbə” istehsal edirlər, amma Qarabağdan tutmuş demokratiyayacan bütün məsələlərdə Azərbaycan hələ də məğlub tərəf olaraq qalır. Yəqin ki, dünyada bu qədər “tarixi qələbə” qazanıb amma son 18 illik tarixi yalnız siyasi, ictimai, hərbi, mədəni, ideoloji məğlubiyyətlərlə zəngin ikinci bir ölkə dünyada yoxdur.
Amma gəlin indi biz ondan danışaq ki, özü büsbütün xalqına və tərəqqipərvər bəşəriyyətə təhlükə olan bir rejimin dünyada təhlükəsizliyin müvəqqəti də olsa, qarantlarından birinə çevrilməsi hansı məntiqə və əxlaqa sığır.
Bəli, Azərbaycanda xalqın təməl haqq və azadlıqlarına təhlükə olan bir rejim iş başındadır. Bu rejim yerləşdiyi coğrafiyada antidemokratik, antiinsani dəyərlərin bərqərar olmasının əsas ilhamvericilərindən biridir.
Bu rejim hüququn, ədalətin, azadlıqların sərhədlərinin genişlənməsinə qarşıdır. Həm özü öz xalqını əzir, sümürür, təhdid və basqı altında saxlayır, həm də öz xalqını girovluqda saxlayan, onun iradəsi ilə hesablaşmayan, onun hüquqlarını tapdayıb keçən başqa rejimlərin, məsələn, Lukaşenkoların-zadın dar gündə dəstəkçisi, hamisi rolu oynayır. Indi bu cür təhlükəli bir hakimiyyətin hansısa Təhlükəsizlik Şurasının üzvü olmasından gülməli, absurd nə ola bilər? Bir o qalıb ki, Bəşər Əsədə də ilin-günün bu vaxtı götürüb Nobel Sülh mükafatı verəsən.
Doğrudur, nəzərə alsaq ki, əslində BMT Təhlükəsizlik Şurasının hazırkı müvəqqəti üzvlərinin siyahısına baxdıqda, onların da elə Azərbaycanın xurcuntayı olduğunu görürük və anlayırıq ki, əslində estafetin onlardan məhz bizə ötürülməsində təəccüblü, qeyri-adi heç nə yoxdur. Ancaq istənilən halda dünyanın ağlı başında olan dövlətləri anlamalıdır ki, onların bu cür məsələlərdə Azərbaycan kimi ölkələrə etimadı bu ölkələrdəki irtica rejimlərini öz xalqlarını daha da böyük həvəs və zövqlə əzməsinə ruhlandırır.
Baxın, müvəqqəti üzvlükdən bir neçə gün əvvəl Ilham Əliyev üçüncü müddətə prezidentlik haqqında hələ qərar vermədiyini deyirdi, amma müvəqqəti üzvlüyün ertəsi günü o, YAP-ın ikinci adamının dili ilə 2013-cü ildə prezidentliyə namizəd olacağını bəyan etdi. Bir neçə gündə nə dəyişdi ki, kral qərar verməli oldu? Heç nə. Sadəcə, Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük başlarını o qədər dumanlandırıb ki, əllərini o qədər güclənmiş hesab edirlər ki, 21-ci əsrdə yaşayan bir xalq və dövlət üçün həqarətdən, rüsvayçılıqdan başqa bir şey olmayan, Azərbaycanı çağın daha da gerisinə atacaq, onu tamamən bir orta əsr ölkəsinə çevirəcək, istibdadın dibinə göməcək qərarlarını tələm-tələsik açıqladılar.
Beləcə, həm Azərbaycan xalqı və dövləti, həm də bütünlüklə tərəqqipərvər bəşəriyyət üçün böyük təhlükə siqnalı çalınmış oldu.
Sizsə ondan təhlükəsizliyin qarantı olmağını gözləyirdiniz. Aldınızmı ağzınızın payını?..