Bir neçə gün qabaq qəzetdə oxudum ki, bir nəfər Bakı sakini Qəzzafiyə ehsan verəcək. Liviya diktatorunun “axı mən sizin atanızam” deyib yalvardığı “öz uşaqları” bu yalvarışlara baxmadan, acımasızcasına onu öldürüb it-qusdu eləyərək, küçədə belədən-belə sürüdülər. Illərlə diktator onlara acımamışdı, indi onlar amansızlıq elədilər. Nəticədə hər iki tərəfin qatil olduğu üzə çıxdı. Sadəcə, bu qətlin birincisi səbəbsiz, ikincisi isə müqəddəs öc idi.
Bizim Bakı sakinini də bu öc qəzəbləndiribmiş. Guya kişi bu qaydada öc alan Liviya xalqının acığına belə, eləyəcəkmiş. Şükür Yaradana ki, bu tip anormal fakt qarşımıza zibil kimi çıxmadı. Hətta Qəzzafinin sadiq aşiqləri Siyavuş Novruzov, Gülər Əhmədova belə, ehsan vermədilər. Bəlkə də evlərində xırda matəm mərasimi keçiriblər, kimi təraş olunmur, kimi kosmetikadan istifadə eləmir, ancaq bunları demək çətindir.
Həmin ehsan verən azərbaycanlı: “Bildirmək istəyirəm ki, Qəzzafinin vəhşicəsinə qətlə yetirilməsi mənə pis təsir edib. O, pis idisə belə, bir insan idi”, – deməsəydi, əməli adamı o qədər də yandırmazdı. Deyərdin, əşşi, ağılla dərk olunmayan xalqın oğludu, qəzzafiçiliyin qardaşı heydərizmin kor qoyduğu biridi. Ancaq sözə bax: “Onun vəhşicəsinə qətlə yetirilməsi mənə pis təsir edib!” Demək, bu qardaş humanistdi! Yaxşı, Qəzzafinin 42 illik vəhşiliyinin tam yarısını, hətta 41 ilini o yana atıram, görəsən, bu son 11 ayda onun “pis idisə belə, bir insan idi” dediyi adam qocaları, qadınları, uşaqları vəhşicəsinə qətlə yetirəndə bizim bu qardaş harda idi? Ürəyi məzuniyyətə çıxıbmış yoxsa? Niyə o 16 min Azadlıq şəhidinə bir ehsan vermirdi? Bəs onlar da “pis də olsa” insan deyildilərmi?
Bu qədər ürəkli, ciyərli insansansa, elə Bakıda burnunun ucunda acından küçələrə düşən, hər gün evləri başına uçurulan, haqqı tapdalanan, əsgərlikdə bir kontur, bir manat ucbatından başına güllə sıxan, boynuna kəndir atan, dövlətin gizli zirzəmilərində işgəncə verilərək öldürülən, oğurlanaraq sorağı gəlməyən, “Azadlıq, sosial bərabərlik, demokratiya” deyib küçələrə çıxan, xalqı üçün gəncliyini fəda eləyən insanlardan biri üçün ehsan verəydin. Ehsan da gərək deyil, ağzını açıb bir kəlmə deyəydin. Sənin mebel sexin rahat çalışsın deyə, səni rüşvətlə boğmasınlar deyə, səndən ötrü küçələrə tökülən qardaş-bacılarının səsinə bir kərə hay versəydin, daha ağlabatan olmazdımı? Məgər onlar da “pis də olsalar” insan deyillərmi? Səninçün Qəzzafidən bu qədərmi dəyərsizdilər?
Bəlkə də, qəzetdə gedən bu informasiya yalandı, heç həyatda indi adını unutduğum o ehsanverən oğlan yoxdu da. Ama nə fərqi. Ömrü boyu qəssab olmuş, xalqıyla da ancaq qəssabxanada vidalaşmağı haqq eləyən bədəvi Qəzzafi üçün gözləri dolub-boşalan azmı şüursuz azərbaycanlı var? Ürəyi sozalan azmı vətəndaşımız var? Sosial şəbəkələrdə, saytlarda Qəzzafinin ölümündən sonra ona “Allah rəhmət eləsin” deyə ağı tutanlara azmı rast gəldik? Yoxsa ona “Allah rəhmət eləsin” demək ehsan deyilmi? Həm də ən mötəbərindən.
Məni Qəzzafinin yanğıyla yad edilməsi, ona acımalar narahat eləmir. Narahat eləyən odu ki, sabah növbəti Qəzzafinin taxtdan düşəcəyi gün onu məhz bu “ehsanverənlər” linç edəcək. Onlar nə etdiyini bilməyənlərdi. Bu gün diktatorun ayağından öpürlər, sabah isə onu dabanından soymağa birinci onlar başlayacaq. Qoy, bu gün ayağını belələrinə öpdürən diktatorlar indidən dərilərinin qayğısına qalsınlar. Hər şey onların necə addım atacağından asılıdır. Bu addım asılmağa da, sağ qalmağa da apara bilər. Fəqət başı öz əlində olmayanlar ayağını necə atacağını hardan bilsinlər? Sən demə, son vaxtlar Qəzzafinin də başı oğlunun əlindəymiş…