Bir-birinin arxasınca diktatorların bəxtinə “qar yağır”. Bu proses getdikcə, təbii ki, illərdir onların basqısı altında yaşayan insanların da bəxtinə gül açır. Bir ölkədə diktatura rejiminin dağıdılmasına qarşılıq, “bizdə bu hal təkrarlana bilməz” deyən başqa bir diktator daha betər aqibətlə üzləşir.
Ətrafda diktatura rejimləri yerlə yeksan olarkən, bizdə hakimiyyət ya “atılan toplara diksinmir”, ya da özünü belə göstərir. Hər halda, bəlli deyil. Amma məlum olan budur ki, hakimiyyət “gözü çıxmış qardaşlardan” dərs götürənə oxşamır, dünyanın gedişilə özü arasında tarazlıq yaratmağa da həvəsli deyil. Bizim hakimiyyətin başı qəzetlərlə çəkişməyə, hansısa müxalifətçini şərlətdirib həbsxanaya göndərməyə, ucuz şoular, bayramlar keçirməyə qarışıb.
“Xural” qəzetinin fəaliyyətini iflic etməklə hakimiyyət kimə nəyi sübut eləməyə çalışır? Bu kimi xırda intriqalarla məşğul olub, sonra da böyük işlərdən danışıb gülünc görünməkdən belə çəkinmədən, bir qəzetin avandanlığına əl qoyacaq qədər acgözlük nümayiş etdirənlərin bu ölkəni hansı düşüncə tərzilə idarə etdikləri bəllidir.
Hakimiyyətin əməllərinin mahiyyəti dünyanın gedişatı ilə uyuşmayan, sanki ayrıca bir dünya qurmaq cəhdindən başqa bir şey deyil. Illərdir yürütdükləri repressiya siyasətinə baxmayaraq, məqsədlərinə çata bilmədiklərini hələ də anlamayıblarsa, bu, hakimiyyətin problemidir. Gərək indiyə qədər başa düşəydilər ki, ölkəni asanlıqla udub, həzm etməklərinə imkan verməyənləri repressiyalarla susdurmaq olmayacaq.
Tarix öz gedişatını yAp-ın, ya da bu iqtidardakı hansısa məmur-oliqarxın istəklərinə görə müəyyən etmir. Dünya öz qanunlarını da bunlara görə tənzimləmir. Əlbəttə, bu ölkədə qurduqları şər xanimanının xaraba qalacağı gün də olacaq. Mütləq olacaq!!! Amma həmin xarabalıqların altında elə özləri qalacaqlar.
Indi isə zamanı öz nəzarətlərində saxlayırmış kimi hərəkət edirlər. Elə buna görə də bir neçə gün əvvəl küçələrdə sürüdülən Qəzzafinin acı taleyindən nəticə çıxarmaq əvəzinə, “Xural”ın redaksiyasına basqın edirlər, bir qəzetin işini iflic vəziyyətinə salırlar. Istər-istəməz sual yaranır: bunu etdiniz də nə oldu? “Xural”çılar geri çəkildimi, qorxdumu, sizə yalvardımı, ya da indiyə qədər tutduqları yoldan döndümü?
Bəlkə kimlərisə yolundan döndərmək cəhdində bulunmaqdansa, elə siz özünüz tutduğunuz yoldan dönəsiniz… Bir ətrafınıza baxasınız, indiyə qədər görə bilmədiklərinizi görməyə çalışasınız…
Doğrusu, mən diktatorların hansısa birinin digərinin ölümündən, süqutundan dərs götürəcəyi fikrindən uzağam. Çünki bir diktatorun süqutu faktından öndə gələn və daha real olan ölüm var. Əgər ölüm bu adamları etdiklərindən çəkindirə bilmirsə, Mübarəkin, Qəzzafinin başına gələnlərin faydası yoxdur. Amma o da faktdır ki, indi tarix diktatorlara dərs deyir, zülmün əbədi olmayacağı haqda “məruzə oxuyur”. Nə yazıq ki, bu dərsdən qaçmağa çalışan, ya da onu dinləməkdən imtina edənlər dərslərini yaxşı oxuya bilməyib “2” aldıqlarından sinifdə qalırlar. Sinifdə qaldıqları üçün də tarixin səhifələri arasında itib-batırlar.