MTN-in 4 generalı niyə işdən çıxarıldı?
Milli Təhlükəsizlik Nazirliyində (MTN) təmizləmələr davam edir. Qurumun 7 yüksək vəzifəli əməkdaşının həbsindən sonra 9 nəfər də vəzifədən azad edilib. Bu barədə məlumatı Trend yayıb.
Məlumatda bildirilir ki, MTN-in Transmilli Iqtisadi Cinayətkarlıqla Mübarizə Baş Idarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, Baş Idarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş Idarə rəisi, general-mayor Pərviz Səfərov, Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev, Hava Limanı Idarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, Kadrlar Idarəsinin rəis müavini, polkovnik Tehran Babatov və Nazirliyin Xətai, Pirallahı, Masallı rayon şöbələrinin rəisləri tutduğu vəzifələrindən azad olunaraq sərəncama götürülüblər.
Daha bir məlumata görə, MTN-də kadr islahatları bundan sonra da davam edəcək və yaxın zamanda digər yüksək vəzifəli məmurların da vəzifələrindən azad ediləcəyi gözlənilir.
“Azadlıq”ın əldə etdiyi məlumata görə, parlament seçkilərindən MTN-dəki şəbəkəni kənardakı üzvləri, həmçinin şəbəkəyə daxil olanların vəzifədəki adamları “vurulacaq”. Məlumatda bildirilir ki, hazırda bu şəbəkəyə bağlı olan məmurlar təşviş içindədirlər. Bundan başqa şəbəkənin əsas üzvləri Akif Çovdarov, Elçin Quliyev, Hilal Əsədov və digər generalların da seçkilərdən sonra həbs oluna biləcəyi deyilir. Həmin şəxslərin hazırda nəzarət altında olduğu bildirilir.
Həmçinin bildirilir ki, MTN ətrafında baş verənlər digər məmurların da narahatlığına səbəb olub. Onların narahatlığına səbəb MTN-dəki şəbəkədə ciddi kompromatların olması ehtimalıdır. Məmurlar düşünür ki, şəbəkə diqqəti yayındırmaq üçün həmin kompramatları dövriyyəyə buraxa bilər.
MTN iş adamını necə dilənçi vəziyyətinə salıb?
“2013-cü ilin sentyabrında mən, Cahangir Məmmədov, Məcid Anqubazov, Orxan və Sərdar adlı tanışlarımla Balakəndən Tbilisiyə ”skoç” (yapışqanlı lent) gətirmək üçün getdik. Orda Məcid Anqubazov dedi ki, burda pirotexniki maddələr var, onları da aparmaq olar. Onu qeyd edim ki, biz malı Gürcüstandan Irana aparacaqdıq. Gürcüstan gömrüyündə bütün sənədləşmə işlərini həll etdik. Bəyannamədə qeyd olundu ki, yük pirotexniki maddə və “skoç”dan ibarətdir. Azərbaycanda da gömrük prosedurlarını keçdik. Yükdə pirotexniki maddə olduğu üçün Iran sərhədinə qədər bizi iki gömrük müfəttişi də müşayiət edirdi. Iran sərhədinə doğru gedəndə MTN əməkdaşları bizi saxlayıb, qanunsuz yük daşıdığımızı, qaçaqmalçılıqla məşğul olduğumuzu dedilər. Bildirdilər ki, artıq cinayət işi də başlanılıb. Biz gömrük bəyannaməsini göstərdik, gömrük müfəttişləri də yükdə problem olmadığını təsdiqlədilər. Açıb yükə baxdılar, bəyannamədə qeyd olunan mallardan başqa heç nə tapmadılar. Buna baxmayaraq, bizi birbaşa MTN-ə aparıb həbsə atdılar”.
Bunu APA-ya müsahibəsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən hüquqlarının pozulduğunu deyən Əfsəl Həsənəliyev bildirib. Agentliyə müraciət edən keçmiş polis əməkdaşı bildirib ki, onu 4 ay 29 gün həbsdə saxlayıblar: “Məndən 100 000 manat rüşvət istədilər. Vəkilim də şahiddir. Bu qədər pulum olmadığını dedim, hər gün pula görə çağırıb soruşurdular. Axırda ailəm məcbur olub yeganə mənzilimi ”Unibank”a girov qoydu, 32 min manat gətirib verdi. Hətta krediti dollarla götürmüşdülər, mənə dedilər ki, manata çevirib gətirsinlər. Indi o pulu da qaytara bilmirəm, dilənçi vəziyyətindəyəm”.
Əfsəl Həsənəliyev bildirib ki, onlar həbsdə olan vaxt hətta vəkilinin müraciəti ilə Dövlət Gömrük Komitəsi sahibkarların saxlanılmasının qanundankənar olduğunu bildirən etiraz məktubu da göndərib. Əfsəl Həsənəliyevin vəkilinin təqdim etdiyi iş materiallarında bu məktub da öz əksini tapıb. Lakin bu da işə yaramayıb. “Bizdən pulu tələb edənlər deyirdilər ki, bunu yuxarı rəhbərliyin tapşırığı ilə edirlər”, – deyə Ə. Həsənəliyev bildirib.
O qeyd edib ki, sonradan Məcid Anqubazovun məhz MTN əməkdaşları tərəfindən onlara qoşulduğu anlaşılıb: “Orxan və Sərdardan 100 min, rəhmətlik Cahangirdən isə 80 min manat aldılar. Cahangir 40 gün əvvəl dözməyib intihar etdi. Borcun içində batırdı”.
MTN zəvvarlardan da “haqq” alırmış
Məlum olub ki, MTN əməkdaşları həm də zəvvarlardan haqq alırlar. Zəvvarların müqəddəs torpaqlara ziyarətini təşkil edən şəxslərdən AzNews.az daxil olan məlumata görə, MTN Kərbəla və Məşhədə gedənlərdən əlavə haqq alır. Daxil olan məlumatlarda bildirilir ki, Kərbəlaya yola düşməzdən əvvəl zəvvarlar MTN-ə 70 AZN, Məşhədə getmək istəyənlər isə 10 AZN pul köçürürlər. Pul köçürməyən zəvvarlara MTN tərəfindən süni maneələr yaradılır.
Bunun üçün MTN-dən 2 nümayəndə ayrılıb. Həmin şəxslər pulu aldıqdan sonra sənədlərə möhür vururlar.
Məlumata görə, təkcə keçən il Ərbəin ziyarəti zamanı MTN-in hesabına 400 000 min manat pul köçürülüb.
Nəzərə alsaq ki, Kərbəlaya ziyarət təkcə Ərbəin deyil, bütün ilboyu təşkil olunur, o zaman MTN-in hesabına köçürülən pulların miqdarını müəyyən etmək o qədər də çətin deyil.
Məsələ ilə əlaqədar Kərbəla və Məşhəd ziyarətlərinin təşkilatçılarından bir neçəsi ilə əlaqə saxladıq. Onlar faktı təsdiqlədilər. Bildirdilər ki, Kərbəla ziyarəti üçün zəvvarlardan 550 manat pul alınırsa, bunun 70 manatı MTN-ə köçürülür. Təşkilatçıların iddiasına görə, MTN-in bu tələbi olmasa, həm zəvvarların xərci azalar, həm də əlavə vaxt itkisi olmaz.
Xatırladaq ki, oktyabrın 17-də Ilham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Oktyabrın 20-də isə Baş Prokurorluq MTN-in yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.