Cəmil Həsənli: “Gördüyümüz işləri Vilson Mərkəzi kimi nüfuzlu bir beynəlxalq qurumda ilin demokratiya mükafatına layiq biliblərsə…”
“Nahaqdan həbs edilmiş vətəndaş cəmiyyəti təmsilçilərini müdafiə etmək siyasət məsələsi deyil, vicdan məsələsidir”
Xəbər verdiyimiz kimi, Milli Şuranın sədri Cəmil Həsənli 2015-ci il üçün Ion Ratiu Demokratiya mükafatına layiq görülüb. Belə bir nüfuzlu mükafatın Azərbaycandan olan alimə, ictimai-siyasi xadimə verilməsi qürurvericidir. Cəmil müəllimlə görüşüb yüksək mükafat almasıyla bağlı onu təbrik etdik və bir sıra suallarımızı cavablandırmasını istədik.
– Cəmil müəllim, Vaşinqtonda yerləşən Beynəlxalq Vudro Vilson Mərkəzi dünən 2015-ci il üçün Ion Ratiu Demokratiya mükafatına layiq görüldüyünüzü açıqladı. Bu münasibətlə Sizi təbrik edirik.
– Təşəkkür edirəm. Amma heç bir halda fəaliyyətimizin məqsəd və məramı mükafata hesablanmayıb. Gördüyümüz bütün işlərin mərkəzində ölkəmizin maraqları dayanır, millətimizin haqqı və hüququnun təmin edilməsi dayanır. Bundan başqa həyat amalımız yoxdur. Lakin buna əlavə olaraq Milli Şurada dostlarımızla birlikdə gördüyümüz işləri Vilson Mərkəzi kimi nüfuzlu bir beynəlxalq qurumda ilin demokratiya mükafatına layiq biliblərsə, buna görə ancaq təşəkkür edirik. Bu mərkəzi 1968-ci ildə Konqres 1912-1920-ci illərdə ABŞ-ın Demokrat partiyasından prezident olmuş Vudro Vilsonun xatirəsinə yaradıb. Bilirsiniz ki, prezident Vilson Ağ evə universitet professorluğundan gəlmişdi və Birinci Dünya müharibəsindən sonra yaranmış yeni dünya düzəni onun adı ilə bağlıdır. Mərkəzin əsas məqsədi ideyalar aləmi ilə siyasət dünyasını birləşdirib elmi və ictimai münasibətlərin inkişafına təkan verməkdir. Dünyanın çox böyük alimləri, ictimai və siyasi xadimləri bu Mərkəzdə tədqiqatlar aparıblar, dünya inkişafına təsir göstərən ideyalar bu Mərkəzdə formalaşdırılıb.
– Niyə Demokratiya mükafatı Rumın siyasətçisi və ictimai xadimi Ion Ratiunun adı ilə bağlıdır?
– Ion Ratiu Demokratiya mükafatı Vilson Mərkəzi ilə Londonda yerləşən Ratiu fondunun birgə əməkdaşlığı nəticəsində 2005-ci ildə təsis edilib. Əsas qayəsi dünyada gedən demokratik prosesləri müdafiə etmək və həmin proseslərdə rolu olan ictimai-siyasi xadimlərə mənəvi dəstək ifadə etməkdir. Kembricdə mükəmmməl hüquq təhsili almış Ion Auqustin Nikolae Ratiu tanınmış rumın ictimai-siyasi xadimidir, faşizm və kommunizm dövründə uzun müddət Londonda mühacirətdə yaşayıb, bütün həyatı boyu azad ideyalar və demokratiya uğrunda ardıcıl mübarizə aparıb. Ötən əsrin 40-cı illərində Rumıniyada faşist çevrilişindən sonra Ratiu Britaniyada sığınacaq aldı. Elə həmin vaxt o yazırdı ki, “1940-cı ildə mən Alman faşizmindən didərgin olub Qərbə gəldim. Ona görə ki, mən diktatura şəraitində – istənilən diktatura şəraitində yaşamaq istəmirdim”. Faşistlər getdi, kommunistlər gəldi, Ratiu yenə ölkəyə dönə bilmədi və üst-üstə 50 il “Azad Rumıniyanın ümumdünya Ittifaqının” rəhbəri kimi ölkəsinin azadlığı və müstəqilliyi uğrunda vuruşdu. Ötən əsrin 90-cı illərində Ratiu Rumıniyada Milli-Mərkəzçi Demokrat Partiyasının təsisçisi olub və bu partiyadan parlamentə deputat seçilib, prezidentliyə namizəd olub. Sosializmin böhranından sonra Avropada demokratik proseslərə təkan vermiş Ratiu 2000-ci ildə 82 yaşında Londonda vəfat etdi. 1979-cu ildə demokratiyanı müdafiə etmək üçün yaratdığı “Ratiu Fondu” indi də fəaliyyətin davam etdirir.
– Sizin bu mükafata layiq görülməyiniz elmi, yoxsa ictimai-siyasi fəaliyyətinizlə bağlıdır?
– Hər ikisinin rolu olub. Amma mən bunu daha çox ictimai-siyasi fəaliyyətimlə, 2013-cü ilin prezident seçkilərindəki fəaliyyətimlə, son illərdə isə Milli Şuradakı fəaliyyətimlə bağlı olduğunu təxmin edirəm. Bu, Vilson Mərkəzinin dünən açıqladığı məlumatdan da görünür. 2005-ci ildən başlayaraq dünyada hər il bir nəfərə bu mükafat verilir və həmin adamlar da öz ölkələrində demokratiyanın inkişafına çalışmış, ona töhvə vermiş adamlardır. Mükafatçıların sırasında Polşadan məşhur dissident Adam Mixnik, Meksikadan Sergio Aguayo, Misirdən Saad Ibrahim, Belarusdan Anatoli Mikailov, Bəhreyndən Mabeel Racab, Macarıstandan Angela Kojze, Ukraynadan Mustafa Nayyem və digərləri vardır. Bunlar hamısı öz ölkələrində demokratiya uğrunda mücadilə etmiş adamlardır. Vilson Mərkəzinin açıqlamasından görünür ki, mənə bu mükafatı həm tarix sahəsindəki uğurlarıma, həm də ictimai-siyasi fəaliyyətimə görə veriblər.
– Daha dəqiq desək, bu mükafatda elmi fəaliyyətin yeri nə qədərdir?
– Bir az yekə çıxmasın, Rusiya da daxil olmaqla keçmiş Sovet məkanında mən Qərbdə, ilk növbədə ABŞ-da ən geniş nəşr olunan tarixçiyəm. Azərbaycan tarixinin bir sıra ümdə problemlərini dünyaya çıxarmaq çoxdankı arzum olub. Son 10 ildə bu istiqamətdə gərəkli olan işi görə bildik. Harvard Soyuq Müharibə Kitab seriyasından bir kitabım “Rowman and Littlefield”, iki kitabım “Lexington Books” kimi məşhur nəşriyyatlarda nəşr olundu. Avstraliyadan ABŞ-a qədər bütün dünya kitabxanalarında, universitet kitabxanalarında yer almış bu mötəbər nəşrlərdə millətimizin varlığını ortaya qoymağa çalışmışıq. Bir neçə həftəyə London və Nyu Yorkda yerləşən “Routledge, Taylor&Francis Group” kimi Qərbin ən böyük nəşriyyatında “Azərbaycan Respublikasının Xarici Siyasəti: Qərbə Inteqrasiyanın çətin yolu, 1918-1920″ adlı monoqrafiyam nəşr olunur. Təsəvvür edin ki, ermənilər öz milli respublikaları haqqında kitabları ABŞ-da hələ ötən əsrin 70-ci illərində nəşr etdiriblər. Iki ildən sonra Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur və yalnız indi biz ilk milli cümhuriyyətimiz haqqında həqiqətləri dünya miqyasına çıxara bilirik. ”Kiçik millətlər böyük oyunda” adlı monoqrafiyam Utah universitetində nəşr prosesindədir. Bu kitabda ötən əsrin 20-ci illərində, Azərbaycanın işğalı, Sovetləşmənin ilk illərində Qarabağ və Naxçıvanla bağlı həqiqətlərin Qərb oxucularına çatdırılmasına çalışmışam. Axı, bu məsələlər Qərbdə ermənilərin ən çox spekulyasiya etdiyi, yalan danışdığı mövzulardır.
– Amma Demokratiya mükafatı Sizə daha çox ictimai-siyasi fəaliyyətinizə görə verilib…
– Şübhəsiz ki, bu belədir. 2013-cü ilin prezident seçkisində Milli Şura iradə ortaya qoya bildi və biz dünyanın diqqətini Azərbaycandakı seçkiyə cəlb edə bildik. Bizim apardığımız təbliğat kampaniyası, mitinq və nümayişlər, xüsusilə televiziya çıxışları cəmiyyəti yerindən tərpədə bildi. Kampaniya vaxtı çox qısa olsa da məhz, Milli Şuranın məqsədyönlü mübarizəsi nəticəsində həmin vaxt seçki məsələləri gündəmi fəth edə bildi və hökumət onu dəyişməyə cəhd etsə də bu cəhdlər uğursuzluqla nəticələndi. Amma görürsünüz ki, noyabr ayının 1-nə 10 gündən az vaxt qalsa da parlament seçkiləri gündəm yarada bilmir. Hətta bir çoxları üçün hakimiyyətə yarınmağın modernist nümunəsinə çevrilmiş “dövlətçiliyi müdafiə” səngəri deputatlığa namizəd olmaqdan keçsə də, onlar gündəmə daxil ola bilmirlər. Çünki seçki deyilən anlayışı Azərbaycan hakimiyyəti dəfn edib. Hansısa bir nazir haqqında yayılan söz-söhbət, hansısa bir nazirin vəzifədən azad edilməsi həftələrlə gündəmi zəbt edir, amma bu ölkənin seçkili dövlət orqanının formalaşdırılması kimi taleyüklü bir məsələsi gündəm ola bilmir. Dövlət büdcəsindən maliyyələşən televiziyalar dövlət həyatının ən mühüm tədbirindən uzaq saxlanılır. Ona görə yox ki, kimsə çıxıb anonim formada beş-altı kəlmə nəsə deyəcək, ona görə ki, 2013-ün acı təcrübəsindən nəticə çıxarıb, 2018-ci il üçün presedent yaratmaq lazımdır. Çünki Milli Şuranın 2013-cü ildəki seçki təcrübəsi Azərbaycan haqqında təsəvvürləri dəyişdirdi. Dünyanın bir sıra tanınmış təhlil mərkəzlərində Azərbaycandakı son prezident seçkilərinin nəticələri dərindən araşdırılıb. Məsələn, həmin təhlillərin birində göstərilir ki, keçmiş sosialist coğrafiyasında Ukrayna və Gürcüstan da daxil olmaqla Milli Şura ilə müqayisədə heç bir müxalifət təşkilatı və onun namizədi belə qısa zaman ərzində ictimai rəyi bu cür sürətlə dəyişmək imkanında olmayıb. Bütün bunlar göstərdi ki, millətimizin demokratiya sahəsində böyük potensialı var və həmin potensialı hərəkətə gətirmək lazımdır. Mükafatın verilməsi haqqında məlumatda 2013-cü ilin prezident seçkilərində Milli Şuranın fəaliyyəti xüsusi vurğulanır.
– Bəlkə elə Azərbaycan hakimiyyətinin sərt repressiv tədbirlərə tuş gəlməsi bununla bağlıdır.
– Əlbəttə, 2013-ün 9 oktyabrı sadə bir həqiqəti ortaya qoydu ki, Azərbaycan hakimiyyətinin xalqdan dəstəyi yoxdur. Onlar seçki saxtakarlığına məhkumdurlar. Bunun səbəbini onlar öz yarıtmaz siyasətlərində deyil, müxalif siyasi düşərgənin, qeyri-hökumət sektorunun, gənclər təşkilatlarının mövcudluğunda gördülər. Ona görə 2013-dən sonra vətəndaş cəmiyyətinin məhvinə hesablanmış total hücuma start verildi. Siyasi məhbusların dairəsi 100-ün ətrafında ləngər vurmağa başladı. Cəmiyyətin inkişafına stimul verən Leyla xanım, Xəticə xanım, Intiqam bəy, Rəsul bəy, Anar Məmmədli kimi vətəndaş cəmiyyəti təmsilçiləri saxta ittihamlarla həbsə atıldılar. Mən onların, demək olar, hamısının məhkəmə proseslərində iştirak etmişəm, vəkilləri ilə müzakirə aparmışam. Onların həbsi hüquqi məsələ deyil, siyasi məsələdir, siyasi sifarişdir. Bu adamlar cəmiyyətdən müdafiə görməlidirlər, özlərini müdafiəsiz hiss etməməlidirlər. Milli Şura olaraq fəaliyyətimizin başlıca istiqamətlərindən biri siyasi məhbusların müdafiəsi ilə bağlıdır. Vətəndaş cəmiyyətinin haqsızlıqla üzləşmiş bu vicdanlı kəsimini bütün mümkün vasitələrlə müdafiə etmək lazımdır. Bu istiqamətdə bacardığımız bir şeyləri etməyə çalışırıq. Bu gün azad sözün müdafiəsi həbsdə olan jurnalistlərin, bloggerlərin müdafiəsindən, azad düşüncənin müdafiəsi nahaqdan tutulmuş gənclərin müdafiəsindən keçir. Bəzi ziyalı dostlarımız “mən siyasətə qarışmıram” deyib siyasi məhbuslara münasibətdə özlərini vicdan yükündən “azad” etməyə çalışırlar. Bir daha təkrar edirəm: nahaqdan, saxta ittihamlarla, qurama cinayət işləri ilə həbs edilmiş vətəndaş cəmiyyəti təmsilçilərini müdafiə etmək siyasət məsələsi deyil, vicdan məsələsidir.
– Ölkədə ciddi şəkildə demokratiya böhranı yaranıb, çıxış yolunu nədə görürsünüz?
– Dediyiniz demokratiya böhranı ölkəni bürümüş sosial-siyasi, iqtisadı və mənəvi böhranın tərkib hissəsidir. Ona görə də mükafatlar müəyyən stimul yaratsa da, demokratiya məsələləri bununla həll ediləsi deyil. Bizdə bu sahədə ciddi problemlər yaranıb. Tək siyasi məhbuslar deyil, bütövlükdə demokratik anlayışlar təhlükə altındadır. Təsəvvür edin ki, Leyla xanımı, Ilqar Məmmədovu həbs yerində günün günorta çağı dövlət mundiri geymiş həbsxananın vəzifəli şəxsləri basıb döyürlər. Azad mətbuatın işartıları qalıb. Televiziya ekranları azad müzakirələrə yasaq edilib. Xalqın seçki hüququ mənimsənilib, seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq haqqı əlindən alınıb. Bir neçə gün əvvəl mən yazmışdım. Bizim demokratiya faciəmiz o səviyyədədir ki, bu xalqın milli ideya rəhbəri, demokratiya mücahidi olmuş tarixi bir şəxsiyyətinin istiqlalımızın beşiyi olan Gəncədə qoyulmuş büstünün başına harın bir məmur çuval keçirə bilir. Ona görə də, biz getdikcə milli-mənəvi dəyərləri təhlükə altına düşən, düşüncəsi buxovlanan bir millətin məzlum halının sadə müşahidəçilərinə çevrilə bilmərik.
– Vilson Mərkəzinin Sizin mükafata layiq görülməniz haqqında açıqlamasında deyilir ki, “ödədiyiniz yüksək şəxsi bədəllərə baxmayaraq…” siz bu işi davam etdirirsiniz. Burada nəyi nəzərdə tuturlar?
– Bir qayda olaraq mən özümlə bağlı olan məsələləri ictimailəşdirməməyə çalışıram. Amma qızım Günellə bağlı baş verənlər heç bir hüquqi, milli, mənəvi və əxlaqi çərçivələrə sığmır. Onun işində zərərçəkən kimi keçən 87 yaşlı qadın haray salır ki, mən heç bir xəsarət almamışam, tibbi rəyi saxtalaşdırıb iki azyaşlı uşaq anasına müvafiq maddənin ən ağır cəzasını tətbiq edirlər. Azərbaycan məhkəmə sistemində çox nadir hadisədir ki, tək cavabdeh yox, iddiaçı da hökmün ağırlığından şikayət verib. Amma onu eşidən yoxdur, ancaq ona görə ki, Günel mənim qızımdır. Mənim tənqidçi mövqeyimə görə övladımı cəzalandırırlar. Özümə gəldikdə isə, hələ Ziyalılar Forumu yaranandan, xüsusilə prezident seçkisində namizəd olduğum gündən bütün həyatım xüsusi xidmət orqanlarının və bu funksiyanı yerinə yetirməyə həvəsli olan digər qurumların nəzarətindədir. Bütün dünya Azərbaycanı mənim əsərlərimdən öyrənir, amma uzun illər çalışdığım Bakı Dövlət Universitetində saathesabı belə dərslərimi əlimdən aldılar. Deyək ki, Qənimət Zahid, Emin Millinin qohumlarını, Günel Mövludun valideynlərini onlardan imtina etməyə məcbur edirlər, mənim isə aspirant və dissertantlarıma mənim elmi rəhbərliyimdən imtina ərizəsi yazdırırlar. Əks təqdirdə onları müdafiə edə bilməyəcəkləri ilə hədələyirlər. Şükür ki, bu imtinadan sonra onlardan müdafiə edənlər var. Mənim razılığımla həmin gənclərin hansı iztirablar hesabına buna getdiklərini yaxşı bilirəm. Alim üçün bundan böyük təqib nə ola bilər? Azərbaycanın bəzi ölkələrdəki səfirlikləri Bakının tövsiyəsi ilə dəvət olunduğum konfransların təşkilat komitəsinə məktub yazıb mənim guya artıq elmlə məşğul olmadığımı bildirir və müvafiq konfransa dəvət olunmamağımı xahiş edir. Abşeron ərazisində olan qanuni bağ sahəmi “Asan xidmət” vasitəsi ilə 25 dəqiqəlik sənədləşməsindən sonra 2 ay 25 gündür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən yeni çıxarışı müxtəlif bəhanələrlə vermirlər. Bu ancaq mənim tənqidi mövqeyimə görədir. Hərə öz idarəsində bir MTN yaradıb özünün rejimə sədaqətin bizim qanuni sənədlərimizi verməməklə sübut etmək istəyir. Belə faktlar onlarladır, onları sadalamaq fikrindən uzağam. Amma bütün bunlar siyasi təqiblərin ayrı-ayrı formalarıdır. Görünür, Ion Ratiu mükafat komitəsi haqqımızda gedən informasiyaları çox diqqətlə izləyib və bəzi ümumiləşdirmələr aparıblar. Bütün hallarda fəaliyyətimizi Demokratiya mükafatına layiq bilənlərin hamısına təşəkkür borcumuz var və bu müsahibədə onu ifadə etmək istəyirəm.
Xəyal