xanbahadir@mail.ru
Bu gün MTN-lə bağlı ortaya çıxanlar yalnız bir neçə adamla, yalnız bir nazirliklə bağlı cinayətlər deyil, köklü yanaşılsa, 22 illik rejim cinayətləridir. 22 illik rejim boyunca baş verən böyük, çoxsaylı cinayət faktlarını bir qəzet səhifəsi nədir, bir çox qəzetlərə də yerləşdirmək çətindir. Bu baxımdan bu ölkəyə haçaqsa Nürnberq məhkəməsi gərək olacaq: ortada çox böyük sosial-siyasi, milli-mənəvi, fiziki-fizioloji GENOSID faktları var!
Bu gün MTN-lə bağlı ortaya çıxan cinayətlərin kökü ən azı, 22 illik dönəm dərinliyindədir. Bu dönəm çoxsaylı qanun-hüquq pozuntuları içində Azərbaycanı demokratiyadan diktaturaya gətirib çıxarma dönəmidir. Bu dönəmin istər hakimiyətdəki, istərsə də müxalifətdəki yaradıcıları göz qabağındadır. Sözsüz, hakimiyət başında duranlar baş verən cinayətlərin, cinayəti doğuran ortamın başlıca sorumlularıdırlar. Söhbət bir cinayətdən deyil, bir-birinə bağlı uzun sürəli cinayətlərdən, bu cinayətləri doğuran siyasi sistemdən gedir. Bu, diktatura yoluyla Azərbaycanı QAPALI SƏHMDAR CƏMIYƏTƏ çevirən siyasi sistemdir. Ölkədəki bütün televiziyalar bu sistemin televiziyaları, “Azadlıq” qəzetini çıxmaqla, bütün qəzetlər bu sistemin qəzetləridir!
Bu gün preizident köməkçisi olan Ə.Həsənov 2013-cü ildə demişdi: “Son beş ildə dövlət qəzetlərə 17 milyon manat yardım edib”. Bildiyimizə görə, təkcə 2014-cü ildə AzTV-yə 54 milyon manat pul ayrılıb. Indiyədək 20 milyondan çox pul ayrılmış qəzetlər də, çox-çox milyonları udmuş televiziyalar da illərlə yalnız yalana qulluq etməklə xalqa, dövlətə dönüklük-xəyanət yolu tutublar. Buna görə rejim, rejim başçısı illərlə onları öymə, ödülləndirmə yolu tutub. Ölkə gerçəklərini yazan “Azadlıq” qəzeti çoxdan rejim üçün, rejim başçısı üçün başlıca, bağışlanmaz düşmən yerindədir. Dövlət başçısı adlanan kimsənin özünün göstərişinə uyğun olaraq gerçəkləri yazan “Azadlıq” qəzeti bu gün bucağa sıxışdırılmış durumdadır. Dövlət başçısının özünün baxışına uyğun olaraq “Azadlıq” qəzeti ilə rejim arasında bu gün yalnız bir açıq qapı var – TÜRMƏ qapısı! Indiki kriminal rejimi qoruyub saxlamaq platformasından çıxış etməklə Ə.Həsənov 2013-cü ildə, prezident seçkisi ilində, demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Sözsüz, bu, Ə.Həsənovun özünün sözü deyildi, rejimin başında duranların sözü idi. Belə deməklə onların dışda Rusiyaya, içdə üç gücə: DIN-ə, MTN-ə, Orduya arxalandıqları bəllidir.
Bir çağlar Ordudakı rüşvət-korrupsiya faktlarından yazdığımıza görə bizim başımıza nə oyunlar açdılar – satılmış məhkəmələrdən tutmuş, gizli qorxutmalaradək! S.Əbiyev gedəndən sonra özləri Ordudakı rüşvət-korrupsiya faktları ilə bağlı haray-həşir qoparmağa başladılar. Sənəmin “Məşədi Ibad”dakı bəlli haray-həşiri kimi… DIN bu gün də hər baxımdan Hacı Məmmədov dininə bağlı bir qurum olaraq qalmaqdadır. Buna görə də DIN-lə bağlı yazdıqlarımızın hamısı boşuna gedir. Yeri gəlmişkən, biz indiyədək Hacı Məmmədovun nə üçün illərlə MTN-də saxlandığını anlaya bilmirdik. Bu gizlinin üstü indi açılır. Sən demə, MTN yetkililəri – Eldar Mahmudovdan tutmuş Hilal Əsədova, Akif Çovdarova, Ilqar Əliyevədək – hamılıqla Hacı Məmmədovdan dərs alırmışlar. Hələ indi-indi ortaya çıxan az-maz faktlardan da onları Hacı Məmmədov universitetinin dəyərli yetirmələri saymaq olar! Görünür, Hacı Məmmədov çox bacarıqlı seminar ustasıdır.
MTN-lə bağlı soruşdurma-istintaq işinin aparılması iki generala – Əli Nağıyavlə Rüstəm Usubova tapşırılıb. Bəlli olduğu kimi, Ə.Nağıyev bir neçə il qabağadək MTN-də E.Mahmudovun yardımçısı olub. R.Usubov Hacı Məmmədov işində önəmli fiqurantlardan idi. Bütün bu faktlar isə sonucda QAPANAN ÇEVRƏ deməkdir. Siyasi sistemin doğurduğu, siyasi sistem prinsiplərinə bağlı qapalı çevrə!