xanbahadir@mail.ru
Rüşvət, korrupsiya illərdir ölkəni başına götürüb. Tək elə mən özüm ölkəni bütünlüklə saran rüşvət, korrupsiya ilə çarpışma axarında illərdir ardıcıl olaraq yazılar yazıram. Bunlar kimlərəsə cansıxıcı görünə bilər, kimlərsə bir belə yazmağı gərəksiz saya bilər. Ancaq mən bundan bezmədim, bezmərəm: rüşvət, korrupsiya istənilən xalq, ölkə, dövlət üçün ağacı içindən yeyən qurd yerində olduğu üçün! Bizdə kimlərsə qrant üçün antikorrupsiya “mabarizəsi” aparırlar – özləri korrupsiya faktoruna çevrilməklə. Bizdə hökumət də Antikorrupsiya adı altında açıq-açığına korrupsioner siyasət yürütməkdədir. Illərdir ölkəmizdə rüşvətin, korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ dönüşdürüldüyünü yazıram, yazırıq. Boşuna gedir…
Bugünlərdə dövlət başçısı adını daşıyan adam da rüşvətin, korrupsiyanın ölkəni başına götürməsindən danışdı. Indiyədək də o, bu yöndə bir sıra çıxışlar etmişdi, ancaq indi bir az da dərinə getdi. Bunun ardınca rejimin nomenklatur deputatlarından olan Yevda Abramov ilginc bir çıxışda bulundu: “Hamı elə bilirdi ki, prezidentin heç nədən xəbəri yoxdur. Prezidentin hər şeydən xəbəri varmış, bizim xəbərimiz yoxmuş. Sadəcə o bilir ki, sözü kimə və nə zaman demək lazımdır”. Yuxarıda dediyim kimi, I.Əliyev ölkədəki rüşvət, korrupsiya faktları ilə bağlı indiyədək dönə-dönə çıxışlar edib. Indiyədək neçə yol deyib: “Mən bütün ölkədə baş verənlərdən xəbərdaram”. Görünür, Y.Abramovun yaddaşı korşaldığından onları unudub, özünün də başqa deputatlar kimi, ölkədə baş verənlərdən yerli-dibli “xəbəri yoxmuş”. “Prezidentin hər şeydən xəbəri varmış, sadəcə o bilir ki, sözü kimə və nə zaman demək lazımdır”. Y.Abramovun bu dediklərindən belə anlam çıxır: prezident çevrəsinin rüşvətxor, korrupsioner olduğunu bilir, ancaq bilsə də onlara dəyib-toxunmur – sözünü “zamanında” demək üçün. Onda soruşulur: bu nə dövlətçilik, bu nə yönətim, bu nə qanunçuluqdur belə?
I.Əliyevin sözügedən çıxışından sonra “Azadlıq”da yazım çıxdı: “Korrupsiya komandasının komandanı” (15.10.2015). Bu adı o çıxışın özü doğurmuşdu. Prezident çıxışıyla faktiki olaraq korrupsiya komandasının komandanı olduğunu bildirirdi. Belə bir komanda isə yalnız xalq, ölkə, dövlət üçün deyil, o komandanın başında duran istənilən kimsə üçün də qorxuludur. Özü də çox qorxulu! Korrupsiya anlayışının nəyi bildirdiyinə baxaq: “Korrupsiya hakimiyət adamlarının, siyasətçilərin mənəvi pozğunluğu, qanunsuz varlanması, rüşvətxorluğu, soyğunçuluğu mafioz strukturlarla birliyi deməkdir”. Bilə-bilə belə bir komandanın başında durmaq, belə bir komandadan qurtulmağa çalışmamaq bir yandan xalqa, ölkəyə, dövlətə düşmənçilik etməkdirsə, o biri yandan – sonuc baxımından – özünə düşmənçilik etməkdir: korrupsiyanın, korrupsionerin xarakterik görsənişləri baxımından!
Sovet dövlət sistemində KQB ən güclü struktur, “oboxees” rüşvətə, korrupsiyaya bulaşmaq baxımından ən çürük halqa sayılırdı. Bizdə sonuncudan çıxmışı gətirib köklü dəyişiklik etmədən eləcə adını dəyişib MTN adlandırdıqları KQB-nin başında oturtdular. Çağındaca bunun yanlış kadr siyasəti olduğunu yazdıq. MTN tezliklə Sovet KQB strukturundan suverenlik dönəminin “obexees”inə çevrildi. Indi Fransada yaşayan keçmiş MTN polkovniki Ramin Nağıyev MTN-dəki rüşvət faktları ilə bağlı çıxışlar etdi. Baxılmadı. R.Nağıyev deməsəydi də MTN-də rüşvət-korrupsiya faktlarının geniş yayıldığı bəlli idi. Kimlərinsə rüşvətlə MTN-ə işə düzəldiyi danışılırdı. Açması Milli Təhlükəsizlik Nazirliyi olan bir qurumun rüşvət-korrupsiya bataqlığına sürüklənməsi olduqca qorxulu görsənişdir. Başlıcası da düşmən dövlətlərlə çevrələnmiş bir ölkə üçün!
Indiki MTN olayları I.Əliyevin Astanadakı MDB görüşündən sonra ortaya çıxdı. Görünür, 2005-ci il parlament seçkisi qabağı ortaya çıxan olaylardakı kimi, siqnal yenə də Putindən gəlib. Siqnalın haradan gəlməsindən asılı olmayaraq, fakt faktlığında qalır: dövləti içindən yenən korrupsiya…