Ekspertlər bankın nizamnamə kapitalının 500 milyona qədər artırılmasını belə qiymətləndirirlər
Xəbər verildiyi kimi, Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır. Bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir. Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.
Bu addım nəyə xidmət edir? Mərkəzi Bankın belə bir dəyişikliyə getməsi ona hansı üstünlükləri verəcək?
“Bu addımın atılması təbiidir”
Iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, bu addımın atılması mövcud situasiyada təbiidir. P.Heydərovun sözlərinə görə, MB özü artıq neçə müddət idi ki, kommersiya banklarının sözügedən sahədə mövcud imkanlarının artırılması qayğısına qalırdı: “Başqa sözlə desək, bankların nizamnamə kapitallarına qoyulan tələbin 50 milyon manata çatdırılması irəli sürülmüşdü. Və onu da xatırladaq ki, sözügedən limitə nail olmaları üçün Mərkəzi Bank kommersiya banklarına güzəştə gedərək bir neçə dəfə bunun üçün vaxtı uzatdı. Son vaxtlar isə Mərkəzi Bankın özünün mövqeyini möhkəmlətmək və imkanlarını artırmaq tələbi ortaya çıxmışdır. Məlumdur ki, AMB bank sektorunu tənzimləyici orqandır. Ölkədə kommersiya banklarının nizamnamə kapitallarına qoyulan tələbin 50 milyon manata çatdırılmasından sonra AMB-nin də bu sahədə norması yüksəldilməlidir. Bundan əlavə, hazırda manatın devalvasiyasından sonra bank sistemində vəziyyət olduqca mürəkkəbdir. Və bu baxımdan AMB-nin üzərinə düşən yük bir az da artıb. Yaranmış situasiyada ölkədə Mərkəzi Bankın maliyyə imkanlarında dayanıqlığın artırılması zəruridir və olduqca mühüm şərtdir”.
“Mərkəzi Bank dayanıqlığını artırmağa çalışır”
Iqtisadçı-ekspert Rəşad Həsənov isə düşünür ki, bu addımın atılması AMB-nin dayanıqlığının artırılması məqsədi daşıyır: “Düşünürəm ki, bu addımın atılması Mərkəzi Bankın dayanıqlığını artırmaq məqsədi daşıyır, eyni zamanda bank növbəti dövrlər üçün ölkədə valyuta sabitliyini qorumaq məqsədilə böyük ehtimalla borclanmaya gedəcək. Çünki, bildiyiniz kimi, son dövrlər Mərkəzi Bankın bu istiqamətdə xərcləri kifayət qədər artıb. Belə olduğu təqdirdə də valyuta ehtiyatlarının sürətlə əriməsinin qarşısını almağın yeganə yollarından biri də məhz xarici borclanmaya getməkdir”.
Ekspertin sözlərinə görə, bank xarici borclanmaya gedəcəksə, təbiidir ki, bu zaman AMB özünün likvidlik, eyni zamanda kredit qaytarma gücünü, reytinqini dünya maliyyə institutlarına sübut etməlidir və kapitalını standartlara uyğunlaşdırmalıdır. “Düşünürəm ki, atılan addım sırf bu məqsədə yönəlib. Növbəti dövrlərdə, ola bilsin, yaxın gələcəkdə bu istiqamətdə qərar verilsin, hətta sonrakı dövrlərdə həcmin artırılması da müşahidə edilə bilər”- deyə, ekspert qeyd edib(Oxu.az).
“Bank kapital çatışmazlığını həll etməyə çalışır”
Iqtisadçı ekspert Samir Əliyev isə qəzetimizə açıqlamasında qeyd edib ki, bu artım MB-nin kapital çatışmamazlığı ilə bağlıdır. 2014-cü ildə 57.7 milyaon manat kapital çatışmazlığı yarandığını deyən S.Əliyev bildirdi ki, halbuki 2013-cü ildə əks-proses baş vermişdi. Və MB-nin 251 milyon manatlıq kapital artıqlığı yaranmışdı: “Mərkəzi Bankın valyutanın mövqeyini yenidən qiymətləndirməsi nəticəsində zərəri artmışdı. Bir sözlə, Mərkəzi Bankın kapitalının 10 milyondan 500 milyona çatdırılmasının səbəbi budur ki, bank kapital çatışmazlığını həll etməyə çalışır. Mərkəzi Bankın kapital ehtiyatı nizamnamə kapitalından az olmamalıdır. Əvvəl bankın kapitalı 10 milyon idisə, indi onu 500 milyona çatdırırlar. Nəyə görə kapital ehtiyatını artırmaq vacibdir? Ona görə ki, Mərkəzi Bankın xarici valyuta və qızılda saxladığı ehtiyatlar azalır. Bu zaman zərər yaranır və Mərkəzi Bankın kapital ehtiyatlarından istifadə olunur. Kapital ehtiyatı nə qədər çox olursa, bu zərəri örtmək bir o qədər asan olur”.
S.Əliyev bildirdi ki, bankın kapitalı nə qədər yüksək olarsa, bankın maliyyə dayanıqlığı bir o qədər güclü olar. Ona görə kapitalın 500 milyona qaldırılması maliyyə dayanıqlığını artırmağa hesablanıb.
Xəyal