Vahid Məhərrəmov: «Dövriyyədən qazana bilməyən sahibkarlar məcburiyyət qarşısında mal-məhsulun qiymətini qaldırırlar»
Ərzaq məhsullarının qiymətinin artmasıyla bağlı ölkənin bir sıra ticarət mərkəzlərində müşahidələr aparılaraq nəticələr ümumiləşdirilib. ANS TV-nin məlumatına görə, ərzağın qiymətində dəyişikliyin olması ilə bağlı bir neçə mağazada aparılan nəticə elə də ürəkaçan olmayıb. Ərzağın növündən asılı olmayaraq qiymətlər arasındakı artım tempinin 20-50 qəpik arasında dəyişdiyi, satıcıların topdansatış mərkəzlərindən aldıqları ərzağın qiymətinin artdığı üçün mağazada da bu artımın müşahidə olunduğu bildirilib.
Qiymət artımıyla bağlıÿ Iqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirilib ki, son 10 gün ərzində bazarlarda monitorinqlər aparılıb və nəticədə qiymət artımına rast gəlinməyib.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2015-ci ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb. Ay ərzində düyü, qarabaşaq yarması, makaron məmulatları, şəkər və şəkər tozu, mal və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağı, limon, banan, pomidor, badımcan, göy lobya, çuğundur, kök, kartof-soğan, sarımsaq, mineral su və sərinləşdirici içkilər, spirtli içkilərin qiymətlərində bahalaşma olub. Alma-armud, şaftalı, qarpız, yemiş, üzüm, qoz-fındıq, şabalıd, kələm, xiyar, balqabaq, şirin bibərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Məsələni şərh edən kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Ekspertə görə ölkədə kifayət qədər ərzaq malları və kənd təsərrüfatı məhsulları istehsal olunmur.
Istehsalın getdikcə azaldığını söyləyən ekspert, bu il kartofun istehsalının ciddi şəkildə azaldığını deyir:
“Ölkəyə çoxsaylı kənd təsərrüfatı məhsulları və ərzaq malları idxal olunur. O da xarici valyutayla alındığı üçün ölkəyə baha başa gəlir. Bu proses də əlavə xərc tələb etdiyi üçün qiymətlərdə yüksəlmə var.
Həmçinin, qiymətlərdə süni artım da var. Hazırda alıcılıq qabiliyyətinin azalmasına baxmayaraq, malın, məhsulun da qiyməti artıb. Əvvəlki kimi ticarətlə məşğul olan sahibkarlar dövriyyənin hesabına qazana bilmirlər. Onlar məcburiyyət qarşısında qalıb malın, məhsulun qiymətini artırmaq hesabına öz xərclərini qarşılaya, ödəyə bilirlər. Qiymət artımı bununla da bağlıdır. Ümumilikdə, bu amillər daxili bazara çox ciddi təsir edir, ona görə də qiymətlər qalxmaqda davam edir”.
Nigar