“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi çox vacib, əhəmiyyətli günün tələbləri səviyyəsində olan məsələdir”.
Bu barədə vergilər naziri Fazil Məmmədov bu gün Milli Məclisin İqtisadi-siyasət komitəsinin iclasında “Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən mənzil tikintisi ilə məşğul olan şəxslər təməl işlərinə başlanılmış binaların sahələrinə görə sadələşdirilmiş vergi və təqdim etdikləri tikinti sahələrinə görə əlavə dəyər vergisi ödəyirlər.
TƏKCƏ SADƏLƏŞDİRİLMİŞ VERGİNİ ÖDƏYƏCƏKLƏR
“Qanun layihəsində bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur ki, həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Layihəyə əsasən həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını istifadə etmədikləri halda təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi və maliyyə nəticələrindən asılı olaraq vergi ilinin yekunlarına görə mənfəət vergisi ödənilir. Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən maliyyə vəsaiti vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcək”.
EV SATILANDA SADƏLƏŞDİRİLMİŞ VERGİ ÖDƏNİLƏCƏK
Nazir həmçinin bildirib ki, qanun layihəsində daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması da nəzərdə tutulub: “Məlum olduğu kimi, Vergilər Məcəlləsinin qüvvədə olan müddəasına əsasən mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən əldə olunan gəlir vergiyə cəlb olunur. Təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikilməsinə, təmirinə çəkilən xərclər təsdiq edilən sənədlərin bir çox hallarda olmaması bu gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı. Qeyd edilənləri nəzərə alaraq mülkiyyətində olan, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicilərinə aid edilməsi bu sahələrin təqdim edilməsi, satılması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi ilə bağlı müddəalar qanun layihəsinə daxil edilib. Həmin dəyişiklər mənzillərin və digər daşınmaz əmlakın təqdim edilməsindən gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən bəyannamələrin vergi orqanına təqdim edilməsini aradan qaldırmaqla inzibatçılığı sadələşdirir. Bununla yanaşı qanun layihəsi ilə fiziki şəxslərin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində vergidən azad edilməsi nəzərdə tutulur. Yəni 5 il müddətində yaşadığı evdə qeydiyyatdadırsa həmin ev satıldıqda ondan heç bir vergi tutulmayacaq” (Report).