Payızdan ruh halı dəyişənləri, özünə qapılanları, hətta depressiyaya düşənləri belə anlayıram. Sırf ovqatla, əhval-ruhiyyə ilə, hissiyyatla bağlı məsələdir. Fəsillər şəksiz insanın ovqatına təsir göstərir və halını dəyişir, xüsusən payız. Bəlkə mövsümlərin içində insanların da bir “yarpaq tökümü” kədəri yaşaması ilə bağlıdır bu hüzn. Həm də son baharda bir gediş, bir köç, bir tənhalıq, bir soyuqluq, bir sonluq olması ilə. İnsan olaraq hamımız bu əhvalı yaşarıq zaman-zaman. Kədərlənərik, qəhərlənərik, özümüzə qapılıb depressiyaya tərəf gedərik. Amma bəzən də aramızdan kimsə çıxıb elə bir inqilabi addım atar ki, hamımız səksənib dayanarıq. Yan-yörəmizə baxıb, silkələnərik, başımızı dalğın düşüncələrə əyib getdiyimiz yerdə beton divara dəymiş kimi dik atılarıq. Payız adı bir fəsil deyil axı. Bütün dərdlər, böhranlar, qayğılar, üzüntülər təbiət dəyişimi ilə bağlı deyil ki. Bir də Markesin yazdığı “Patriarxın payızı” var. Dünyanın fərqli qitələrində yaşanan, insanları əzən, sıxan, depressiyadan öldürən belə “payızlar” var bir də. Diqqət edin, bəlkə sizi də havalandıran, dəyişən, üzən həmin payızdan biridir elə…
Markes bu əsəri yazanda məhkəmələri dolaşıb məşhur “patriarx” obrazını axtarırdı. İllər sonra tapmışdı öz qəhrəmanını – məşhur Venesuela diktatoru Qomezin simasında. Məhkəmələri də boşuna dolaşmırdı adam. Taxtdan salınan, mühakimə olunan diktatorları yaxından tanımaq, müttəhim kürsüsündə onların üz ifadələrini görmək, davranışlarını izləmək, qanlı cinayətlərinin şahidi olmaq, zülm etdiyi insanları dinləməkdi əsl məqsədi. Və uzun axtarışlardan sonra Qomezin üzərində bir nüansa görə dayandı: ölüm hökmü oxunan anda onun dizinin titrəməsinə görə. Doğrudan da, son yüz ilin siyasi mübarizələr tarixinə baxsaq, dünyadan gəlib keçən diktatorların siyahısı göz qaraldır.
Markesin məhkəmələri gəzib romanına prototip axtarması da buna işarət edir. Amma nə yazıq ki, həmin diktaturalar və məhkəmələr tarixi bu günə kimi uzandıqca uzanır, yenilənir və zənginləşir. Nə vaxtsa 21-ci əsrin siyasi məhkəmələr ölkəsində yaşayacağınızı xəyal etmişdinizmi? Uzun illər imperiya və əsarət bataqlığında çapalayıb, “xilas oldum” deyərkən, belə bir girdaba düşəcəyinizi düşünmüşdünüzmü? Müstəmləkə caynağından böyük qurbanlarla qopardığınız Azərbaycanda qanunun və hüququn öldürüldüyü qorxulu bir sistem qurulacağını ağlınızdan keçirmişdinizmi? İnanın, mən bunu ağlımın ucundan belə keçirməmişdim. İllər öncə gözəl xəyallar qurmuşdum, modern bir ölkədə, ədalətin şah, istedad və bacarığın dəyər sayıldığı bir cəmiyyətdə yaşayacağımı düşünmüşdüm. İllərlə buna görə mübarizə aparmış, buna görə imtinalar etmişdim. İndi hər şeyin yenidən totalitar, əzici və üzücü bir rejimə döndüyünü görmək nə qədər ağrılıdır!
Markes on illər öncə məhkəmələri dolaşıb romanına prototip axtarırdı. Görünür, o, hələ 60-70 il öncə bizdən şanslı imiş. Bizdə yazarların özünü həbsxanalara doldurub, məhkəmələrə çıxarırlar çünki. Bizdə azad yazarlıq “qanundan kənar” elan ediləcək dərəcəyə yaxınlaşır artıq. Hədəf alınan qələm sahiblərinin sayı da artır durmadan. Həftə boyunca məhkəmə salonlarını dolaşmaq adi hala çevrilib artıq bizim üçün. Bunu da elə payız ovqatı ilə yazdım, biləsiniz ki, bizim dərdimiz hava və ya mövsümlə bağlı deyil. Ən böyük dərd ölkənin boğucu havasındadır. Onu dəyişmək lazımdır…