42 illik diktatorun cəsədi qəssab dükanındakı soyuducuda saxlanılır (VİDEO)
Hüsnü Mübarək keçmiş dostunun ölüm xəbərindən komaya düşüb
Liviyanın devrilmiş diktatoru Müəmmər Qəzzafinin ölümü ətrafında müzakirələr davam edir. Onun yerinin necə müəyyən olunması haqda müxtəlif versiyalar dolaşır. Tripoli müxalifətin əlinə keçəndən bəri yeri aşkarlanmayan Qəzzafini həm yeni hökumət, həm də NATO qüvvələri axtarırdı. Ancaq axtarışlar bir nəticə verməmişdi. İndi məlum olur ki, keçmiş diktatorun yerini tapıb ora hücum təşkil etmək onun özünün buraxdığı strateji səhv sayəsində mümkün olub. Qəzzafi həyatı bahasına başa gələn səhvi ölümündən öncəki gecə buraxıb.
Diktatorun yeri necə aşkarlanıb?
Xarici medianın yaydığı məlumata görə, Qəzzafi peyk telefonundan istifadə edərək Liviyanın cənubundakı tərəfdarlarına zəng vurub və onlardan hökumət qüvvələrinə müqavimət üçün 12 min könüllü istəyib. NATO məhz bu zəngdən istifadə edərək Qəzzafinin gizləndiyi yeri aşkarlayıb. Bundan sonra koalisiya qüvvələrinə aid qırıcılar Qəzzafinin gizləndiyi bölgəyə hava hücumlarını artırıb. Qaçmağa çalışan devrilmiş diktator üsyançılar tərəfindən öldürülüb.
Ailəsi Qəzzafinin və oğlunun cəsədini istəyir
Qəzzafinin cəsədi hazırda Misurata şəhərindəki ət mağazalarından birində soyuducuda saxlanılır. Əhalinin onun cəsədini ziyarət etməsinə imkan yaradılıb. İnsanlar onun meyiti ətrafında şüarlar səsləndirərək xatirə şəkilləri çəkdirir. Qəzzafinin ailəsi onun və oğlu Mütəəsimin cəsədlərini dəfn edilməsi məqsədiylə təhvil verməyi istəyib. Suriya televiziyasının xəbərinə görə, diktatorun ailəsi BMT, İslam Əməkdaşlıq Təşkilatı və “Amnesty İnternational” təşklatına müraciət edib.
Müvəqqəti hökumət yeni seçkilərin tarixini açıqladı
Bu arada Liviyanın müvəqqəti hökumətinin baş naziri Mahmud Cəbrayıl 8 ay ərzində ölkədə yeni seçkilər keçiriləcəyini bildirib. Cəbrayıl yeni seçiləcək milli şuranın həm konstitusiyanı hazırlayacağını, həm də müvəqqəti bir hökumət quracağını söyləyib. Baş nazir indiki mərhələdə görüləcək ilk işin silahların yığılması, küçələrdə asayişin təmin edilməsi olduğunu vurğulayıb.
Mübarək komaya düşüb
“Ərəb Baharı”nın ikinci qurbanı Misir diktatoru Hüsnü Mübarəkin Qəzzafinin ölümü xəbərindən sarsıntı keçirməsinə dair xəbərlər yayılıb. Misirdə nəşr olunan “Əl Ahram” qəzetinin xəbərinə görə, Mübarək Qəzzafinin ölümünü gözyaşları ilə qarşılayıb. Qəzet misirli həkimlərə istinadən bildirib ki, Qəzzafinin ölümü Mübarəkə çox pis təsir edib. Həkimlər Mübarəkin hətta komaya güşdüyünü, ürəyinin dayanma həddinə çatdığını bildirib.
Əlavə edək ki, Mübarəklə Qəzzafi arasında sıx dostluq münasibətləri olub.
Diktatorun “baş çekist”i Nigerə qaçıb
Müəmmər Qəzzafinin ətrafındakı ən güclü adamlardan biri olan kəşfiyyat şefi Abdulla Senusinin öldürülməsi xəbəri təsdqilənməyib. Onun Nigerin şimalında olduğuna dair məlumatlar yayılıb. Niger hökumətinin bir rəsmisi paytaxt Niameydə verdiyi açıqlamasında Abdulla Senusinin ölkənin şimalında olduğuna dair kəşfiyyat məlumatı aldıqlarını söyləyib.
İran Qəzzafinin ölümünə sevinir
İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Ramin Mehmanpərəst Liviyada baş verən hadisələrlə və Qəzzafinin ölümüylə bağlı öz ölkəsinin rəsmi mövqeyini açıqlayıb. Mehmanpərəst deyib ki, bütün tarix boyu despot və müstəbidlərin sonu eyni cür olub – onlar şərəfsizcəsinə ölüb. İranın rəhbərləri və sadə insanları Liviyada baş vermiş hadisələrə görə çox sevinirlər, bunu öz ölkələri üçün “böyük qələbə” sayırlar. “Tiran Qəzzafinin məhz bu cür sonu olmalı idi, çünki o öz xalqının hüququnu tapdayırdı. Dünyanın başqa diktatorlarını da eyni tale gözləyir”, – deyə İran rəsmisi bildirib
Qəzzafi Liviyadan 200 milyard qaçırıb
“Los Angeles Times” qəzeti isə Müəmmər Qəzzafinin ölkədən 200 milyard dollar çıxardığını yazıb. Qəzetin yazdığı xəbərdə qeyd edilir ki, bu məbləğ Qəzzafinin əvvəlki oğurladıqlarından iki dəfə çoxdur. ABŞ, Avropa Birliyi və Liviaynın yeni hökumətinin apardığı araşdırmaların nəticlərinə görə, Qəzzafi dünyanın bütün böyük dövlətləri daxil olmaqla, Yaxın Şərq və cənub-şərqi Asiyanın bir çox banklarında pullarını saxlayırmış. Bundan başqa diktator xarici ölkələrdə mülklər alır və bir çox layihələrə sərmayə qoyurmuş. Rəsmi dövlət idarələrinin hesabları formal şəkildə açılır, lakin bu hesablardan Qəzzafinin ailəsi asanlıqla pul çıxara bilirdi.
Qeyd edək ki, Liviyada etiraz aksyaları başdadıqdan sonra ABŞ Qəzzafinin hesabında 37 milyard dollar olan bank hesabını dondurmuşdu. Fransa, İtaliya, Böyük Britaniya və Almaniyanın hökumətləri də 30 milyard dollar olan hesablara həbs qoymuşdu. ABŞ və Avropa Birliyi ölkələri Qəzzafinin vəsaitələrini Liviyanın Milli Keçid Şurasına təqdim etməyə söz verib.
Tural
HƏMÇİNİN BAX:
Qəzzafi öldürüldü! Liviya xalqı diktatorun cəsədini küçələrdə sürüdü (VİDEO/FOTOLAR)