Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmənin səbəblərini açıqlayıb.
AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmənin baş verməsinin başlıca səbəbi antropogen amillərdir.
Direktor müavininin sözlərinə görə, həmin ərazidə yol altında və yol altına yaxın olan infrastrukturda bərkitmə işləri yüksək keyfiyyətlə aparılmayıb: “Hadisə həm də həmin əraziyə axan suların ərazidən uzaqlaşdırılması üçün kifayət qədər su ötürücü qurğuların tikilməməyinin nəticəsində baş verib. Yolun altı kifayət qədər yaxşı bərkidilməyib və su ötürücü qurğular kifayət qədər tikilməyib”.
E. Əlizadə qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən hadisə sırf sürüşmə hadisəsi deyil: “Hamı bunu sürüşmə hadisəsi kimi təqdim edir. Əslində bu sırf sürüşmə deyil, bu sürüşmə-çökmə hadisəsidir”.
***
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsi aktivləşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya bildirib ki, yağmurlu hava şəraiti davam edəcəyi təqdirdə sürüşmə sahəsi daha da aktivləşə bilər.
Dəstə rəisi əlavə edib ki, hazırda Abşeron rayonunun Masazır qəsəbəsində və Bakının Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsindəki sürüşmə sahələrində də nisbətən aktivlik qeydə alınıb.
R. Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər klassik sürüşmə sahələrində hələlik sabitlikdir.