Sahibkar Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavinini nələrdə ittiham edir?Kürdəmir rayonu, Atakişili kənd sakini, müharibə veteranı Isa Xəlilov ölkə başçısı Ilham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”a ünvanlayıb. Isa Xəlilov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini Əli Nağıyevi ittiham edir:
“Cənab prezident! Sizə ünvanladığım şikayət ərizələri, məktub və teleqramların sizə çatdırılmasına Əli Nağıyev və digər şəxslər mane olduğu üçün mətbuat vasitəsilə müraciət edirəm.
Ukrayna vətəndaşı olan qardaşım Niyazi Xəlilov Kürdəmirdə bir sıra xeyriyyə işlərini reallaşdırıb. Buna Heydər Əliyev adına möhtəşəm bir parkın salınması, “Ana fəryadı” abidəsi, “20 Yanvar” parkının salınması, Şahbəyli kəndinə 5 km asfalt yolun çəkilməsi, elektrik xətlərinin çəkilməsi və transformatorun alınması, milli qəhrəman və şəhid ailəsinə himayədarlığı misal göstərmək olar. Qardaşım Ukraynada Azərbaycan Diasporunun fəxri üzvüdür. Mən özüm və xeyli sayda qohum-əqrəbam müharibədə iştirak edərək vətənə borcumuzu şərəflə vermişik. Qohumlarımız arasında şəhid və Milli Qəhrəman da var. Ailəmiz “Kürdəmir Buzxana” ASC və “Kürdəmir Bazar” MMC-nin tam özəlləşdirilməsini həyata keçirib yüzlərlə yeni iş yeri yaratsa da, bir dövlət məmurunun özbaşınalığıyla üzləşərək bütün mülklərimizdən məhrum olmuşuq.
Belə ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində müavin vəzifəsində işləyən Əli Nağıyev dövlət məmuruna yaraşmayan üsullardan istifadə edərək mülklərimizi mənimsəyib.
O, Ukrayna vətəndaşı olan qadaşım Niyazinin bizneslə məşğul olduğunu öyrənərək onunla işbirliyi qurmaq üçün Niyazinin rəhbəri və mülkiyyətçisi olduğu “Putees” cəmiyyətnin hesabına külli miqdarda, bir neçə milyon ABŞ dolları vəsait köçürərək müştərək fəaliyyətə başlayır. Qısa müddətdən sonra isə o, guya əldə olunan gəlirin az olduğunu bəhanə gətirərək cəmiyyətin hesabına köçürülən vəsaiti geri tələb edir. Lakin vəsaitin əksər hissəsi görüləcək işləri həyata keçirmək üçün, xüsusi texnikalar, maşın və mexanizmlər, yük daşıyan avto-moto texnikaların, idarə ofisinin və digər işlərin görülməsinə xərcləndiyindən bu, mümkün olmayıb. Əli Nağıyev sonradan bu işlərə cəlb etdiyi qardaşı Vəli Nağıyev, oğlu Ilham Nağıyev, qohumu Rafət Əliyev vasitəsilə qardaşıma təzyiq göstərərək Rafəti cəmiyyətə rəhbər gətirib onun bütün əmlakını, səhmlərini ələ keçirib. Bu şəxslər qardaşımı başqa regiona apardaraq onu təhdid edib və ondan bizə məxsus rayondakı bütün mülklərin, “Leyli-N” şadlıq sarayının, “Kürdəmir Bazar”, “Kürdəmir Buzxana”, 1850 ha torpaq sahəsinin onların nümayəndələri Ruslan Mansurovun, Pərviz və Şahin Əliyevlərin adına sənədləşdirilməsinə nail olublar. Onlar hətta qohumlarımın övladlarının razılığı olmadan vərəsəlik və mülkiyyət hüququndan məhrum ediblər. Bu şəxslər acımadan “Buzxana” ərazisində ailəmə və qohumlarıma məxsus mal-heyvanımızı, maşın və mexanizmlərimizi, şəxsi əmlakımızı da oradan aparmağa imkan verməyib müsadirə ediblər.
Kürdəmir rayon məhkəməsinin hakimi Rafiq Bağırov əks tərəfin lehinə qərar verib. Hakimin icraatında olan iş materialından aydın olur ki, Əli Nağıyevin adamları məhkəmə iclasında etiraf ediblər ki, mülkiyyət sahibinə bir manat da ödəməyiblər. Bu şəxslər həmçinin mənə və qohumlarıma hansısa formada ödəniş etməyiblər, əksinə, əmlak və xüsusi mülkiyyətimizi əlimizdən alıblar. Əks tərəfin yüksək səlahiyyət sahibi olmasını nəzərə alaraq baş verməsi ehtimal edilən qəza və faciələrin qarşısının alınmasında, pozulmuş mülkiyyət hüquqlarımızın bərpasında, onun qaytarılmasında bizə kömək edin”.
Isa Xəlilovun ittihamları ilə bağlı dəfələrlə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova zəng vurduq. Lakin zənglərimiz cavabsız qaldı. Materialı onun elektron poçtuna göndərməyimiz də bir nəticə vermədi. Bununla belə yazıda adı qeyd olunanların mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.