Hüquq-mühafizə orqanları İŞİD-dən şübhələnir
Oktyabrın 10-da Ankarada törədilən terrorla bağlı yeni məlumatlar yayılıb. Türkiyə mediası xəbər verir ki, hadisəni araşdıran mütəxəssislərin ilkin dəyərləndirməsinə görə, partlayışları iki canlı bomba törədib. Bombalar 3 saniyə fərqlə işə salınıb. Bombaların meydanda yeri və partlama zamanları elə seçilib ki, mümkün qədər çox insan tələfatı olsun. Bomblardan biri meydana toplaşan kütlənin arxa sıralarında özünü partladıb. İkinci bomba isə insanların meydandan qaçmaq üçün qeyri-ixtiyari seçə biləcəyi yolun üstündə gözləyib. İnsanlar panikaya düşüb həmin yolla qaçmaq istəyəndə isə ikinci bomba özünü partladıb.
İddialara görə, cəsədləri Ankaradakı xəstəxanalardan birinə aparılan və kimlikləri hələ də müəyyən edilməyən canlı bombalardan birinin qadın olduğu aşkarlanıb. Deyilənlərə görə, həmin qadın Damiryol Vağzalındakı tualetə girib, bir müddət sonra isə Vağzaldan çıxaraq sürətlə meydana toplaşan insanların arasına gedib. Az sonra isə özünü partladıb.
Mütəxəssislər terror hücumunu İŞİD-in təşkil etdiyi üzərində fokuslaşırlar. Onların fikrincə, bu hadisə ilə bir müddət əvvəl Suruçda törədilən canlı bomba terroru arasında oxşarlıqlar var. Bu terrorda istifadə edilən bomba da 5 iyunda Diyarbəkirdə və 20 iyulda Suruçda işə salınan patlayıcılarla çox oxşardır. Hər 3 partlayışdan sonra güclü yanğın baş verib və ətrafa polad qırıntılar yayılıb.
Bundan başqa, hüquq-mühafizə orqanları canlı bombalardan birinin Suruçdakı dəhşətli hadisəni törədən Şeyx Abdurrahman Alagözün yoxa çıxan qardaşı Yunus Emre Alagöz (25) ola biləcəyini düşünür və bu versiya üzərində iş aparır.
Təhlükəsizlik orqanlarında belə hesab edirlər ki, terrorun Ankarada, özü də Böyük Millət Məclisinin 4, MİT-in isə 3 kilometrliyində törədilməsi Türkiyə hökumətinə meydan oxumağın mesajıdır.
azadliq.info