Kreditlərin artımı dayanıb, problemli kreditlər artıb, əhali əmanətlərini geri çəkir
Nemət Əliyev: «Milli valyutaya inamın bərpa olunmaması prosesi daha da ağırlaşdıracaq»
Bankların iqtisadiyyata ayırdığı kreditlər azalır. “Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, avqustun sonuna kredit qoyuluşlarının məbləği 20 milyard 95,8 milyon manat təşkil edib. Bu, iyulun sonu ilə müqayisədə 91,7 milyon manat azadır.
Bu ilin yanvar ayının əvvəlindən avqustun sonunadək kredit qoyuluşlarının məbləği 601,4 milyon manat azalıb.
Kredit qoyuluşlarının 7 milyard 684,3 milyon manatını və ya 38,2%-ni ev təsərrüfatlarına verilmiş kreditlər (istehlak kreditləri) təşkil edib. Avqustda ev təsərrüfatlarına verilən kreditlər 85,6 milyon manat azalaraq 7 milyard 769,9 milyon manatdan 7 milyard 684,3 milyon manata düşüb.
Əmanətlərin geri çəkilməsinin səbəbi?
Avqustda əhali banklardakı əmanətlərini 284,8 milyon manat azaldıb. Bu ilin sentyabrın 1-nə olan məlumata görə, əhalinin banklarda əmanətlərinin məbləği 7 milyard 320,3 milyon manat təşkil edib. Bu, avqustla müqayisədə 284,8 milyon manat azdır. Qeyd edək ki, avqustun 1-də əhalinin banklarda əmanətləri 7 milyard 605,1 milyon manat idi.
Dollardakı əmanətlər artır
Əmanətlərin 25,2%-i və ya 1 milyard 847,9 milyon manatı milli valyutada, 78,8%-i isə xarici valyutada (əsasən dollarda) olub.
Avqustun əvvəlində əmanətlərin 28%-i və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4ÿmilyon manatı xarici valyutada idi.
Bankların batan kreditləri yenidən artır
Sentyabrın 1-nə olan məlumata görə, 20 milyard 95,8 milyon manat kreditin 1 milyard 333,6 milyon manatının və ya 6,6%-nin ödəmə vaxtı keçib. Avqustda problemli kreditlər 38,8 milyon manat artıb. Avqustda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 294,8 milyon manat idi. Bəs, yaranmış vəziyyət ölkə iqtisadiyyatına nə vəd edir? Bu tendesiyanın artan xətlə getməsi hansı fəsadlara yol aça bilər?
Iqtisadçı Nemət Əliyevin fikrincə, belə bir vəziyyətin yaranmasının səbəbkarı birmənalı şəkildə Azərbaycan hökumətidir. Mərkəzi Bankın qəbul etdiyi devalvasiya qərarının yaranmış vəziyyətə təsirinin böyük olduğunu deyən N.Əliyev bildirdi ki, o üzdən Azərbaycan banklarına ciddi itkilər üz verdi: “Nəticədə devalvasiya qərarından sonra banklar 4.4 milyard, əhali isə 1.4 milyard itki verdi. Daha ağrılı proses o oldu ki, əhalinin və bankların manata olan etibarı itdi. Təəssüflər olsun ki, hökumət bu yanlış qərarı verəndən sonra gərəkən addımları ata bilmədi. Hökumət milli valyutaya olan etimadı geri qaytarmaq üçün təsirli rıçaqları işə sala bilmədi. Nəticədə bankların maliyyə vəziyyəti həddindən artıq ağırlaşdı. Təsadüfi deyil ki, Mərkəzi Bank komerssiya banklarının maliyyə hesabatları barədə məlumatları açıqlamır. Azərbaycan banklarının gəlirləri əsasən kredit verlişindən əldə olunur. Amma hazırda banklar, demək olar, kredit verə bilmir”.
N.Əliyevin sözlərinə görə, banklardan əmanətlərin geri çəkilməsi isə manata inamın itməsinin nəticəsidir. Əmanətçilər manatda olan yığımlarını sürətlə xarici valyutaya çevirirlər. Əgər devalvasiyadan əvvəl manatda saxlanılan əmanətlərin ümumi əmanətlərin 60 faizini təşkil edidisə, bu gün bu göstərici 25 faizə düşüb: “Yekun mənzərə nədir? Ölkənin kreditləşməsi, əhalinin banklara əmanət qoyuluşu dayanıb. Bankların da maliyyə fəaliyyəti ağır vəziyyətdədir. Hakimiyyət də baş verənlərə qarşı hər hansı tədbiri görünmür. Dövlət başçısı da növbəti ildə vəziyyətin ağır olacağını etiraf edir. Baş verənlər onu deməyə əsas verir ki, yaxın perspektivdə yaxşı bir şey gözlənilmir. Milli valyutaya inamın bərpa olunmaması prosesi daha da ağırlaşdıracaq. Ölkənin kreditləşməsinin dayanması qeyri-neft sektorunun vəziyyəti daha da ağırlaşdıracaq. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, əhalinin sosial durumu daha da ağırlaşacaq”.
Xəyal