Bu gün mikromaliyyə bazarında kredit götürənlərin ifrat borclanması gündəmdədir. Dəfələrlə mikromaliyyə sektorunun təmsilçiləri bəyan ediblər ki, sektorun korlanması bankların bu seqmentə geniş yönəlməsindən sonra baş verib. Banklar müştəriləri dərindən qiymətləndirmədən onlara bir neçə borc ayıraraq ifrat borclanma riskini artırıblar.
Bu gün Beynəlxalq Maliyyə Korporasiyası (İFC) da bəyan edib ki, bankların mikromaliyyə sektoruna fokuslanması bank olmayan kredit təşkilatlarını müştərisiz qoyub.
Bakıda keçirilən “Məsuliyyətli mikromaliyyəyə aparan yol” adlı konfransda Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə direktoru Aliyə Əzizova deyib ki, bankların mikro kreditlər verməyi kəskin artırdıqdan sonra bazar olduqca doymuş vəziyyətə gəlmişdir:
“Azərbaycanda bir neçə kommersiya bankları mikromaliyyə sektoruna həvəslə daxil olaraq pərakəndə bankçılq fəaliyyətinin mühüm seqmentini mikromaliyyə üçün ayırmışlar. Nəticə etibarı ilə, bu sektorda müşahidə olunan kəskin rəqabət ilə bazar olduqca doymuş vəziyyətə gəlmişdir. Xoşbəxtlikdən Azərbaycan hələ izafi borclanma böhranı ilə üzləşməyib. Lakin, ABŞ, Hindistan və Bosniya kimi bir-birindən fərqli ölkələrin təcrübəsindən öyrənərək, izafi borclanmanın qarşısını alıb, digər ölkələrin etdiyi səhvləri təkrarlamamalıyıq. İnsanlar üçün maliyyə imkanlarına çıxış olduqca vacib olduğundan biz maliyyə təşkilatlarının öz müştərilərinə qarşı məsuliyyətli davranmasını istəyirik. Hətta heç bir pis niyyəti olmayan təşkilat müştəriləri ifrat borca aparıb onların həyatını dağıda bilər”.
“3-4 KREDİT İZAFİ BORCLANMAYA GƏTİRMƏYƏ BİLƏR”
Aliyə Əzizova qeyd edib ki, bir kredit belə bir ailəni izafi borclanmaya düçar edə bilər.
“Bir halda, bir kredit belə ailəni ifrat borclanmaya düçar edə bilər Digər hallarda isə 3-4 kredit izafi borclanmaya gətirməyə bilər. Ümumiyyətlə, ifrat borclanma götürülən kreditlərin sayından deyil, ailənin gəlirlərindən və ödəmə qabilliyyətindən asılıdır. Məsuliyyətli borclanma barədə müştərilər də məlumatlandırılmalıdır ki, onlar düzgün qərar verə bilsinlər”. (Marja)