Yazı Tofiq Yaqublunun qızı Nigar Yaqublunun “facebook” səhifəsindən görürülüb. Bu məqalə Nigar Yaqublu tərəfindən Avropa Şurasının nümayəndələrinə də təqdim edilib.
Əgər bir Avropa ölkəsi rəhbəri fərəhlə desə ki, onun ölkəsində müxalifət yoxdur, siz onu necə qarşılayardınız? Bu “bizim ölkədə elm, səhiyyə, teatr, idman, internet, televiziya və s.” yoxdur deyib öyünmək kimi absurd görünməzdimi? Ancaq bizim İlham Əliyev dəfələrlə fəxrlə bunu bəyan edib. Halbuki bizdə kifayət qədər səviyyəli və güclü müxalifət var. Hətta, mərhum Boris Nemtsov da bir dəfə bunu etiraf etmişdi. O, belə ağır repressiya şəraitində təslim olmayan, sınmayan və mübarizə aparan bizim müxalifətə heyrətləndiyini bildirmişdi.
Azərbaycan dəhşətli yerdir. 2001-ci ildən AŞ-nın üzvüdür. Azərbaycan AŞ-na üzv qəbul olunduğu sessiyada nümayəndə heyyətimizin rəhbəri İlham Əliyevin özü idi. O bunu tarixi qələbə kimi dəyərləndirmişdi. Azərbaycan AŞ-na üzv olduqda demokratiya və insan haqları ilə bağlı üzərinə öhdəliklər götürdü. O zaman Azərbaycanda bu sahədə vəziyyət çox bərbad idi və biz çox haqlı olaraq düşündük ki, bundan sonra heç olmasa aşağı templə də olsa həmin öhdəliklər yerinə yetiriləcək. Ancaq hər şey gözlədiklərimizin əksinə oldu. Ölkədə demokratiya və insan haqları ilə bağlı vəziyyət günü-gündən pisləşməyə başladı. Təəssüf ki, bunda da AŞ günahkardır. O, götürülmüş öhdəliklərin yerinə yetirilməsinə ciddi nəzarət etmək və Azərbaycanın rəhbərliyinə tələblər irəli sürmək əvəzinə, hər saxta seçkiyə “qüsürlar olsa da, bir addım irəli atıldı” qiymətini verdi. Hərçənd ki, hər seçkidən-seçkiyə saxtakarlığın və özbaşınalığın səviyyəsi daha da artdı. Təsəvvür edin ki, Azərbaycanda repressiyaların ən yüksək həddə ölkəmizin AŞ-nın nazirlər şurasına sədrlik etdiyi dövrdə baş verdi. Bundan sonra Azərbaycanda Qərb dəyərləri uğrunda mübarizə aparan insanları Qərbin ədalətinə və prinsipiallığına inandırmağa çalışan insanların düşdüyü vəziyyəti təsəvvür edirsinizmi? 2013-cü ildə İlham Əliyev Strazburqda olarkən bir jurnalistin Azərbaycanda onun rəqiblərinə qarşı repressiya aparması haqda sual verdi. Prezidentliyə namizəd İlqar Məmmədovun həbs edilməsini xatırlatdı. İlham Əliyev dedi ki, Azərbaycanda rəqiblərə qarşı heç bir repressiya aparılmır, məhkəmələr ədalətli və müstəqildir. Kim hökmdən razı deyilsə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. AİHM İlqar Məmmədovun şikayətinə xüsusi qaydada baxdı, onun həbsini siyasi həbs saydı və azad olunmasını istədi. İlqar Məmmədov hələ də həbsdədir. Mən də İlqar Məmmədov kimi İsmayıllıda baş vermiş hadisələri öyrənmək üçün bir gün sonra ora getdiyimə görə həbs olundum. Bütün kommunikasiyaların çoxdan bitdiyinə baxmayaraq, təəssüf ki, AİHM hələ də qərarını elan etməyib. AİHM eks səhiyyə naziri Əli İnsanov haqda da qərar verib, lakin Azərbaycan hökuməti bu qərarları yerinə yetirmir və həmin şəxsləri həbsdə saxlamaqda davam edir. AŞPA-nın ötən sessiyasında müzakirə olunan Azərbaycan üzrə monitorinq qrupunun üzvləri Pedro Aqramunt və Tadeuş İviniskinin hazırladığı hesabatda qeyd etdilər ki, məruzəçilər AİHM qərarlarının yerinə yetirilməli olduğunu deyəndə, şəxsən İlham Əliyev və baş prokuror Zakir Qaralov bu qərarları tanımadıqlarını deyiblər.
1993-cü ildən Azərbaycanı idarə edən Əliyevlərin sülalə hakimiyyəti qeyri-legitimdir. Ölkədə rəsmi təbliğat onun üzərində qurulub ki, bu ölkəni, ancaq bu ailənin üzvləri idarə edə bilər. Hələ SSRİ dövründə Heydər Əliyev uzun müddət Azərbaycanın rəhbəri olmuşdu. O, 1993-cü ildə baş vermiş hərbi qiyamın nəticəsində hakimiyyəti ələ keçirdi və iki dəfə ölkənin prezidenti vəzifəsini həyata keçirdi, sonra hakimiyyəti oğlu İlham Əliyevə ötürdü. O vaxt Konstitusiyamız bir nəfərin 2 dəfədən artıq prezident olmasına imkan vermirdi. İlham Əliyev saxta bir referendumla bu maddəni aradan götürdü. İndi onun 3-cü prezidentliyidir. Hələ bundan sonra da uzun müddət ölkənin başında durmağı planlaşdırır. Suriya diktatorları ata Hafiz Əsədlə oğul Bəşər Əsəd və yaxud da Şimali Koreyadakı hakim Kim İr Şen sülaləsini xatırlamaq burada çox yerinə düşərdi. İlham Əliyevin çox möhkəm komandası var. Onunla korrupsiya ortağı olan bu komanda həm də demokratiyanın inkişaf etməsinin qarşısını çox amansızlıqla alır. Komanda üzvləri yaxşı başa düşürlər ki, bu illər ərzində yetərincə çoxlu cinayətlər törədiblər. Bu komandanın nazirləri kabinetdə qocalırlar. Misal üçün daxili işlər naziri Ramil Usubov 21 ildir ki, nazir kreslosunda otuirub. Bu ölkədə DİN, prokurorluq və məhkəmə, ancaq cəza aparatı rolunu oynayır. İlham Əliyevin ingiliscə çıxışlarına fikir verməyin. O, “Azərbaycan hüquqi dövlətdir, məhkəmələr müstəqildir və heç kim düşüncəsinə görə təqib olunmur” deyəndə, yalan danışır. Siz hansısa diktatorun diktator olduğunu etiraf etdiyini görmüsünüzmü? Şimali Koreya diktatoru Kim Çen İr ölkəsini ən demokratik ölkə sayır, antidemokratiyanın isə Qərbdə mövcud olduğunu deyir. Eləcə də İlham Əliyev. Onun müxalif fikrin təqib olunmadığı haqda dediklərinin nə qədər yalan olduğunu təptəzə bir faktla sübut edim. Senytabrın əvvəlində Fransanın Anten-2 telekanalının jurnalisti bu ölkədə səfərdə olan first lady Mehriban Əliyevaya sual verərkən İlham Əliyevi “despot” və “diktator” adlandırıb. Buna görə Azərbaycan hakimiyyəti həmin jurnalisti məhkəməyə verib. Özünüz düşünün azad Fransanın, azad jurnalistini öz ölkəsində işlətdiyi ifadəyə görə məhkəməyə verən İlham Əliyev, onun xalqdan oğurladığı onlarla milyardı ifşa edən Xədicə İsmayıla qarşı necə münasibət bəsləyərdi? Və yaxud da ölkədəki repressiyaları beynəlxalq səviyyədə uğurla ifşa edən məğrur qadın Leyla Yunusun alim əri Arif Yunusla həbsdə olmasının səbəbini başa düşmək çətindirmi? Beynəlxalq rəsmi qurumlarla yanaşı “Human Rights Watch”, “Freedom House”, “Article – 19” , “Amnesty International” və s. kimi məşhur təşkilatlar Azərbaycanda repressiyanın günü-gündən artdığını, insan haqlarının pozulduğunu və seçkilərin saxtalaşdırıldığını bildirirlər. Bu bəyanatlara Azərbaycan hakimiyyətinin vahid bir reaksiyası var. “Bunlar hamısı düşmən ermənilərin əməlləridir”, “Qərb bizim inkişafımıza paxıllıq edir” və “Müstəqilliyimizi həzm edə bilmirlər” ….
08.09.2015 tarixində İlham Əliyev hökumətin iclasında həbsdə olan siyasi məhbusları nəzərdə tutaraq dedi ki, Qərb Azərbaycanda Maydan hərəkatı yaratmaq istəyirdi və biz ölkəmizə uzanan o qara əlləri kəsdik və həmin insanları isə bədbəxt etdilər. Bu əsl özünüifşadır. Əgər həmin adamlar Qərbin, guya həyata keçirdiyi Maydan əməliyyatına görə həbs olunublarsa, niyə onlara narkotik, silah qaçaqmalçılığı, xuliqanlıq, şəxsə xəsarət yetirmə, vergidən yayınma, polisə tabe olmamaq, qanunsuz sahibkarlıq və s. kimi uydurma ittihamlar irəli sürülüb və məhkum olunublar? Əslində onun bu sözləri ən yüksək səviyyədə etirafdan başqa bir şey deyil. Anlamaq çətindir ki, nə vaxtadək mütərəqqi dünya özünün şəxsi pulları və ölkənin nefti ilə öyünən bu diktatorun qabağından geri çəkiləcək? Azərbaycanda yaşam şərtləri çox ağırdır. Dövlətin verdiyi maaş və pensiya gülünc dərəcədə aşağıdır. Buna rəğmən İlham Əliyev neft pulları ilə ölkədə tikilmiş saysız-hesabsız “Heydər Əliyev mərkəzi”nin binaları, onun adına salınmış parkları və heykəlləri göstərərək “Azərbaycan çiçəklənib, tam bir Avropa dövlətinə çevrilib” deyir.
AŞPA-nın iclaslarında Azərbaycanı təmsil edən deputatlar var. Onların heç biri, o cümlədən, ölkə parlamentində təmsil olunan digər deputatlar seçicilərdən mandat almayıblar. Onları bu vəzifəyə İlham Əliyev təyin edib. Burada təmsil olunan deputatların fəaliyyəti, ancaq Azərbaycana qarşı tənqidlərin qarşısını almaqdan ibarətdir. Onlar illər boyu Strazburqa kürü və pul daşıyıblar ki, bu tənqidlərin qarşısını alsınlar və xeyli dərəcədə də buna nail olublar. Bizimd deputatlar xalq üçün heç bir xeyirli iş görmürlər. Onlara mandat vermiş hakimiyyətə yaltaqlanmaq və onu qorumaqdan başqa heç nə ilə məşğul olmurlar. Daxil olun Azərbaycanın Milli Məclisinin saytına, görün orada dövlət başçısının ünvanına kimsə bircə dəfə tənqidi fikir söyləyibmi? Bu mümkün deyil. Normal parlamentdə bu mümkündürmü?
Məncə, yetər! Nəhayət həqiqət tam çılpaqlığı ilə deyilməlidir. Heç olmasa AP-nin son qətnaməsinə fikir verin. O, son qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi haqda Avropa Komissiyasına müraciət edilib. İlham Əliyevin və ailəsinin korrupsiyasının araşdırılması üzrə Xədicə İsmayılın işinin davam etdirilməsinə və AB ölkələrinin noyabrda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməməsinə çağırıb. ATƏT-in Varşava bürosu da bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina etdi. Çünki ortada müşahidə edilməli bir şey yoxdur. AŞ da bu haqda öz qərarını verməlidir. AŞPA Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı sonuncu sessiyada qəbul etdiyi qətnamədən daha da irəli getməlidir. İşğalçı və avtoritar Rusiya lideri Putinə sığınır, onun dedikləri ilə oturub-durub. İlham Əliyevə AŞPA ciddi mesaj verməlidir və qarşısında konkret tələblər qoymalıdır. Eyni zamanda Azərbaycanla bağlı konkret addımların atılması üçün inkişaf etmiş demokratik ölkələrin liderlərinə müraciət edilməlidir.