Ziyalılar cəmiyyətin intellektual avanqardı olaraq dövlətçilik dəyərlərinin təbliği prosesində ən vacib rol oynamalıdırlar. Fikrimizcə bu sahədə kompleks fəaliyyətə, elmi əsaslandırılmış ardıcıl və məqsədyönlü işə tələbat vardır. Məhz belə fəaliyyət arxaikləşmiş və tərəqqiyə əsaslı şəkildə mane olan stereotiplərin aradan qaldırılmasına kömək edə bilər. Ziyalılar cəmiyyətdə humanitar auranı formalaşdıran bir qüvvədir və bu imkanlardan istifadə zəruridir. İdeoloji sahədə ən mühüm rol isə yaradıcı insanların, intellekrual fəalların üzərinə düşür. Millət formalaşır və özünü formalaşdırır – bu tarixən bitməyən prosesdə başlıca rol yaradıcı şəxsiyyətlərin, siyasətçilərin, ideoloqların ictimai fəallığına məxsusdur.
Cəmiyyətin, dövlətin gücü milli şüurun gücü, milli birlik, milli mənsubiyyət hissinin gücü ilə ərsəyə gəlir. Azərbaycan xalqının etnik və sosial-siyasi mütəşəkkilliyinə təsir edən üç mühüm komponent var:
- Xalqın təşəkkülü prosesinin uzun sürməsi;
- Azərbaycanın qədim dövrlərdən gələn etnik zənginliyi, yaxud mürəkkəbliyi;
- Azərbaycanda milli dövlətçilik təfəkkürünün, milli maraqların, iddiaların nə dərəcədə yüksək olub-olmaması.
Türk sosioloqu O.Türkdoğana görə “Etnik kimlik, dini kimlik, bölgəsəl və sosial-iqtisadi kimliklər daha çox əşirət-qəbilə yaşantısının müxtəlif yansımalarıdır. Milli kimlik, bütün bu yan-kimlik ünsürlərinin aşılması, hamının ortaq inanc və dəyərlər sistemində birgəliyidir”. Fikrimizcə dövlətin daxili siyasi möhkəmliyi, mütəşəkkilliyi milli birlik hissinin gücləndirilməsi, bu birliyi formalaşdıran simvolların, tarixi dəyərlərin təbliği ilə sıx şəkildə bağlıdır.
Ölkədə demokratik xarakterli islahatların dərinləşdirilməsində vətəndaş cəmiyyətinin mühüm rolu var. Vətəndaş cəmiyyəti strukturları son illərdə Azərbaycan cəmiyyətinin siyasi, sosial,mədəni və iqtisadi həyatında əhəmiyyətli rol oynamaqdadı. Bu qurumlar həm kəmiyyət, həm də keyfiyyət baxımından güclənməkdə və sosial gücə çevrilməkdədir. Hər hansı bir ölkədə vətəndaş cəmiyyətinin qurulmasında lənglik və süni maneələr hakimiyyətin mütləqləşdirilməsinə, demokratik dəyərlərin gec bərqərar olmasına səbəb olur.
Ölkə müstəqillik əldə etdikdən sonra, daxili siyasi mühiti sağlamlaşdırmaq üçün qarşıda duran vəzifələrdən biri vətəndaşların hüquqi maarifləndirilməsi ilə bağlı görülən işlədir. Xalqın siyasi mədəniyyətinin əsas göstəricilərindən biri də heç şübhəsiz ki, hüquqi təfəkkürün yüksək səviyyədə olmasıdır. Sovet dövründən bizə miras qalan totalitar siyasi-hüquqi şüurun yerinə Azərbaycan dövlətinin mövcud qanunlarının, vətəndaşların hüquq, vəzifə və azadlıqlarını ehtiva edən sənədlərin təbliği sahəsində fəaliyyətin aparılmasına ehtiyac vardır. Məlumdur ki sovet dövrünün sonları üçün hüquqi nihilizm xarakterik idi. İndi isə dövlətin, cəmiyyətin vəzifələrindən biri hüquqi tərbiyə, qanunun aliliyi prinsipinin bərqərar olmasıdır.
Azərbaycanın başlıca və ilkin milli maraqlarının müdafiəsi, milli təhlükəsizliyinin təmin edilməsi və qarşıya qoyduğu strateji hədəflərə çatması onun daxilən güclənməsini və modern demokratik bir dövlət kimi beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasını tələb edir. Bu da öz növbəsində Azərbaycanın demokratik inkişafıni, azad dünyaya inteqrasiyanı və qloballaşan dünyaya adaptasiyanı tələb edir.
Sosial təcrübə göstərir ki, insan potensialının formalaşması, açılması və yaradıcılıq qabiliyyətinin həm özü, həm də cəmiyyətin xeyrinə səmərəli istifadə olunması üçün ən yaxşı şərait insan azadlığını təmin edən demokratik siyasi sistemdir. Demokratikləşmə Azərbaycanın milli mənafelərinə cavab verən və xalqın əsrlər boyu gəldiyi yolun davamıdır. Demokratiya xalqın strateji, köklü mənafelərinə cavab verən və milli əxlaq və mənəviyyatın normalarına uyğun formalaşmalıdı. Aydındır ki, əxlaqi baxımdan aşınmış, nihilist toplum heç bir halda demokratik və təhlükəsiz ola bilməz. Məlumdur ki, xarici təsir, ideya mübadiləsi hər bir ölkə, xalq üçün zəruri və əhəmiyyətlidir. Amma bir dəyəri, prinsipi və mexanizmi yamsılama – öyrənmə texnologiyası deyil, özündə olanın itirilmə üsuludur”. Yəni demokratik prinsiplər, ideyalar xalqın milli mənafeyinə cavab verərək icra edilməlidi və bu istiqamətdə ehkamçılıq, mexaniki yanaşma nəzəri-təcrübi baxımdan doğru deyil. Demokratikləşmənin Azərbaycan variantı elmi baxımdan öyrənilməli və tətbiq edilməlidi.
Azərbaycan Respublikasında demokratikləşmə prosesi bir sıra ziddiyyət və çətinliklərlə qarşılaşmaqdadır. İlk növbədə bu proses totalitar sovet idarəçiliyindən və ənənələrindən qalan təfəkkür üsulunun hələ də ictimai münasibətlərdə müəyyən qədər rol oynaması ilə bağlıdır. Məsələn, vətəndaşların siyasi həyatda siyasi fəallığa mane olan tarixi-sosial səbəblər kifayət qədər çoxdur. Bütün bunlar isə vətəndaşların siyasi proseslərdə passiv iştirakına zəmin olur. Demokratiya və ətalət bir araya sığmır.
Təbii ki, seçkilər müasir demokratik ölkələrdə ciddi rəqabət, ölkənin problemlərinin geniş ictimai diskussiyası şəraitində keçir. Hər bir ölkədə vaxtaşırı keçirilən seçkilər xalqın vətəndaşlıq səviyyəsini, siyasi yetkinlik səviyyəsini göstərir.
Mehman Xanlaroğlu