Vəkil Elçin Sadıqov 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Pərviz Həşimli ilə görüşüb. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirir ki, Pərvizin səhhətində problem var. “Pərviz bildirdi ki, havaların dəyişməsi ilə əlaqədar bir çox məhbuslar kimi o da qripə tutulub. Ancaq saxlanma şəraitindən narazılığı yoxdur”.
Elçin Sadıqov əlavə etdi ki, Pərviz Həşimli ilə Ali Məhkəmədə baxılacaq kassasiya şikayətini müzakirə ediblər. “Pərviz düşünür ki, Ali Məhkəmə onun işinə qanuni əsaslarla və ədalətlə baxacaq. Nə Bakı Ağır Cinayətlər Məhkəməsində, nə də Apellyasiya məhkəməsində onun işinə ədalətlə baxılmayıb. Heç bir sübut olmadan barəsində hökm çıxarılıb və ağır cəza verilib. Ancaq Ali Məhkəmədə işin ədalətlə araşdırılaraq, haqqın bərqərar olunacağına ümid edir” – deyə vəkil bildirdi.
Qeyd edək ki, Pərviz Həşimlinin Ali Məhkəməyə kassasiya şikayətinə 27 oktyabr 09.50-də hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb, evində və iş yerlərində axtarış aparılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 24 dekabr 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verilib.
Pərviz Həşimli 2013-cü il oktyabrın 22-də “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindən “vicdan məhbusu” elan olunub.