İctimaiyyətin marağına səbəb olan aclıq aksiyası keçirənlərin sırasında Gözəl Bayramlı və İradə Əliyeva da var
Siyasi Məhbus Ailələri Komitəsinin başladığı aclıq aksiyası davam edir. Xatırladaq ki, aclıq aksiyasına 14 oktyabrdan Siyasi Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli və komitənin üzvü Ibrahim Hacıbəyli başlayıb. 15 oktyabrdan aclıq aksiyasına AXCP Gənclər Komitəsinin fəalı Dəyanət Babayev, 16 oktyabrdan Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Oruc Novruzov qoşulub. Oktyabrın 17-də isə aclıq aksiyasına cəbhəçi xanımlar dəstək verib. AXCP sədrinin müavini Gözəl Bayramlı və AXCP Ali Məclis sədrinin müavini Iradə Əliyeva aclıq aksiyasına qoşulublar.
Gün ərzində aclıq aksiyası keçirənləri ziyarət edənlər sırasında Müsavat partiyasının başqanı Isa Qəmbər başda olmaqla partiyanın rəhbərliyində təmsil olunan şəxslər də vardı.
Isa Qəmbər “Müsavat idealları – müstəqil, demokratik və firavan Azərbaycan uğrunda səmərəli, yorulmaz fəaliyyətinə və önəmli xidmətlərinə görə və partiyanın yaranmasının 100 illiyi münasibətilə təltif olunur” qeyd edilən diplomların üçünü siyasi məhbusların valideynlərinə təqdim etdi. Təravət Əliyeva (Cabbar Savalanlının anası), Arzuman Məcidli (Elnur Məcidlinin atası) və Ibrahim Hacıbəyli (Rüfət Hacıbəylinin atası) bu diqqətinə görə Müsavat partiyasına təşəkkürünü bildirdi.
Aclıq aksiyasını keçirənlərə ötən gün hüquq müdafiəçiləri – Novella Cəfəroğlu və Səidə Qocamanlı baş çəkdi. Ziyarətçilər sırasında AXCP qadınlar şurasının sədri Solmaz Hüseynova başda olmaqla bir qrup cəbhəçi xanım, partiyanın Rəyasət Heyətinin üzvü Səadət Cahangir, Müsavat gənclər komitəsinin sədri, siyasi məhbus Tural Abbaslının anası Başxanım Abbasova, AXCP sədrinin müavini Asəf Quliyev, AXCP və Müsavat partiyasının fəalları, Ictimai Palatanın üzvləri Yeganə Əmiraslanova və Nüşabə Atakişiyeva, “Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəyli, tanınmış vəkil Anar Qasımlı, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri Ilqar Hüseynli, SMDT-nin nümayəndəsi Bəşir Süleymanlı, hüquqşünas Ziya Quliyev və başqaları vardı.
Solmaz Hüseynova və digər ziyarətçilər aksiyanı ilk gündən keçirən Ibrahim Hacıbəyli və Arzuman Məcidlinin aclığı dayandırmalarını xahiş etdilər. Hər iki adı çəkilən şəxs səhhətlərində o qədər ciddi problem olmadığını dilə gətirdilər. Ancaq xanımların israrlı xahişlərindən sonra dünən saat 21:00-da onlar aclıq aksiyasını dayandırdı.
Aclıq aksiyası hələlik dörd nəfərlə – Gözəl Bayramlı, Iradə Əliyeva, Dəyanət Babayev və Oruc Novruzovla davam edir.
Aksiyaya güclü ictimai dəstək var. Aldığımız məlumata görə, demokratik ictimaiyyətin onlarla üzvü aksiyaya qoşulmaq istəyir. Ancaq aksiya keçirənlər yerin kiçik olduğunu və aksiyanın davamlı olması üçün növbəli aclıq etmək qərarına gəliblər. Bu gündən etibarən aclığa yeni simaların qoşulacağı gözlənilir.
Qeyd edək ki, aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub. Ruslan Bəşirli 2005-ci ildən həbsdədir, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev 2011-ci ilin mayında, Vidadi Isgəndərli aprel ayında azadlıqdan məhrumetməyə məhkum edilib.
Ramin DEKO