O təkcə öz fənnini öyrətməyib…
“Müəllim” adının necə uca, ülvi olduğu barədə inanmıram, nəsə təzə bir fikir yazıb insanları təəccübləndirmək olar. Tarixin bütün dövrlərində “müəllim” adı seçilib. Bizim ölkədə isə son illər bu ad öz cazibəsini heyrət ediləcək dərəcədə itirib. “Müəllim” sözünün az qala “saxtakar” sözünə sinonim olduğu bir ortamdayıq. Ancaq hələ qiyamətin qopduğunu bəyan etməyə dəyməz. Azərbaycanın ən ucqar guşələrində belə, “müəllim” adını qoruyan, ona şərəf-şan gətirənlər var. Hə, pis odur ki, belələri cəmiyyətdə dominat deyil, buna görə də gözümüzə az dəyirlər, səsləri gur gəlmir.
Siz bir siyasət adamısınızsa, yoldaşınızın kimliyi önəmlidir
Əli Qasımov adı Azərbaycan siyasətində olanlar üçün tanış addır. Müxalifətin ən güclü dayaqlarından birinə (AXCP-yə) Imişlidə Əli Qasımov rəhbərlik edir. Bütün seçkilərdə Əli Qasımov və onun təmsil etdiyi təşkilat Imişlidə öz sözünü deyib. Bakıdakı mühüm aksiyalarda da bu mübariz adamla daim qarşılaşmaq mümkündür. Əli Qasımovu çoxumuz bitməyən enerjisi, prinsipiallığı, mübarizliyilə tanımışıq, onun bu keyfiyyətlərini cilalayan səbəbdən isə çox təəssüf ki, yetərincə xəbərsiz olmuşuq.
Keçən il 30 oktyabrda Qasımovlar ailəsi, Əli bəy ağır bir itki ilə üzləşdi. Ailənin xanımı, Aybəniz müəllimə ağır xəstəliyə daha müqavimət göstərməyib vəfat etdi. Cəmi 4 gün əvvəl o, 38 yaşını tamamlamışdı.
Bu məqalə, əsl müəllim Aybəniz Abbasovaya aiddir.
Özəlliklə Azərbaycan kimi avtoritar rejimlərdə mübarizə adamları, siyasətçilər üçün ailə çox mühüm rol oynayır. Illərdir gözümüzün önündə dağ kimi oğlanlar “arvad-uşaq” söhbətlərinə görə sınır, saxılır, ən yaxşı halda mübarizədən geri çəkilir. Bu mənada Əli bəy, Aybəniz müəllimə ilə yaşadığı illərdə necə böyük avantaja sahib olduğunu hələ indi-indi anlayır:
“Mən indi hiss edirəm ki, necə böyük itki ilə üzləşmişəm. Əlbəttə, ailədən kiminsə vəfatı həmişə faciədir, dərddir. Ancaq mənim itkim təkcə həyat yoldaşım çərçivəsində deyil. Mən mübarizə yoldaşımı, mənə dayaq olan böyük bir gücü itirmişəm.
Ömür-gün və mübarizə yoldaşı
Yaşadığımız məhrumiyyətlərə, onu, uşaqlarımı üzbəüz qoyduğum riskə görə heç zaman ondan qınaq, inciklik görmədim. Əksinə, məni daha da ürəkləndirər, mübarizənin nəticəli olacağına inandırardı. Ilk günlərdən AXCP-nin üzvlüyünə yazılmışdı. Cəbhənin arxivi onun hazırladığı sənədlərlə doludur. Bakıdakı aksiyalara uşaqlarla birgə qatılardı”.
Qısa bioqrafiya
Aybəniz Abbasova 26 oktyabr 1962-ci ildə Bakıda doğulub. BDU-nun mexanika riyaziyyat fakültəsini bitirib. Əli Qasımovla onun yolu 1982-ci ildə kəsişib, 1987-ci ildə ailə qurub. 1985-87-ci illərdə Bakıda Statistika Komitəsində, daha sonra isə 2009-cu ilədək isə Imişli rayon mərkəzindəki 1 saylı orta məktəbdə çalışıb.
Saleh adlı oğlu, Türkan adlı qızı var. Hər iki övladı ali təhsillidir.
Dərdə tuş gəlmə…
Qasımovlar ailəsinə ağır dərdin ilk gəlişi 2000-ci ilin avqustuna təsadüf edir. Aybəniz müəllimədə onkoloji xəstəlik aşkarlanır. Lakin əməliyyat uğurla nəticələnir, həkimlər vəd verirlər ki, 5 il risk var, bu müddət ötüşsə, daha heç nədən zaval yoxdur. Lakin 9 ildən sonra bəla geri dönür, özü də daha amansız formada…
Beləliklə, ailənin onsuz da qayğılar içində olan güzəranı daha da gərginləşir. “Iki il mənim Bakı ilə Imişli arasında get-gəldə nələr çəkdiyimi bir Allah bilir…” deyir Əli bəy. Ancaq təkcə Allah yox, bu ailəni tanıyan hər kəs Əli bəyin amansız xəstəliklə vuruşuna şahidlik edir, “hər kişinin eləmədiyini o eləyirdi” deyirlər. O, özü isə hələ də narahatdır: “Hər gün düşünürəm ki, görəsən, onun bir gün də olsa, çox yaşaması üçün edə biləcəyim nəsə vardımı?”
O, ağrılara təslim olmurdu…
Avqust bu ailə üçün arzuolunmaza dönür. Birinci əməliyyat kimi, ikinci, üçüncü əməliyyatlar da bu aya təsadüf edir. Nəticə isə gözlənildiyi kimi olmur. Aybəniz müəlliməni saxlamaq mümkün olmur. Ancaq o ölümü də qürurla qarşılayır. Bunu bizə söhbətləşdiyimiz 1 saylı litseydəki müəllim yoldaşları da deyir.
“Xəstəliyinin ən çətin anlarında da onunla telefonla danışırdıq. Heç vaxt ufuldamazdı. Bu, fövqəlinsana xas bir vüqarlılıq idi”, – deyə litseyin riyaziyyat müəllimi Almaz Həşimova Aybəniz müəllimə ilə bağlı fikirlərini bölüşür.
Əli Qasımov isə maraqlı bir detalı xatırlayır. Deyir ki, lap son günlərdə həyat yoldaşının ziyarətinə AXCP sədri Əli Kərimli ilə cəbhədaşları gələrkən, o, yenə də yüksək düşüncə nümayiş etdirib: “Aybəniz, üzünü dostlarıma tutub dedi ki, mən bacardığım qədər – buradək Əliyə mübarizədə kömək etdim, bundan sonrası sizlikdir, Allah sizə yolunuzda uğur versin. Bəlkə də başqası olsaydı, deyərdi ki, mənim ömrümü elə sizin bu mübarizə çürütdü”.
Ondan təkcə şagirdlər dərs almayıb
Aybəniz müəllimənin işlədiyi pedaqoji kollektiv onun barəsində sözün əsl mənasında ağlayaraq danışırlar. Müəllimlər 4-5 cümləni güclə düzüb qoşurlar, qəhər onları boğur. Təmkinlərini qoruya bilmirlər. Litseyin direktoru Akif Mövsümov: “Deyirlər Allah istədiklərini öz dərgahına tez aparır. Aybəniz müəllimə də cəmiyyətin, insanların sevimlisi idi, onun belə nakam itkisinə başqa heç bir izah tapmaq mümkün deyil”.
Litseydə təşkilati məsələlər üzrə müavin Mirzeynal Fəttah Aybəniz müəllimin itkisini evdən yox, eldən gedən itki sayır. O deyir ki, bu xanım öz insani və pedaqoji keyfiyyətlərilə müstəsna dərəcədə seçilənlərdən olub: “Yüksək bilik və bacarığı ilə yanaşı, Aybəniz müəllimə şagirdlərinə həm də ana kimi qayğı göstərirdi. Onun şagirdləri və övladlarına yanaşması eyniyyət təşkil edirdi”.
O, hər kəsin arzu etdiyidir
“Mən hələ illər öncə onu qayınatasına tərifləyib demişdim ki, heç kimə belə gəlin qismət olmayıb” – bunu isə Almaz müəllimə deyir. Onun fikrini isə fizika müəllimi Famil Mövsümov gücləndirir: “Bu böyük itki hər gün bizi əzir. Mənim ürəyimdə daim belə arzu olub ki, kaş övladıma onun kimi gəlin qismət olaydı. Bu insanın davranışı, ətrafla münasibət saxlama qabiliyyəti təkrarsız idi. Heyf ki, onun haqqında ancaq keçmiş zamanda danışırıq”.
Litseydə dərs hissə müdiri işləyən Şakirə Məmmədova da Aybəniz müəllimənin yüksək insani keyfiyyətlərinə, zəngin mənəviyyatına heyran olanlardandır. O deyir ki, birgə çalışdıqları müddətdə Aybəniz xanıma hansısa bir məsələ ilə bağlı irad tutduğunu xatırlamır.
Dil-ədəbiyyat müəlliməsi Aybəniz Nəsirova isə deyir ki, adaşının ölümünü xatırlamaq onun üçün çox əzabvericidir: “Mən onu özüm üçün ana kimi təsəvvür edirdim. Həmişə qarşılıqlı hörmət mühitində çalışmışıq. Məni bu vaxtsız ölümlə yanaşı, ən çox təəssüfləndirən odur ki, utancaqlıqdan, ya başqa hansısa səbəbdən Aybəniz müəlliməyə ürəyimdə olan səmimi sözləri deyə bilməmişəm”.
Ondan geridə qalanlar ancaq xoş xatirələrdir
Müəllimələr Zeynəb Həsənova, Lətifə Vəliyeva, Afət Məmmədova da nakam iş yoldaşlarının təsiredici xatirələrini bizimlə bölüşür. Onların yekdil rəyi belədir: O pedaqoq bəxtəvərdir ki, özündən sonra Aybəniz müəllimə kimi, ancaq xoş təəssüratlar qoyub getsin.
Şagirdlərdən Zamin Balakişiyev, Hüseyn Şahbazov müəllimlərindən yüksək qayğı gördüklərini acı kədərlə danışırlar. Hüseyn sadəlövhlüklə deyir ki, o, müəlliməsinə sağalmaq üçün Zəmzəm suyu, Kərbəla torpağı da verib, ancaq onların heç biri amansız əcəlin qarşısını kəsə bilməyib.
Həsrət
“27 il bir yerdə yaşamışıq, nədənsə xatirimə gətirə bilmirəm ki, onu azca da olsa incitmişəm… Bu təkcə mənim özümlə bağlı məsələ deyil. O, bunu öz davranış və hərəkətlərilə qazanmışdı” – deyir Əli müəllim. Onun təskinliyi isə ölümqabağı, “uşaqlarımdan muğayat ol” deyən ananın övladları və övladları qədər sevdiyi şagirdlərinə normal cəmiyyət yaratmaq üçün çalışmasıdır.
Aybəniz müəllimənin məzarı Imişlinin kənarında bir qəbiristanlıqdadır. Baş daşının üzərində isə Əli bəy əsgərlikdə olarkən ona məktubda yazdığı bir şeirin azacıq dəyişilmiş varinatı var:
Bilin, bu dünyada, axirətdə də,
Hər yaman gündə də, yaxşı gündə də,
Istərəm qovuşam, mən yetəm sizə,
Gözüm güzünüzə dikiləndə də.
Həsrətəm, həsrətəm, həsrətəm sizə…
Yaşadığım hər gün bu həsrəti azaldır. Bilirəm ki, hər gün onun görüşünə yaxınlaşıram”, – deyə Əli bəy söhbətimizi bu notlarla bitirir.
Natiq