xaqaniquzeyli@gmail.com
“Mən bilmirəm ki, hansı ölkədə yaşayıram, bilmirəm ki, bizdə hansı quruluşdur. Mən bilmirəm ki, Xodorkovski niyə həbsxanadadır, başqa oliqarx niyə azadlıqdadır. Bir şeyi başa düşürəm ki, rus dilindən başqa bizi heç nə birləşdirmir. Mən bu gün ölkəmdə yox, öz mənzilimdə yaşayıram”.
Eldar Ryazanov, sovet rejissoru…
Bu mövzuda yazılarımda bir qayda olaraq, Ryazanova müraciət etməyim səbəbsiz deyil. Hələ 70-80-ci illərdə çəkdiyi filmlərdə bəzən sətiraltı, bəzən də açıq-aşkar bizi mənasız bir quruluşda yaşadığımıza inandırmağa çalışırdı. Onun 1987-ci ildə çəkdiyi “Unudulmuş fleyta musiqisi” filmini bəzən “SSRI haqqında nekroloq” adlandırırlar. Filmin süjet xətti nəinki “Nuşirəvan və telekanallar” söhbətini, elə hakimiyyətin indiki durumunu xarekterizə edən bir çox məqamlarla həmahəng səslənir.
Marksizm-leninizm ideologiyasının fiaskoya uğradığı illərdə bu sahəyə məsul şəxslər (filmin qəhrəmanları) qərara alırlar ki, insanların asudə vaxtlarından necə istifadə etmələrinə nəzarət eləsinlər. Xüsusi direktivlər hazırlayırlar ki, vətəndaşlar nəyi edə bilərlər, nəyi yox. Ilk növbədə makulatura məntəqələrinə vətəndaşların gətirdikləri marksizm-leninizmə aid ədəbiyyatı götürməyi qadağan edən təklif hazırladılar. Onlar sovet insanının Hüqonu, Dümanı oxuması ilə barışa bilmirdilər.
Əslində, məsələ çox bəsit idi, ideologiya insanlara ayaq uydura bilmirdi, köhnəlmişdi və bir neçə il sonra qüdrətli SSRI dağıldı.
Milli Radio Televiziya Şurası (MRTŞ) ANS və ATV kanallarında yayımlanan bir neçə verilişin bağlanmasına qərar verdi. Və ardından da bəyan etdilər ki, daha bir neçə kanalda da “təmizlik işləri” aparacaqlar. Etiraf etmək lazımdır ki, bağlananlar teleməkanın ən reytinqli verilişləri idi. Bu o demək deyil ki, həmin verilişlər müasir televiziyanın bütün standartlarına cavab verirdi. Xeyr. Lakin onlar bayağı və plagiat olmasına baxmayaraq, tamaşaçılar arasında geniş rəğbət qazanmışdılar. Səbəbi çox sadədir – bu verilişlərdə Azərbaycan insanının real həyatı, ehtiyacları, düşdüyü çıxılmaz vəziyyət açıq şəkildə tamaşaçılara təqdim edilirdi. Evi əlindən alınmışlar, həkimlər tərəfindən şikəst edilmişlər, baş götürüb yad ellərə gedənlər və s. biçarələr bu verilişlərin qəhrəmanları idi.
Yadımdan çıxmamış maraqlı bir məqamı da sizlərə çatdırım. Borcunu ala bilməyənlər, rüşvət versə də, aldadılaraq işi düzəlməyənlər, bir sözlə, oxşar problemləri olan zavallıların da “ümid yeri” bu verilişlər idi. Bu işdə həmin verilişlərdəki daimi ekspertlərin bəziləri abırlı-başlı “işlə” məşğul olurdular. Onlar bir neçə min manata belə işləri boyunlarına o şərtlə götürürdülər ki, məsələ həllini tapmasa, həmin pul geri istənilməyəcək. Hər yerdən əli üzülən vətəndaşın da razılaşmaqdan başqa çarəsi qalmırdı.
Bu yaxınlarda belə bir xanım ekspertin qurbanı olmuş qadınla söhbətləşdik. Ona pulu Nərimanovdakı ayaqqabı təmirçisinə verib, sürətlə oradan uzaqlaşmağı tapşırmışdılar. Maraqlı və acı hekayədir. Qadın elə şeylər danışırdı ki, mənim hazırda həbsdə olan Ilham Mirzəyevə (“Space”dəki “Etiraf” verilişinin aparıcısı) yazığım gəldi…
Yadınızdadırsa, teleməkanda bir ara evlilik proqlamları bumu başlanmışdı. Bir neçə ay davam edən bu verilişlərdə evlənmək istəyən gənclərin əksəriyyətinin nə evi, nə də işi var idi. Amma inadla evlənmək istəyirdilər. Oğlanlar evi olan qız, qızlar isə evi və işi olan oğlan axtarırdılar. Bir neçə ay ərzində bütün teleməkanda iki və ya üç evlənmə hadisəsi baş verdi. Onları da məlum səbəbdən bağladılar.
Yəni, məsələ Mirşahinin dediyi kimi, Nuşirəvan müəllimin Xoşqədəmlə probleminin olmasında deyil. Məsələ bu cür verilişlərin ideoloji sərhədləri aşmasında, özləri də bilmədən qırmızı xətti keçməsindədir. Problemlər Avropada axtarıldığı bir vaxtda onların Azərbaycanda “peyda olması”na yol vermək olmaz.
Bu verilişlərin bağlanması üçün gətirilən səbəblər – küçə mədəniyyəti, mentalitet, milli dəyərlər – fikrimcə, keçərli deyil. Məsələyə bu aspektdən yanaşsaq, onda gərək söyüşün biri bir qəpik olan bütün şou-biznes və qalmaqal verilişləri telekanallardan yığışdırılsın. “Təranə-Musa” dastanını ekrana daşıyanlar çoxdan Kürdəxanıda olmalıydılar…
Yazımı Azəbaycan Respublikasının xalq artisti Ilhamə Quliyevanın bir açıqlaması ilə bitirirəm: “Mənim beş vəkilim var və özüm də hüquq təhsili alıram”.
Yəqin ki, sağ olsaydı, əfsanəvi Al Kapone primadonnamıza həsəd aparardı…