Müzəffər Baxışov: «Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizə aparılmır»
Prokurorluq əməkdaşlarının peşə bayramı günü baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində məqalə ilə çıxış edib. Məqalədə bir sıra maraqlı statistiq rəqəmlər açıqlayan Z.Qaralov vurğulayıb ki, qətllərin açılma faizi isə 92,8-ə yüksəlib. “2014-cü ilin birinci yarımilində ölkə üzrə cəmi qeydiyyata alınmış cinayətlərin 80,1 faizinin açılması təmin olunmuşdusa, cari ilin müvafiq dövründə bu rəqəm 84,8 olub”, deyə Z.Qaralov vurğulayıb.
Bildirilib ki, cinayətlərin növləri üzrə götürdükdə xüsusilə ağır cinayətlər üzrə açılma faizi bu ilin birinci yarımilində ötən ilin eyni dövrünə nisbətdə 93,1-dən 96,8-ə, ağır cinayətlər üzrə 79,8-dən 80,9-a, az ağır cinayətlər üzrə 80,9-dan 85-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 78,6-dan 85,5-ə yüksəlib.
Z.Qaralovun sözlərinə görə, prokurorluqda istintaqı aparılan cinayət işləri üzrə bu göstəricilər daha yüksək olub. Belə ki, prokurorluq orqanlarında istintaqı aparılan işlər üzrə açılma faizi ötən ilin birinci yarımillində 86,9 faiz olduğu halda bu ilin müvafiq dövründə 93,1 faiz təşkil edib. Xüsusilə ağır cinayətlər üzrə bu rəqəm 94,9-dan 97,5-ə, ağır cinayətlər üzrə 83,3-dən 85,8-ə, az ağır cinayətlər üzrə 90,5-dən 92,8-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 79,9-dan 96,8-ə yüksəlib. Qəsdən adam öldürmə cinayətlərinin açılma faizi ötən ilin birinci yarımilində 86 olduğu halda bu il 92,8 olub, rüşvət cinayətləri üzrə isə bu rəqəm 83,3-dən 100-ə yüksəlib.
Z.Qaralov bundan başqa bildirib ki, Azərbaycanda 22 korrupsioner elə cinayət başında yaxalanıb. Bütün rüşvət cinayətlərinin üstü açılıb.
Bəs verilən bəyanatlar və əldə olunan uğurlar reallığa uyğundurmu?
Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Z.Qaralovun prokurorluğun effektiv fəaliyyəti ilə bağlı açıqladığı rəqəmlər tam yalandır. Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizənin aparılmadığını deyən M.Baxışov vurğuladı ki, Azərbaycanda sırf korrupsiya ilə məşğul olan şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb edilib, cəzalandırılmır: “Azərbaycanın Baş Prokuroru yanında Korupsiyaya Qarşı Mübarizə Baş Idarəsi var. Həmin o idarə korrupsiya cinayətləri ilə deyil, heç bir əsas olmadan bu və digər şəxsləri qanunsuz yollarla cinayət məsuliyyətinə cəlb etməklə məşğuldurlar. Məsələn bir faktı deyim. 1975-ci ildə Xanlar rayonunun ərazisində ”fin” evləri tikilib. Indi həmin tikilinin bir manat da dəyəri yoxdur. Çünki onların istismar müddəti bitib. Indi həmin tikilini 2003-cü ildə kimsə özələşdirib. Həmin o, şəxsi Baş Prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş Idarəsi Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə külli miqdarda əmlakı mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb ediblər. Yəni yalandan dələduzluq, digər cinayətlərə görə insanları cinayət məsuliyyətinə cəlb edirlər və hesabat verirlər ki, bunlar korrupsiyaya qarşı mübarizə aparırlar”.
Korrupsiyanın Azərbaycanda həyat səviyyəsinə çevrildiyini deyən M.Baxışov vurğuladı ki, Azərbaycanda kimlərin korrupsiya ilə məşğul olduğunu və toplanmış pulların kimlərə çatdığını hamı bilir.
Hikmət