xanbahadir@mail.ru
Indiki “seçkiyə” qatılmaq müxalifətə deyil, rejimə işləməkdir. Indiki “seçkiyə” qatılmaq müxalifətin deyil, rejimin uğuruna çalışmaqdır. Indiki “seçkiyə” qatlmaq faktiki olaraq müxalifətlə deyil, rejimlə bir olmaqdır.
Bir illik hakimiyətin başından keçib uzun illər müxalifətin başında duranlar – Isa Qəmbər, Pənah Hüseynov – saxta seçkiyə qatılmaqla bu gün rejimə işləməkdə, rejimin uğuruna çalışmaqda, dar ayaqda rejimlə birgəlik sərgiləməkdədir. Demək, dünya – Azərbaycan dünyası! – işıqlaşmağa doğru gedir. Dünya işıqlaşdıqca kimin əli kimin cibində olduğu bəllənir…
Illərdir tribunalardan “yolumuz Elçibəy yoludur” deyənlərin gerçək kimliyi rejim üçün indiki dar ayaqda ortaya çıxır: Isa Qəmbər, Pənah Hüseynov, Arif Hacılı, Mirmahmud Mirəlioğlu… Onlar indi bu xalqa getdikləri yolun (“Elçibəy yolu”) nə yolu olduğunu açıq, konkret siyasi gedişləri ilə göstərməkdədirlər.
Onlar indiyədək ortaya belə mahna atırdılar: “demokratik dünya müxalifətin seçkidən qıraqda qalmasına pis baxır”. Indi nə baş verir: mənim son bir neçə ayda “Azadlıq”da, Feysbukda dönə-dönə dediklərimi az öncə Avroparlament də dedi: “saxta seçkiyə qatılmaq onu legitimləşdirməkdir”. Qısa, açıq, aydın. Demək, bir daha bəlli oldu: qaradan artıq boya yoxdur!
Qəzeti başda olmaqla bütün yaxın çevrəsi ilə birgə uzun illər altdan-altdan, üstüörtülü olaraq rejimə qulluq yolu tutan I.Qəmbər iz azdırır, xalqın başının altına yastıq qoyaraq deyirdi: “ölkədə diktatura qurulmasına yol verməyəcəyik”. Indi, ölkədə diktatura qurulan çağda, korrupsiya-repressiya rejiminin bir çox siyasətçiləri, jurnalistləri, ən başlıcası, doğmaca yardımçısı Tofiq Yaqublunu tutub türməlik etməklə ölkə boyu antidemokratik seçki ortamı yaratdığı çağda, I.Qəmbər bəlli yoldaşları ilə birgə saxta seçkini legitimləşdirmə bazarlığına baş vurur. Bu nə liderlik, bu nə başdanlıq, bu nə MÜSAVATçılıqdır?..
Sayğılı oxucu, bəlkə də, suç subyektdə deyil, obyektdə – dünyanın işıqlanmasındadır. Avroparlamentin bəlli qərarı bu işıqlanmada önəmli rol oynamaqdadır. Kimlərsə o qərara güvənərək rejimlə dirənişi dərinləşdirib sərtləşdirir, kimlərsə batan rejimə əl uzatmağa – ona legitimlik qazandırmağa çalışır.
Bildirildiyinə görə, “Azadlıq – 2015″ seçki blokunda Avroparlamentin qərarından sonra, çox düzgün olaraq, seçkiyə getməmək istəkləri baş qaldırıb. Siyasət çeviklik sevir. Blok tezliklə Avroparlamentin qərarından çıxış edərək öz qərarını verməli, bunun ardınca, ən azı, müxalifətin SEÇKI DÖNƏMI birliyinə yön almalıdır. Bunun yerinə M.Mirəlioğlu hakimiyətə belə bir mesaj göndərir: ”Seçkini boykot edə bilərik”. Məni bağışlayın, indilikdə bu, daha çox hakimiyətlə bazarlıq mesajına oxşayır. Inanın, bunun belə olmadığına çox sevinərəm!
Blokun qurucularından olan P.Hüseynov blokda baş qaldıran “seçkiyə” qatılmama istəkləri ilə bağlı bildirir: “Əgər hər hansı imtina olsa, mən fikrimi dəyişməyəcəyəm. Bu günə də olan qərarım sonadək seçkidə iştirak etməkdir”. Özünün “müqəddəs” qərarını o belə tutarqalayır: “sonadək seçki prosesindən demokratik mübarizə forması kimi istifadə etmək”. Antidemokratik rejimlə bir illik bağrıbadaş DIALOQdan sonra bu adam necə olur olsun “seçkidən demokratik mübarizə forması kimi istifadə etmək” istəyir. Ondan: “Builki seçkidə qələbə şansınızı necə qiymətləndirirsiniz?” – deyə sorduqda bildirir: “Bu suala cavab vermək tezdir. Çünki təbliğat-təşviqat kampaniyası başlamayıb”… Ölkəni başına götürən repressiyalar, yurddaş toplumunun darmadağın edilməsi, seçki ortamının antidemokratikliyi… bütün bunlar bu adam üçün boşuna görsənişlərdir.
Avroparlamentin seçki ilə bağlı qərarı son 22 ildə ilkin olaraq müxalifətə bir sıra şanslar qazandırır. Şansın qaçırılmaması üçün müxalifətin yubanmadan bir araya gəlməklə seçkini boykot etməsi gərəkir…