Sizi bilmirəm, prezident Ilham Əliyevin YAP sədri kimi fəaliyyəti barədə nə qəzetlərdə, nə də televiziyada bir məlumat belə, rastıma çıxmayıb.
Internetdə də maraqlandım və məlum oldu ki, Ilham Əliyevi partiya silahdaşları axırıncı dəfə 2008-ci ilin avqust ayının 2-də – YAP-ın 3-cü qurultayında görüblər.
Buradan nə hasil olur?
Fikrimcə:
1.Ya Ilham Əliyev YAP-ı bəzi Qərb dövlətlərində olduğu kimi idarə edir, yəni, partiyadan qurultay və seçki zamanı yararlanır;
2. Ya bu partiya artıq onun üçün heç bir əhəmiyyət kəsb etmir;
3. Ya da dediyi kimi nə iqtidarda, nə də müxalifətdə rəqib görmədiyindən özünü artıq hakimi-mütləq sayır. Hakimi-mütləq olanlar da kimsənin qarşısında heç vaxt hesabat-filan vermirlər.
Nədənsə, məntiq 3-cü arqumentin daha inandırıcı olduğunu diqtə edir.
Kimsə tələsib, Ilham Əliyevin ölkə prezidenti olduğunu, vaxtının azlığını xatırlatmasın, gərəkdirsə, bir misalla bu bəhanəyə son qoymaq olar.
Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan həm də iqtidar partiyası olan AKP-nin başında dayanır. Və hər kəsə bəllidir ki, Ərdoğan cənabları fəaliyyətinin bütün sahələri ilə ilgili partiya silahdaşları ilə müntəzəm müzakirələr aparır.
Biriləri elə bu an Azərbaycanın prezident respublikası olduğunu düşünürsə, sual doğur: prezident respublikası olanda dövlətə rəhbərlik edən şəxs gördüyü işlər haqqında Milli Məclisin əksər mandatlarına, elə özünün layiq bildiyi partiyadaşlarına çox yox, ildə iki dəfə məlumat versə, məgər tufan qopar?
Hansı ki, əlahəzrət sədri olduğu partiya üzvləri ilə də mütəmadi görüşlər keçirməlidir və necə ki, bunu digər dövlət başçıları vaxtaşırı həyata keçirirlər.
Ağlına gələn olar ki, YAP üzvlərinin halına acıyıram. Ki, sədrlərinin üzünü görə bilmirlər. Əsla belə deyil və etiraf edirəm ki, ölkə prezidentinin partiya sədri postunda da qalmasının hər zaman əleyhinə olmuşam. Nədən ki, bu nəsnə “mən bütün Azərbaycan vətəndaşlarının prezidentiyəm” deyiminə inamsızlıq yaradır.
Zənn edirəm ki, dövlət başçısı tam tərəfsiz olmalıdır. Cəmiyyətdə vətəndaş həmrəyliyi naminə bu addımın atılmasına böyük zərurət var.
Digər tərəfdən, hər bir partiyanın nizamnaməsi var və o nizamnamədə “partiya sədri yalnız qurultaydan-qurultaya partiya üzvlərinin qarşısına çıxa bilər” cümləsi yazıla bilməz. Oxumamışam, ancaq tam əminliklə deyirəm ki, YAP-ın nizamnaməsində belə bir xətaya yol verilməyib.
YAP-ın icra aparatındakılar fürsət düşdü-düşmədi Müsavat Partiyası və AXCP haqqında ağıllarına gələni izhar edirlər. Müxalifət barəsində elə cəfəng fikirlər dövriyyəyə buraxırlar ki, adam təəccüblənir. Fəqət beş ildə bir tədbirlərində iştirak etməyən sədrləri haqqında cəsarətdə bulunub bir kəlmə də deyə bilmirlər. Səbəbi hamıya bəllidir. Hansı YAP yetkilisi bir gün desə ki, sədr partiya üzvləri qarşısında ildə bir dəfə hesabat verməlidir, dərhal tutub qulaqlarını divara mıxlayarlar.
Ilham Əliyev düz edir ki, YAP üzvləri ilə görüşmür. Nədən ki, bu partiyanın bəzi üzvlərinin hansı oyunlardan çıxdığını ondan yaxşı bilən yoxdur.
Ilham Əliyev YAP üzvü olan nazirlərinin, icra başçılarının və digər yüksək vəzifəlilərin, onların övladlarının hansı əməllərə sahib olması barədə də müfəssəl məlumata malikdir.
Ilham Əliyev rüşvətxor YAP üzvlərinin onu nüfuzdan saldığını da çox gözəl bilir. Və rejimin fəlsəfəsinə rəğmən, hələ ki, YAP üzvü olan “yekə rüşvətxorları” haqq etdikləri məkana göndərmir…
Artıq oxuculara sual ünvanlamaq zamanı çatdı. Ilham Əliyev YAP-ı tərk edib? Edibsə, bir alqış məndən.