Hörmətli Əli Əhmədov yenə inciyərək Mətbuat Şurasına şikayət edəcək ki, mən YAP-ı hörmətdən salıram; MŞ da kəmali-ədəblə köşəmi qarşısına qoyub təhlil edəcək və tərtib etdiyi “peşə kodeksinin” maddələrinin gözündən keçirib divan quracaq, bəndənizi qarşı tərəfin fikirlərini öyrənməməkdə suçlayacaq.
Məcburam ki, sayğıdəyər həmkarlarımın tənqidlərinə tuş gəlməmək üçün Əli Əhmədovun fikirlərini alam. Amma Əli Əhmədov hər deyəndə əl çatan siyasi xadimlərdən deyil, axı!
Ona görə Əhmədova suallarımı elə burdan ünvanlamalıyam:
1. Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktı qəbul olunarkən istiqlalımızın əleyhinə səs verən o dövrün deputatlarından 4 nəfər – Əli Həsənov, Arif Rəhimzadə, Eldar Ibrahimov və Mixail Zabelin YAP Siyasi Şurasının üzvləridir. Dövlət müstəqilliyinin əleyhinə çıxan şəxsləri partiyanın rəhbər strukturunun üzvü edən YAP-ın xalq arasında nüfuzu nə boyda olmalıdır?
2. Cəmiyyətdə “YAP-ın Dədə Qorqudu” adlandırılan və sizin hakimiyyətdə nazir kürsüsü tutan Sirus Təbrizli partiyanızı (öz partiyasını) “simasız quldurlar partiyası” adlandırdı. YAP-ın qurucusu olan bir şəxsin bu cür “tərifi” partiyanızın ictimai çəkisinin böyüklüyünə kölgə-zad salmır ki?
3. 2005-ci ildə YAP Siyasi Şurasının üzvü, Səhiyyə naziri Əli Insanovu siyasi hakimiyyəti qanunsuz yolla ələ keçirməkdə suçlayıb həbs etdiniz. Həm də bəlli oldu ki, Əli Insanov tək deyilmiş, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezident Aparatının şöbə müdiri Akif Muradverdiyev və digər bir çox YAP-çılar çevrilişə cəhd edən xəyanətkar yaramazlardır. Bu qədər yaramazı içinə alan YAP-ın ictimaiyyət arasında hörmət-izzətini siz necə dəyərləndirirsiniz?
4. Tutuqlanan Əli Insanovun tonlarla qızıla, dəyəri milyonlarla ölçülən villalara sahib olduğu aşkara çıxdı. YAP-çılar Əli Insanovun bu varidatı rüşvət, korrupsiya, səhiyyədən oğurladığı pullar hesabına yığdığını açıqladılar. Bundan sonra xalq arasında çox bahalı villalara sahib olan YAP Siyasi Şura üzvləri haqda xoşagəlməz söhbətlər dolaşır. Elə güman edirlər ki, YAP Əli Insanov kimi adamları rəhbər struktura gətiribsə, deməli, rüşvətxor və korrupsionerləri baş tacı edib. Bu faktların YAP-ın ictimai nüfuzunu artırdığınımı hesab edirsiniz?
5. Bu il Novruz bayramı öncəsi YAP sədri Ilham Əliyev müşavirə keçirdi və yumurtanın inhisara alındığı haqqında acıqlı bir açıqlama verib bu ümdə və taleyüklü qidanın qiymətini tənzimlədi. Üstündən bir müddəd ötəndən sonra hörmətli YAP sədri bəyan etdi ki, “inhisarçılar bəzi ərzaq məhsullarının qiymətini qaldırmışdılar, biz dərhal müdaxilə etdik və bir sıra malların qiymətini aşağı endirdik”. Ilham Əliyevin qiymətini endirdiyi ərzaq məhsulunun yumurta olduğunu xalq çox yaxşı bilir. Belədə, yumurtaya “bəzi ərzaq məhsulları” deyən sədrin YAP adlı partiyası heçmi nüfuzdan düşmür?
6. Hazırda ətin qiyməti artıq 11 manatdır. Kənd Təsərrüfatı Nazirliyi ətin qiyməti 8 manata qalxandan bəyan edir ki, bu, süni qiymət artımıdır, inhisarçıların işidir. Amma xeyri yoxdur, nazirlik özünü didib töksə də, qiymət artmaqda davam edir. Indi mənə deyin, Ilham Əliyev ət müşavirəsi keçirməlidirmi? Hər bir qida məhsulunun qalxmasını “inhisarçılıqla” əlaqələndirən və bunun qarşısını ala bilməyən YAP hakimiyyətinin iqtisadi siyasətini görüb də, xalq yenədəmi sizin partiyanızı dəstəkləməlidir?
7. Dünyanın nüfuzlu media qurumları YAP sədri Ilham Əliyevin Dubayda 4 villa aldığını yazdıqdan sonra Əli Həsənov açıqlama verdi ki, cənab prezidentin qudası Araz Ağalarov geniş imkanları olan iş adamıdır. Sözündən belə çıxırdı ki, o villaları cənab prezidentimizə Araz Ağalarov hədiyyə etmişdir. Ictimaiyyət arasında belə söz-söhbət gəzir ki, Əli Həsənov bu sözü yalandan deyib, əslində, Ilham Əliyev o villaları xalqdan taladığı pullar hesabına alıb. YAP sədri haqqında bu cür xoşagəlməz söz-söhbətin qarşısı alınmazsa, YAP-ın nüfuzu kəllə-mayallaq ola bilər. YAP öz ictimai nüfuzunu qorumaq üçün Dubaydakı villaların hansı pulla alınması barədə cəmiyyətə sənədli-sübutlu bir açıqlama verə bilərmi?..
Əli müəllim, mən YAP-ın “nüfuzuna zərbə vurmamaq” üçün birbaşa sizin münasibətinizi öyrənməyə cəhd edirəm. Buna nə sözünüz?
Az qala yadımdan çıxmışdı: Dubaydakı villaların tualet sisteminin sıradan çıxmasını da xarici mətbuat yazdı. Əli müəllim, adaşınızdan – Həsənovdan soruşun, o bilər, Dubay villalarının tualetini təmir etdimi Araz Ağalarov?
Cavablarınıza görə öncədən təşəkkür edirəm.