Və ya əsl müstəqilliyin – Azərbaycanın xalqdan azad edilməsinin 18-ci ildönümünə!
Bir neçə gün əvvəl stajlı yaptokrat Aydın Mirzəzadənin hansısa müsahibəsində vardı, dünən də Jalə Əliyeva adlı bir yaptokrat deputatın dilindən oxudum, adamlar iki ayağını bir başmağa dirəyiblər ki, Azərbaycanın əsl müstəqilliyi məhz 1993-cü ildən başlayır.
Əminəm ki, rejimin bütün yandaş qəzet və saytlarında, radio və televiziya kanallarında bu saat eyni əhval-ruhiyyəli müsahibələr, açıqlamalar itinətökdür. Siz baxmayın, bunların prezidentlərinin müstəqilliyin 20 illiyi ilə bağlı sərəncamına, boş şeydir, kağız parçasıdır. Bunu onun özü də etiraf etdi: müstəqilliyin lehinə səs vermiş Arif Hacılını 2 il yarımlıq həbslə cəzalandırıb həmən ardınca da müstəqilliyin əleyhinə səs vermiş Yaşar Əliyevi “Şöhrət” ordeni ilə mükafatlandırmaqla!
***
Əslində müstəqilliyə yeni tarix biçən müsahibələrin, açıqlamaların müəllifləri heç də haqsız sayılmazlar. Onlar üçün müstəqilliyin tarixi həqiqətən 1993-cü ilə dayanır. Məhz 18 il əvvəl – 1993-cü ilin qızmar iyun günəşinin şəfəqləri altında Azərbaycan xalqdan azad edildi, onun bütün sərvətləri bir dəstə adamın nəzarətinə keçdi.
Onlar üçün artıq bu ölkə dədə mülküdür, ata yurdudur. Yerdə qalanlardan ötrü isə kirayə ev. Istədikləri an arxamızdan təpik vurub bizi oradan qova bilərlər.
Bəli, əslində müstəqilliyin 20-ci ildönümü-zad boş söhbətdir. Əslində qarşıdan Azərbaycanın xalqdan azad edilməsinin 18-ci ildönümü gəlir.
Ilham Əliyev və onun sevimli ətrafı üçün gerçək müstəqillik məhz budur – Azərbaycanın xalqdan azad edilməsi! Xalq yoxdursa, ictimai rəy və milli iradə də yoxdur deməli. Ictimai rəy və milli iradə yoxdursa, deməli, müstəqilsən: paşa könlün, ağa kefin nə istəyir elə də eləyə bilərsən. Ölkənin sərvətlərini istədiyin kimi yağmalayarsan. Çapıb-talayarsan. Yeyib-dağıdarsan. Məmləkəti başdan-başa özünün, dədənin portretləri, heykəlləri ilə bəzəyər, korrupsiya ilə süsləyərsən, dövlətin pulları ilə özünə dəbdəbəli villalar alar, təmtəraqlı imarətlər ucaldarsan, bahalı eşşəklərə, qotur fransız atına milyonları şıtır-şıtır sayarsan, amma…
Amma kimsə çıxıb hesab soruşmaz. Kimsə çıxıb sorğulamaz.
Necə hesab soruşasan, necə sorğulayasan ki? Hesab istəmək, sorğulamaq üçün ictimai rəy, milli iradə lazımdır. Ictimai rəy, milli iradə üçünsə xalq.
Ancaq xalq yoxdur Azərbaycanda. Həm də düüüz 18 il yoxdur.
18 il əvvəl bu ölkə xalqdan azad edildi.
Düzdür, ölkədə xalqın bəzi tör-töküntüləri hələ də qalır, onlar Ilham Əliyev və onun ətrafına mane olmağa, rejimin dayaqlarını sarsıtmağa çalışırlar, amma Tanrıya şükürlər olsun ki, belələri çox qısa zamanda ifşa edilir, layiqli cəzalarını alırlar. Bilirsiniz ki, təzəlikcə xalqa işləməkdə şübhəli bilinən 17 belə ünsür üzə çıxarıldı və cəzalandırıldı. Yerdə qalanlar da yəqin ki, tezliklə ifşa olunacaqdır.
Bu, artıq ironiya deyil. Bu, tam ciddi söhbətdir.
***
Fikir vermisinizsə, Ilham Əliyev tez-tez xarici düşmənlərdən, onların təzyiqlərindən, bu təzyiqlərə layiqli cavab veriləcəyindən danışır. Amma indiyədək bir dəfə də onun hansısa xarici düşmənə öz gücünü göstərdiyini, layiqli cavab verdiyini, məsələn, hansısa xaricini şərlətdiyini, döydürdüyünü, həbsə atdırdığını görməmişik.
Əksinə, rejimin repressiyalarından, zülmündən bir qayda olaraq, ancaq xalq dadır.
Deməli, layiqli cəzasını alacağı ilə hədələnən “xarici düşmən” deyərkən illah ki, ölkə sərhədlərindən kənara boylanmağa ehtiyac yoxdur, əslində xarici düşmən – elə daxildədir, xalq özüdür!
Burada “xarici” sözünü əlbəttə, yalnız coğrafi anlamda qəbul etmək lazım deyil. Hakimiyyətin müəyyənləşdirilməsindən, onun idarə olunmasından, sərvətlərin bölüşdürülməsindən kənarlaşdırılmış, xaric edilmiş xalqa da xarici düşmən demək olar və Ilham Əliyev bizə göstərir ki, bu, məhz belədir!
Ona görə də hakimiyyət düşərgəsindən kimsə çıxıb sizi xarici qüvvələrə işləməkdə ittiham edəndə nə qırılın, nə darılın, unutmayın ki, onlar sizi əslində xalqa işləməkdə ittiham edirlər!