Böyük tarixin söylədikləri (I hissə)
Albaniya və ya Qafqaz Albaniyası (Alban çarlığı) – tarixi Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlətdir. Çarlığın ərazisinə müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan daxil idi. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.
Görkəmli qafqazşünas tarixçi Yevgeni Iqnatyeviç Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdır. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır. Bu və ya digər dərəcədə ünsiyyətdə olduğu xalqlar isə ölkəni müxtəlif şəkildə adlandırmışlar. Məsələn, latınlar ölkəyə Albania demişlər. Moisey Kalankatlı ölkənin Aranilər sülaləsindən olan ilk yarıəfsanəvi hökmdar Arranın adı ilə bu cür adlandırıldığını qeyd etmişdir.
Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də, subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də, erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi.
Özündə iyirmidən artıq tayfanı birləşdirən alban tayfa ittifaqının aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər idi. Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin albanlar bu massivdə daha iri tayfa idi. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır. “Albaniya” adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq, hələlik bir nəticə hasil olmamışdır.
Mütəxəssislər qeyd edirlər ki, “Alban” adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır. Çünki hal-hazırda Orta Asiyada konkret olaraq, Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa, çuvaşların öz yaranışlarına dair dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.
Anatoli Petroviç Novoseltsev və Z.I.Yampolski belə hesab edir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının əhatə etdiyi əraziyə, əsasən indiki Azərbaycanın, eləcə də Ermənistanın, Dağıstanın və Şərqi Gürcüstanın ərazisi daxil idi.
Gürcü alimlərinin qənaətinə (köhnə) görə, Kürün sol sahilindəki Albaniya ərazisinin Qərb hissəsi Gürcüstanın olmuşdur. Yeni gürcü elmi təsdiqinə görə isə (müəllifi D.L.Musxelişvili) erməni tədqiqatçılarının “səxavətlə pay verdikləri” sol sahil Albaniyasının ərazisi, eləcə də Kürün sol sahlindəki Azərbaycan ərazisinin qərb hissəsi, ayrı-ayrı dövrlərdə isə hamısı Gürcüstanın ərazisi olmuşdur.
Albaniyanın vilayətləri
Inzibati bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünmüşdü. Bir neçə havar nahanq təşkil edirdi. VII əsr Ermənistan coğrafiyasında göstərildiyinə görə, Albaniyanın solsahil ərazisi 11 vilayətdən ibarət idi. Alban mənbələri bunlardan dördü haqqında məlumat verir: Qəbələ, Şəki, Kambisena və Əcəri.
Bunlardan ən böyük və siyasi cəhətdən ən əhəmiyyətliləri vilayətlər sayılırdı. Üç vilayət (Qəbələ, Şəki, Kambisena) həm də inzibati-kilsə vahidləri, yepiskopluq idilər ki, bunların da nümayəndələri (yepiskoplar) bütün alban kilsə məclislərində iştirak edirdilər. Solsahil Albaniyasına adları çəkilən havarlardan başqa, iki ölkə – Lpina və Çola da daxil idi.
Çola vilayəti Çola (Dərbənd) keçidindən cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola (məsqət (massaget, maskut) Arşakilərinin paytaxtı) və Dərbənd idi. V əsrin birinci yarısında Sasani şahı II Yezdəgirdin hakimiyyəti dövründə Çolada güclü müdafiə qurğuları, məşhur Dərbənd səddi ucaldılmışdı. Moisey Kalankatlı Çolanın strateji əhəmiyyətindən başqa, bütün Qafqazda ilk xristianlıq ocaqlarından biri kimi ideoloji cəhətdən mühüm əhəmiyyəti barədə də məlumat verir.
“Apostol Müqəddəs Yelisey Ermənistandan yan keçərək maskutların arasına gedir və orada moizəyə başlayır”. Bu sətirlər I əsrdən xəbər verir. Alban ənənələri bu hadisə ilə Çolanın VI əsrə qədər patriarxlıq mərkəzi olaraq qaldığını və orada IX əsrin axırlarına qədər Şərq katolikosuna məxsus sarayın yerləşdiyini təsdiq edirlər.
Lpina isə Çolanın şimal-qərbində, Çola ilə Şəki arasında yerləşən vilayətdir. Bu ərazi demək olar ki, başdan-başa fındıq, qoz ağacları ilə zəngin meşələrlə örtülmüşdü. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun “Albaniya, Lpina və Çola” adlı triadasında öz əksini tapmışdır. Hələ I-II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin – Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı. Bu triada ilə 626-630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni – Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə “Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür, elə bu, Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu”.
Kambisena – Yunan müəlliflərində Kambisna, erməni müəlliflərində isə Kambeçan adlanan ərazi Albaniyanın şimal-qərbində, Iberiya sərhədində yerləşmişdi. Kambisena şimal-qərbdə Alazan və Iori çaylarının orta axarlarından, cənubda Kür çayınadək, şərqdə isə Alazan, Kür və Iori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.
Əcəri, yaxud Həcəri adlanan vilayət Qəbələ vilayətinin cənubunda Qarasu və Girdiman çaylarının arasında yerləşmişdi və cənubda Kür çayına söykənirdi. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Qəbələ və Şəki də ən önəmli vilayətlərdən idi
Qəbələ vilayəti Lpinadan cənubda, tarixi Əcəri vilayətindən şimalda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə – V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir və bununla əlaqədar Qəbələ həm də Vostan-i-mərzban da adlandırılır. Qəbələ vilayəti siyasi-inzibati və kilsə-inzibati vahid-yepiskopluq idi.
Şəki vilayəti Qafqazın dağətəyi rayonlarında, Qəbələnin şimal-qərbindəki ərazini tutur. Qərbdə və cənub-qərbdə tarixi Kambisena vilayəti ilə şimal-qərbdə Lpina vilayəti ilə, cənub-şərqdə Qəbələ ilə həmsərhəd idi. III-VIII əsrlərin toxuculuq mərkəzlərindən biri idi.
Paytakaran – (erməni mənbələrində Kaspk, Kazbk, Moisey Kalankatlıda Balasikan, fars və ərəb mənbələrində Balasakan) bu vilayət Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin cənubunda yerləşən Atropatenanın şimal-şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran e.ə. II yüzillikdə erməni çarı I Artaşes (türkcəsi – Ərtəş) tərəfindən işğal olunmuş və e.ə. 55-ci ilə qədər Ermənistanın tərkibində qalmışdır. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır. Vilayətin mərkəzi eyniadlı şəhər – Paytakaran idi.
Tarixi əyalət sayılan Uti Paytakaran kimi, Kürün sağ sahilində yerləşirdi. Şərqdə Paytakaranla, cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, qərbdə isə Albaniya və Iberiya sərhədinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, Soqarn, eləcə də Moisey Kalankatlının yazdığına görə, Albaniyann V əsrdə inşa edilmiş paytaxtı Bərdə (Partav) bu vilayətdə idi. Bərdə 551-ci ildən alban katolikosunun daimi yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazları Varaz Qriqorun, Cavanşirin və başqalarının iqamətgahına çevrilir. Uti vilayəti (nahanqı) öz növbəsində ayrı-ayrı inzibati vahidlərə (havarlara) bölünmüşdü ki, bunlardan da ən əsasları Sakaşena (yunan müəlliflərində Sakasen, erməni müəlliflərində Şakaşen) və Girdman idi.
Girdman – IV əsrdən Albaniyanın birinci böyük knyazları olan Mehranilər sülaləsinin irsi mülkü idi. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu – Girdman çayları rayonunda (I.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər Ermənistanın tərkibində olmuşdur. Ancaq Ermənistan və Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.
Artsak və ya Ərsaq tarixi vilayəti sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi.
Sünik – (Sisakan) vilayəti Albaniyanın cənub ucqarında yerləşərək qərbdə Ermənistan və şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün cənubunda yerləşmişdir. Mənbələrdə işlənməsinə görə, Sünik (Sünük) ifadəsi Sisakandan daha qədimdir. Yevsevi və Prokopi Kesari Süniki albanların qonşusu kimi xatrladır. “Sisakan” ifadəsinə ilk dəfə VI əsrdə Suriylı müəllif Zaxari Ritorun əsərində təsadüf olunur. Həmin müəllifin yazılarında Sasakan Arran (Albaniya) və Qurzan (Gürcüstan) kimi Ermənistandan ayrı ölkə olaraq təqdim edilir. Ümumilikdə isə Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir