Bu gün Sumqayıt Apelyasiya Məhkəməsində “Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin şikayəti üzrə növbəti məhkəmə iclası keçiriləcək. Hakim Nazim Mövsümovun sədrlilə keçirilən bu məhkəmə prosesində çıxışlar mərhələsidir.
Ötən məhkəmə iclasında prokuror çıxış edərək, Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəmişdi.
Bugünkü məhkəmə iclasında Seymur Həzinin özü və vəkili Adil Ismayılov çıxış edəcək. Məhkəmənin son qərarının da bu gün elan ediləcəyi istisna olunmur.
Xatırladaq ki, Seymur Həzi ötən il avqustun 29-da xuliqanlıq ittihamı ilə həbs olunub. Həmin gün o, Ceyranbatan qəsəbəsində yerləşən evindən işə gələrkən qəsəbənin girişindəki dayanacağın yaxınlığında Məhərrəm Həsənov ona yaxınlaşaraq, təxribata çəkib. O, Seymur Həziyə “facebook”da yazdığı məktubuna niyə cavab vermədiyini irad tutub. Seymur da öz növbəsində bunu məktubu görməməsilə izah edib. Ardınca Məhərrəm Həsənov Seymur Həziyə sifət nahiyəsindən zərbə vurub. Seymur da özünü müdafiə məqsədilə əlindəki butılka ilə onu vurub.
Bu ilin yanvarında Abşeron Rayon Məhkəməsinin hökmü ilə Seymur Həzi 5 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq ictimaiyyət isə Seymur Həzinin hakimiyyətin ünvanına sərt tənqidi yazılarına görə sifarişlə həbs olunduğu qənaətindədir.