Hikmət Hacızadə: «Rusiyanın vəziyyəti yaxşı deyil və ola bilər ki, Putin artıq güzəştlərə hazırdır»
Rusiyanın dövlət başçısı Vladimir Putin sentyabrın 28-də ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Peskov jurnalistlərə bildirib ki, görüş Putinin Yaponiya baş naziri Şinzo Abe ilə görüşündən sonra baş tutacaq. Görüşdə Ukrayna, Suriya problemlərinin, Rusiyaya qarşı tətbiq olunan sanksiyalala bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Onu da bildirək ki, görüşdən öncə Rusiya prezidenti ABŞ-a bir sıra mühüm mesajlar ünvanlayıb. Putin müsahibəsində ABŞ-a reveranslar edərək, müsbət fikirlər səsləndirib.
Bəs bu görüş nə vəd edir? Görüşdən bir nəticə gözləməyə dəyərmi?
Görüşdə müzakirə olunacaq məsələlər barədə konkret məlumat verilmədiyini deyən politoloq Hikmət Hacızadə bununla belə hesab edir ki, Putinlə Obamanın təmasından nəsə gözləməyə dəyər. “Çünki vəziyyəti yaxşı deyil və ola bilər ki, Putin hansısa güzəştlərə artıq hazırdır. Putinin hazırda nə fikirləşdiyini mən deyə bilmərəm. Əlbəttə ki, söhbət Ukraynadan, Krımdan, Suriyadan gedəcək. Alver olmalıdır”.
Rusiyanın hazırkı aqressiv xarici siyasət kursunun uzun müddət davam edə bilməyəcəyini söyləyən H.Hacızadə vurğuladı ki, hazırda Qərbin sanksiyaları Rusiyanın ağır duruma salıb. Ona görə Putin danışıqlara getməyə məcburdur.
Xəyal