Vaşinqton Səudiyyə Ərəbstanı səfirinə terrorun qarşısını aldığını bildirir, Tehran isə bunu böhtan adlandırır
ABŞ-ın Ədliyyə Departamenti İran hökumətini, Səudiyyə Ərəbstanın ABŞ-dakı səfirinə qarşı sui-qəsd təşkil etməkdə ittiham edib. Baş prokuror Erik Holder ABŞ-ın buna görə İranı məsuliyyətə cəlb edəcəyini bildirib. Artıq hadisəylə bağlı 2 nəfər saxlanılıb. Sui-qəsdə cəhddə ittiham olunan şəxslərdən birinin ikili vətəndaşlığı olan Mansur Ərbabsiyar, digərinin isə “Qüds Qüvvələri” qruplaşmasının üzvü Qolam Şakuri olduğu bildirilir. Federal Təhqiqatlar Bürosunun direktoru Robert Müller sui-qəsdin qarşısını almaqla xeyli insanın həyatını xilas etdiklərini deyib.
ABŞ-ın dövlət katibi Hillari Klinton İranla bağlı son hadisəni hüquq mühafizə və kəşfiyyat orqanlarını böyük nailiyyəti kimi qiymətləndirib. Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarını mümkün terror aktları təhlükəsinin olmasına dair xəbərdarlıq edib. Departament hesab edir ki, terrorçular bu yolla ABŞ-ın İranın Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı sui-qəsd planının üstünü açmasına cavab verə bilər.
İrandan artıq bu ittihamlarla bağlı reaksiya gəlib. BBC-nin məlumatına görə, İranın BMT-dəki səfiri Məhəmməd Xəzai BMT-nin baş katibi Ban Ki-Muna məktub yazaraq, ABŞ-ın ittihamlarından hiddətləndiyini ifadə edib. Məktubda deyilir ki, İran terrorla mübariə aparır, İranın ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirini öldürtmək planına dair iddialar isə Fars körfəzi ölkələrində vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. İranın BMT-dəki səfiri ABŞ-ın ittihamlarının təbliğat xarakteri daşıdığına və əslində “pis niyyət” olduğuna əminliyini də ifadə edib (ans press).