Əsədulla Qurbanov: «Mən klassik Heydərçiyəm, klassik YAP-çıyam və klassik «91»lərdənəm»
“Azadlıq”ın ötən saylarında modern.az saytına istinadən məşhur YAP-çı Əsədulla Qurbanovun partiya yaratdığı barədə məlumat dərc olunmuşdu. Əsədulla Qurbanov bu məsələyə münasibət bildirib.
Qocaman YAP-çı deyib ki, bu xəbər onun və yaxınlarının narahatlığına səbəb olub. Əsədulla Qurbanov əlavə edib ki, onun partiya yaratmaq niyyəti yoxdur: “Mən qurucusu və yaradıcısı olduğum partiyanın – YAP-ın Nizamnamə və Məramnaməsinin heç bir tələbinə zidd hərəkət etməmişəm. Əgər müstəqil olaraq parlament üzvlüyünə namizədliyimi irəli sürmüşəmsə, bu, o demək deyil ki, partiya nizamnaməsini pozmuşam. Müstəqil olaraq namizədliyimi irəli sürdüyümə görə məni YAP-dan çıxarırlarsa, bu, çox ciddi haqsızlıq və ədalətsizlikdir.
Bundan başqa YAP-ın banisi mərhum Heydər Əliyevin 1992-ci ilin oktyabr ayında təntənəli şəkildə şəxsən özünün mənə təqdim etdiyi bilet hal-hazırda da məndədir. Mən klassik Heydərçiyəm, klassik YAP-çıyam və klassik “91″lərdənəm. Bütün bunlarla fəxr edir, qürur hissi duyuram”.
Əsədulla Qurbanov mərhum Heydər Əliyevin “91″lər haqqında dediyi ”91″lər Yeni Azərbaycan Partiyasının qızıl fondudur. Onlar çox cəsarətli, cəsur, qorxmaz və vətənpərvər insanlardır. Bütün qapılar onların üzünə açıq olmalıdır” fikrini xatırladaraq bildirib: “Çox təəssüflər olsun ki, ”91″lərdən olmayan, lakin iqtidarda yüksək vəzifə tutan bəziləri YAP-ın qapılarını həqiqi “91″lərin üzünə bağlamaqdadır.
Mən daim müqəddəs Vətənimi, əziz xalqımı və müstəqil dövlətimi qəlbən sevən insanlardan, ziyalılardan, alim-vətəndaşlardan biriyəm. Bu, mənim müqəddəs idealımdır”.