Samir Əliyev: «Manatın kursunun hazırkı səviyyədə dörd il qalacağı real deyil»
Azərbaycan rəsmiləri manatın məzənnəsinin hələ dörd il ərzində hazırkı kursda qalacağını bəyan edib. Halbuki, müstəqil ekspertlərin fikrincə, manatın ikinci devalvasiyası neftin hazırkı dünya bazar qiyməti nəzərə alınarsa, qaçılmazdır. Asiya Inkişaf Bankı da hesab edir ki, manatın hazırkı məzənnəsinin saxlanması real deyil: “Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər. Əgər indiki trend qarşıdakı aylarda da davam edərsə”.
Bankın “Asian Development Outlook 2015 Update” adlı hesabatında bildirilir ki, Azərbaycanın bank sektorundakı dollarlaşma ən çox narahatlıq doğuran amildir: “Bu ilin fevralındakı devalvasiyadan sonra dollar depozitləri az qala iki dəfə artıb”.
Bank qeyd edir ki, Azərbaycanın xarici valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu azalma Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.
Manatın məzənnəsi dünya bazarlarında neftin qiymətindən asılıdır. Əgər ötən ilin avqustunda Azərbaycan nefti 103.08 dollara satılırdısa, indi iki dəfədən çox ucuzlaşıb. Ölkədə inflyasiya sürətlənib. Və devalvasiya xaricdən gətirilən malların qiymətinin artmasına şərait yaratmaqda davam edəcək.
Bank xatırladır ki, hökumət qənaətə keçib: “2016-cı ilin dövlət büdcəsi yığcamlaşdırılıb, bəzi investisiya layihələri təxirə salınıb”.
Amma növbəti devalvasiya ilə bağlı proqnozuna baxmayaraq bank bundan əvvəlki hesabatda Azərbaycanın inkişaf tempi ilə bağlı verdiyi proqnozu dəyişməyib.
Asiya Inkişaf Bankı 1966-cı ildə yaradılıb. Məqsədi Asiyada iqtisadi inkişafa dəstək verməkdir. Mərkəzi qərargahı Filippində yerləşən bankın nizamnamə kapitalı 55 milyard dollardır.
Bəs hökumətin manatın kursu ilə bağlı proqnozları nə dərəcədə realldır?
Iqtisadçı Samir Əliyev manatın kursunun hazırkı səviyyədə dörd il qalacağını real saymır. Bunun bir neçə səbəbinin olduğunu deyən S.Əliyev vurğuladı ki, birinci səbəb neftin dünya bazar qiymətinin yaxın bir neçə il ərzində artmasının gözlənilməməsi ilə bağlıdır: “Hələlik neftin qiyməti ilə bağlı proqnozlar qiymətin indiki səviyyədə qalacağını deyir. Nə qədər ki, neftin qiyməti hazırkı səviyyədədir və bu səviyyədən aşağı düşür, manata təzyiq qalacaq. Bir tərəfdən neftin qiyməti, digər tərəfdən Azərbaycanın tərəfdaş olduğu ölkələrin valyutalarının ucuzlaşması manata təzyiqi artırır. Konkret olaraq rus rublunun kursunu dəyişməsi manata təsir edir. Bundan başqa, ölkədən kapital axınının artması tədiyyə balansında da özünü göstərib. Digər tərəfdən, dövlət başçısı çıxışında bəyan edib ki, biz valyuta ehtiyatlarını qorumalıyıq. Valyuta ehtiyatlarının qorunması isə manatın devalvasiyaya uğrayacağı fikrini artırır. Manatın məzənnəsinin saxlanması üzündən Mərkəzi Bankın ehtiyatı iki dəfədən çox azalıb. Panika olacağı halda bu ehtiyatlar bir qədər sürətlə xərclənə bilər”.
Manatın kursuna təsir edən ikinci səbəbin hökumətin yürütdüyü kursla bağlı olduğunu deyən S.Əliyev vurğuladı ki, qeyri-neft sektoru inkişaf etməlidir. Çünki, neft gəlirləri kəskin şəkildə azalır. S.Əliyevin sözlərinə görə, qeyri-neft sektorunu inkişaf etdirmək üçün də biz ixracı stimullaşdırmalıyıq: “Azərbaycan ixrac potensialı olan müəssisələr yaradaraq qeyri-neft sektorunu inkişaf etdirməlidir. Ərzaq sahəsində pis-yaxşı nəsə var. Amma qeyri-ərzaq sahəsində vəziyyət ağırdır. Hər bir halda ixrac güclənməlidir. Ixracın güclənməsi üçünsə, manatın hazırkı həddə qalması problemlidir”.
Manatın devalvasiyasının gələn ilin büdcəsi üçün nə vəd etdiyinə gəlincə isə, S.Əliyev bildirdi ki, gələn ilin büdcəsi Azərbaycanın imkanlarına uyğun tərtib olunub. Belə olan halda isə devalvasiya riski aradan qalxmasa da, riski azaldır: “Büdcənin icrası ilə bağlı müəyyən çətinliklər ola bilər. 2016-cı ildə əsasən üstünlük qeyri-neft sektoruna verilib. Bu üzdən vergi yığımları hazırda gündəmdədir. Amma neft gəlirləri azaldığına görə qeyri-neft sektorunda süstlük yaşanır. Yəni neft gəlirlərinin azalması vergilərə də təsir edir”.
Xəyal