Sabirabad rayon Zəngənə kənd sakini, “CTZ- AQRO” MMC şirkəti ilə müqavilə əsasında 225 hektar pambıq əksə də adıçəkilən şirkətin müflis olmasına görə məhsulu sahələrdə məhv olan Əsgərov Əfras kənd təsərrüfatı naziri Heydər Əsədova növbəti dəfə müraciət edib. Müraciəti təqdim edirik:
“Cənab nazir, 18 sentyabrda Neftçala rayonunda rayon sakinləri ilə görüş keçirərkən siz rayon sakinlərinə və mətbuat nümayəndələrinə məlumat vermişdiniz ki, pambıq tədarükü ilə bağlı problem cənab prezidentin diqqətinə çatdırılıb və cənab prezident göstəriş verib ki, bu problem 3 gün müddətinə həll olunmalıdır. Əlavə olaraq bildirmişdiniz ki, Bakıya qayıdan kimi bu məsələni dərhal həll edəcəm. Artıq 5 gün keçməsinə baxmayaraq bu problemlə bağlı heç bir iş görülmədi. Sabah axırıncı iş günüdür, bundan sonra bayram tətili başlayır.
Cənab nazir, beləliklə yaxın 5 – 6 gündə bizə maliyyə vəsaiti ayrılmayacaq. Cənab nazir, siz necə düşünürsünüz, biz neynəməliyik, kimə müraciət etməliyik? Biz nə etməliyik ki, siz bizim vəziyyəti başa düşəsiniz? İnsanların xüsusilə də yayın istisində əkin sahələrində min cür əzab – əziyyətə qatlaşan bizlərin taleyinə niyə bu qədər laqeydsiniz?
Siz ölkə rəhbərliyinin və bir gün Allahın qarşısında bizə etdiyiniz zülmlərə görə cavab verəcəksiniz. Cənab nazir, Beynəlxalq Bankla bağlı hadisələrdə kimin nə günahı varsa əlbəttə ki, cəzasın alacaq. Lakin bizim heç bir günahımız yoxdur. Biz 15 ildir ki, həyat tərzimizə çevrilmiş pampıqçılıqla məşğuluq. Və bu gün dünyada anoloqu olmayan hadisə baş verir, ölkəmizə valyuta gətirə biləcək on min tonlarla pampıq sahələrdə məhv olmaq üzrədir. Birbaşa sizin kurasiyanızda olan bu məsələ ölkəmizdə təqribən yüz min adamı əhatə edir. Və sizin kənd təsərrüfatına bu qədər laqeyd münasibətinizi belə anlamaq bizim uçun çox çətindir.
Cənab nazir, acizanə müraciətimdəki fikirlərim sizə yəqin ki, tam aydındır və bu mənim sizə son müraciətim olacaq. Xahiş edirəm bizi başa düşün və mümkün köməkliyi göstərin”.