ABŞ-ın Texas ştatında düzəltdiyi saatın bomba zənn edilməsi nəticəsində həbs edilən Əhməd Məhəmmədə “Google”dan dəstək gəlib. Belə ki, texnologiya nəhəngi Məhəmmədi elm sərgisinə ulduz qonaq kimi dəvət edib.
14 yaşlı Məhəmməd bazar ertəsi günü Googlenin Kaliforniyadakı mərkəzində təşkil edilən elm sərgisində iştirak edib. Google bu sərgini dünyanın hər bölgəsindən 13 – 18 yaş arası yeniyetmələrin elmə və texnologiyaya marağını artırmaq məqsədilə təşkil edir. Finala qalan 20 layihə “Google”un mərkəzi binasında sərgilənir. “Dünyanı dəyişdirmə sırası səndə “ başlığı ilə keçirilən bu ilki sərgidə birinciliyə layiq görülən layihənin sahibinə 50.000 dollarlıq təhsil təqaüdü veriləcək.