Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadə Milli Təhlüksəzilik Nazirliyinə çağırılıb. Nazirlikdə Taleh Bağırzadə ilə ölkədəki ictimai-siyasi vəziyyət və dini sahə ilə bağlı söhbətlər aparılıb. Bu barədə “Azdalıq”a Taleh Bağırzadə məlumat verib. ”Əsasən ölkədəki gərginliklə bağlı söhbətlər oldu. Biz də gərginliyin kökündə siyasi və sosial problemlərin dayandığını dedik. Eyni zamanda bildirdik ki, ədalətli cəmiyyət qurmaq üçün fəaliyyətimizi davat etdirəcəyik”, – deyə Taleh Bağırzadə bildirib.
O, əlavə edib ki, çıxışları narahtlığa səbəb olub: “Mənə dedilər ki, çıxışlarında bəzən dövlət əleyhinə fikirlər olur. Lakin mən diqqətə çatdırdım ki, biz dövlətə qarşı çıxmırıq, idarəçiliyə etiraz edirik. Bu dövləti qorumağı özümüzə borc bilirik”.
Taleh Bağırzadə ona hər hansı təzyiqin olmadığını bildirib: ”Heç bir təzyiq olmayıb. Özləri də bilirlər ki, bizimlə təzyiq dilində danışmaq olmaz. Biz bu dili başa düşmürük, başa düşsəydik həbs olunmazdıq. Təzyiqlər bizi haqlı mövqeyimizdən çəkindirə bilməz. Hər halda biz Qobustan həbsxanasından gəlirik, Antalyadan yox. Mən orda da dedim ki, Allah yolunda MTN-ə də düşmək istərdim. Yəni bizi təzyiqlər, həbslər qorxuda bilməz”.