«Gilan Holdinq» 400-dən çox vətəndaşı evindən didərgin salıb kirayələrdə çürütmək istəyir
Sakinlərin «zorla çıxarılsaq özümüzü yandıracağıq» xəbərdarlığına icra başçısının müavini «yandırın, külünüzü buldozerlə zibilxanaya atarıq!» cavabını verib
Bakı söküntü meydançasıdır. Paytaxtın hər yerində qədim arxitekturalı binalar yerlə-yeksan edilir, mənzil sahiblərinə isə bazar qiymətlərinə uyğun kompensasiya verilmir. Etiraz etmək isə mümkün deyil. Heç nəyə, heç kimə önəm verilmədən istənilən işi görürlər. Arxalı adamlar niyyətlərinə çatırlar. Işbazlarla əlaqəyə girib ona çatacaq pulu ən yüksək məbləğlə alıb geri çəkilirlər. Əzilən isə arxasız insanlar olur. Onlara heç bir halda güzəşt edilmir, haqları tanınmır.
Təminatsız gələcək
Indi növbə Nərimanov rayonu, Həsənoğlu küçəsi 12-yə (5 nömrəli xəstəxana ilə üzbəüz – red.) çatdı. Sözügedən ünvan 1 hektardan çox ərazini əhatə edir. Iki mərtəbəli olan yaşayış binaları 7 korpusdan ibarətdir. Hər korpusda 8 ailə yaşayır ki, bu da ümumlikdə 56 edir. 400-dan çox insanın məskunlaşdığı ərazini fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq” zəbt etmək istəyir. Işi isə Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar Ibadov görür. Sakinlərin dediyinə görə, ilkin olaraq ərazidəki 1, 2, 7-ci korpuslar və həyətyanı sahələr ələ keçirilir. Bu isə bir hektarlıq yerin 60 sotudur ki, burada 24 ailə yaşayır. “Gilan Holdinq” əvvəlcə bu 24 ailəni köçürməyi planlaşdırır. Sakinlərə bir illiyə başqa ünvana köçməyi məsləhət görüblər. Yəni, insanlar bir il ərzində başqa ünvanda kirayədə qalmalı, adıçəkilən ünvanda 12 mərtəbəli bina tikiləndən sonra əvvəlki evlərindən 35% daha böyük mənzillə təmin olunacaqlar. Bu isə vətəndaşları qane etmir. Onlar razılaşmamalarını bu cür əsaslandırırlar: “Birincisi, təminat yoxdur. Heç kim bizə təminat verə bilməz ki, bir ildən sonra biz evlə təmin olunacağıq. Ikincisi, niyə bizə hazır bina vermirlər. Bir il başqa ünvanda kirayədə yaşadırlar? Halbuki ”Gilan Holdinq”in Nəqliyyat Nazirliyinin yaxınlığında beş mərtəbəli binası var. Orada bizə ev versinlər. Şahmar Ibadovla söhbət edirik. O bizə təminat verə bilmir. Deyirik, banka gedək, yaxud icra hakimiyyəti ilə müqavilə bağlayaq, heç biri razılaşmır. Yalnız və yalnız bizi buradan köçürüb bina tikmək istəyirlər. Axı bir ilə 12 mərtəbəli bina tikmək mümkün deyil. Biz bazar qiymətlərinə uyğun kompensasiya tələb edirik. Mənzillərin hər kvadrat metrinə görə 3 min, qeyri-yaşayış obyektləri üçün 6 min manat verilməlidir. Əgər bazar qiymətləriylə kompensasiya verilməsə, evimizdən çıxmayacağıq”.
Kəmaləddin Heydərov Cahangir Əsgərovdan kasıbdır?
Hüquqşünas Qurban Məmmədov da bu ünvanda yaşayır. Onun mənzilinin sahəsi 280 kvadrat, qeyri-yaşayış obyekti olan hüquq məsləhətxanasının ərazisi 200 kvadrat metrdir. Məmmədov deyir ki, ərazi dövlət ehtiyacı üçün istifadə edilmir: “Yəni burada dövlət əhəmiyyətli obyekt tikilmir. Ona görə də insanları zorla evindən köçürmək olmaz. Insanların istəklərinə uyğun pul ödənilməlidir. Çünki insanlar buradan çıxmaq istəmir. Əgər sən burada obyekt tikmək istəyirsənsə, vətəndaşlarla razılaşmalısan. Razı deyilsənsə, xoş gəldin. Şahmar Ibadov sakinlərə hədə-qorxu gəlir. Deyir ki, razılaşmasanız, artıq tikililər də hesablanmayacaq. Halbuki Mülki Məcəllənin 227-ci maddəsinin birinci bəndində ”Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərə məxsusdur” yazılıb. Bu, “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsində də təsbit edilib. Ikincisi, Ilham Əliyev bütün yaşayış sahələrinin qeydiyyata alınmasını deyib, yerli strukturlar bundan istifadə edib hücuma keçir”.
Hüquqşünas deyir ki, Kəmaləddin Heydərovun adından vətəndaşlara məxsus mülkiyyət zorla, müxtəlif təzyiq vasitələriylə əllərindən alınmağa cəhd edilir. Fikrini belə izah edir: “AZAL-ın prezidenti Cahangir Əsgərov Rixard Zorge bağının yaxınlığında yaşayan sakinlərə hər kvadrat metr üçün 3200 dollar kompensasiya verib. Kəmaləddin Heydərov Cahangir Əsgərovdan kasıb adamdır ki, insanlar belə incidilir?”.
Ilham Əliyevin yolu bağlanacaq
Vətəndaş Xalimə Məmişovanın 7-ci korpusda 120 kvadratlıq yaşayış evi, 93 kvadratlıq üç obyekti var. X.Məmişovanın himayəsində 10 nəfərlik ailə üzvü var. O deyir ki, buradan köçürüləcəkləri təqdirdə bazar qiymətlərinə uyğun kompensasiya verilməlidir: “Biz məcburi köçkünük. Anam birinci qrup əlildir. Insanlarla niyə belə rəftar edilir?”.
Müsahibimizin sözlərinə görə, icra başçısının müavini onlara deyib ki, evinizdən çıxmasanız zorla köçürüləcəksiniz: “Dubinka ilə bizi hədələdi. Ona dedik ki, özümüzü yandıracağıq. ”Yandırın, külünüzü buldozerlə zibilxanaya atarıq” cavabını verdi.
Vətəndaş Fəridə Fərəcovanın mənzilinin sahəsi 70 kvadrat metrdir. Onun 150 kvadrat metrlik qeyri-yaşayış obyekti var.
Sakin Rza Fərəcovun ailəsi 70 kvadrat metrlik mənzilə sığınıb. Ailənin adına 50 kvadrat metrlik qeyri-yaşayış obyekti də var.
Bu vətəndaşlar – Rafiq Nəzərov 80, Qənbər Cəlilov 100, Nağı Novruzov 160, Isa Əliyev 62, Validə Dadaşbəyov 60, Zərövşan Hüseynova 94, Vasif Abbasov 23, Vəfa Qurbanova 60, Əli Cəfərov 80 kvadratlıq mənzillərə ailələri ilə sığınıblar.
Sakinlərin bir tələb var – mənzillərin hər kvadrat metrinə görə 3 min, dükanlar üçün isə 6 min manat kompensasiya ödənilsin. Bu verilməyəcəyi təqdirdə evlərindən çıxmayacaqlar. Zorla evlərindən çıxacaqları təqdirdə etiraz əlaməti olaraq Ilham Əliyevin kortejinin daim qət etdiyi yolu bağlayacaqlar…
***
Bax belə. Növbəti qanunsuzluq, növbəti qəsbkarlıq. Əgər bir neçə il əvvəl insanlar küçədə rahat gəzə bilmirdilərsə, beş-on nəfərin toplaşıb kafedə söhbət etməsinə icazə verilmirdisə, indi evlərində də insan kimi yaşamağa qoymurlar. Bu hakimiyyət artıq hər bir vətəndaşı intihar həddinə çatdırıb…
Ramin DEKO