YAP-çıların xəyanət davası nə ilə bitəcək?

siyavus-eldar

Müzəffər Baxışov: «Eldar Sabiroğlu Siyavuş Novruzovun fikirləri ilə bağlı birbaşa məhkəməyə müraciət etməlidir»

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq millət vəkili Eldar Sabiroğlu Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət etdiyi barədə məlumat vermişdik. Müraciətə səbəb millət vəkili Siyavuş Novruzovun onun barəsində səsləndirdiyi dövlətə xəyanət ittihamının araşdırılması ilə bağlıdır.

E.Sabiroğluya görə, S.Novruzov səlahiyyət çərçivəsini aşaraq onu ağır cinayətdə ittiham edib: “Guya ki, Müdafiə Nazirliyində xidmət edərkən düşmən Ermənistan tərəfə informasiyalar ötürmüş, dövlət sirrini satmış, beləliklə də ”xəyanət” yolunu tutmuşam. Təsəvvür edirsiniz, bu nə qədər ağır ittihamdır? Bu adam nəyə və kimə arxayındır ki, bu dərəcədə böhtan atmağı özünə rəva görür?! Kimə arxayın olduğunu isə mən ictimaiyyətə açıqlamışam.

Mən 7 il Müdafiə Nazirliyində çalışmışam. Əgər doğrudan da belə bir hərəkətə yol vermişəmsə, nədən ölkənin müvafiq hüquq-mühafizə orqanları mənim bu “xəyanətimin” üstünü 7 il müddətində aça bilməyiblər?”.

Bəs, bu müraciətin araşdırılması hansı formada həyata keçirilə bilər? S.Novruzovun deputat toxunulmazlığı belə bir araşdırmanın aparılmasını mümkünsüz edirmi? Bu sualara aydınlıq gətirmək üçün məsələnin hüquqi tərəflərinə hüquqşünas Müzəffər Baxışovla aydınlıq gətirməyə çalışdıq.

muzeffer_baxis

M.Baxışov vurğuladı ki, S.Novruzovun E.Sabiroğluya qarşı ittihamları Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə “dövlətə xəyanət” hesab olunur. “Dövlətə xəyanətin” isə anlayışlarından birinin məhz dövlət sirrini xarici ölkəyə vermə olduğunu deyən M.Baxışov vurğuladı ki, bu cinayətə görə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur: “Bu qəbildən olan cinayət ictimai təhlükəliyinə görə, Cinayət Məcəlləsinin 15.5 maddəsinə əsasən xüsusi ilə ağır cinayətlər kateqoriyasına aiddir. Əgər Siyavuş Novruzov bu məlumatların yalan olduğunu bilə-bilə Eldar Sabiroğlunu şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda ittiham etdiyinə görə o, Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə ağır və xüsusilə ağır cinyaətdə ittihama etməklə böhtan atmaya görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Buna görə, iki ilə qədər islah işləri, üç ilə qədər isə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub”.

M.Baxışovun sözlərinə görə, Cinayət Məcəlləsinin 147-ci  maddəsində nəzərdə tutulan cinayətlər məcəllənin 37.1 maddəsi ilə ictimai ittiham qaydasında təqib olunan cinayətlərə aiddir. Cinayət Prosesual Məcəllənin 37.2 maddəsinə görə xüsusi ittiham qaydasında təqib olunan cinayət olduğuna görə, Eldar Sabiroğlu Siyavuş Novruzovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün birbaşa məhkəməyə müraciət etməlidir. Çünki Cinayət Prosesual Məcəllənin 37.2-ci maddəsinə görə xüsusi ittiham qaydasında cinayət təqibi üçün birbaşa məhkəməyə müraciət olunur”.

M.Baxışovun sözlərinə görə, əgər məhkəmə E.Sabiroğlunun S.Novruzovla bağlı 147.2 maddəsilə şikayətini icraata qəbul etsə, məhkəmə baş prokurora müraciət etməlidir. Baş prokuror da Konstitusiyanın 90-cı maddəsinin tələblərinə görə, S.Novruzovun deputatlıq toxunulmazlığına xitam verilməsi ilə əlaqədar parlament qarşısında məsələ qaldırmalıdır. “Siyavuş Novruzovun deputat toxunulmazlığına xitam verilməsindən sonra onu məsuliyyətə cəlb edib, cəzalandırmaq olar. Siyavuş Novruzov Eldar Sabioğlu barədə fikirləri Milli Məclisin fəaliyyəti zamanı söyləmədiyinə görə, Konstitusiyanın 91-ci maddəsinin müddəaları ona tətbiq edilə bilməz. Konstitusiyanın 91-ci maddəsinə görə, Milli Məclisin deputatları Milli Məclisdəki fəaliyyətinə, söylədiyi fikrə və səsverməsinə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadığı halda onlardan bu barədə ifadə, izahat tələb oluna bilməz. Konstitusiya deputatlara yalnız Milli Məclisdəki fəaliyyətinə görə, məsliyyətə cəlb olunmamaq təmin edir. Amma Siyavuş Novruzov bu fikirləri mətbuata söyləyib. Bunun onun Milli Məclisdəki fəaliyyətinə heç bir aidiyyatı yoxdur”,deyə M.Baxışov vurğuladı.

Xəyal