Qadir İbrahimli: «Bu, bir o qədər səmərəli metod sayıla bilməz»
Hasilatın aşağı düşməsinin fonunda dünya bazarında neftin qiymətindəki enmə Azərbaycan iqtisadiyyatını ağır vəziyyətdə qoyub. Neft pulları hesabına şişən iqtisadiyyat hazırda tənəzzül dövrünü yaşayır. Bunu bir sıra qanunların daha da sərtləşdirilməsi də sübut edir.
Belə ki, Azərbaycanın Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq edib.ÿXəbərdarlıqda Vergilər Nazirliyində struktur dəyişikliyi aparıldığı və bundan sonra vergi borcları yaranan andan Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentinin icratına götürüləcək və borcların alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcək.
“Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamenti yalnız cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən etibarən məşğul olmağa başlayacaq. Bu isə, cinayət tərkibi yaradan vergi borcu materiallarının xeyli sayda azalmasına, borclu vergi ödəyicilərində məsuliyyət hissinin artmasına və onların gələcəkdə cinayət törətməkdən çəkinmələrinə səbəb olacaq, habelə dövlət büdcəsinə borclardan daxil olan vəsaitlərin məbləğinin artmasına müsbət təsir göstərəcək”,- nazirliyin yaydığı məlumatda deyilir.
Bu isə Azərbaycanda onsuz da ağır günlərini yaşayan sahibkarlar üçün daha bir zərbədir. Çünki satılan məhsulun qarşılığını dərhal almağa çətinlik çəkən sahibkarlar bu üzdən vergi ödənişlərində də gecikmələrə yol verməyə məcbur olurlar. Bəs, son dəyişikliklər sahibkarlara nə vəd edir?
Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, qəbul edilən qərar ölkədə neft gəlirlərinin azalmasının fonunda vergi bazasının getdikcə məhdudlaşmasını göstərir. Vergi bazasının maksimum şəkildə büdcəyə sərf olunması üçün administrativ yollara əl atdıqlarını deyən Q.Ibrahimli vurğuladı ki, bu bir o qədər səmərəli metod sayıla bilməz: “Çünki ümumi şəkildə ölkənin gəlirləri azalıb. Gəlirlərin azalması ölkənin biznes mühitinə də təsir edir. Ona görə belə bir halda administrativ, bir qədər repressiv addımlara getmək ölkənin biznes şəraitinə yaxşı heç nə vəd etmir. Digər bir mühüm məqam borc yaranandan vergi istintaqına götürülməsidir. Bu da absurddur. Çünki, ən azı borcun yaranma səbəbləri olmalıdır. Ola bilsin ki, borc yaransın, amma sahibkar həmin borcu ödəmək üçün mənbələr axtara bilər. Belə bir vəziyyətdə sahibkara təzyiq etmək yox, ona şərait yaratmaq lazımdır ki, vergi borclarını ödəyə bilsin”.
Q.Ibrahimli vurğuladı ki, vergi borcunun yaranması daha çox həmin orqanların əlavə ödəniş tələb etməsiylə bağlıdır.
Xəyal