Şirin Abbasov və Cavid Abdullayevin yaşadığı evlərdən texniki avadanlıqları götürülüb
Hüquq-mühafizə orqanları sentyabrın 18-də Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasovun faktiki yaşadığı ünvanda axtarış aparıb. Bu haqda “Azadlıq” radiosuna onun vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, axtarış əvvəlcədən xəbərdarlıq edilmədən aparılıb: “Axtarış vaxtı evdə Şirinin anası olub. Ona axtarışla bağlı hər hansı rəsmi sənəd təqdim olunmayıb, özlərini yalnız polis əməkdaşları kimi təqdim ediblər və axtarışa başlayıblar”.
Onlar mənzildən 1 stolüstü kompüter, 2 kamera, 1 noutbuk götürüblər.
Elçin Sadıqov onu da bildirib ki, dünən yenidən Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gedib. Bu dəfə də ona Şirin Abbasovla görüşə imkan yaradılmayıb: “Dedilər ki, Şirin məndən imtina edib. Imtina edibsə, ola bilər, onu buna məcbur ediblər. Hətta imtina eləsə belə, bu, vəkilin iştirakı ilə edilməldir. Düşünürəm ki, sadəcə, görüşə əngəl olmaq üçün Şirinin adından belə deyiblər”.
Elçin Sadıqov bildirib ki, görüşə yaradılan əngəllə bağlı Daxili işlər nazirinə, baş prokurora və Nərimanov rayon Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, Şirin Abbasov sentyabrın 16-dan yoxa çıxıb, bir gün sonra onun DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanıldığı ÿməlum olub. Anasına idarədən bildiriblər ki, Şirin Abbasov polisə müqavimətdə təqsirləndirilir və ona bir aylıq izibati həbs cəzası kəsilib.
Sentyabrın 16-da Meydan TV-nin iki xanım əməkdaşı da DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində dindirilib. Onlardan Meydan TV-dəki fəaliyyətləri, TV-nin rəhbəri, eləcə də Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.
Eyni gündə həmçinin Meydan TV ilə əməkdaşlıq edən Cavid Abdullayevin də yaşadığı evdə axtarış aparılıb. “Turan”ın məlumatına görə, Cavid Abdullayevin evindəki axtarış digər jurnalist Şirin Abbasovun işilə bağlıdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları Cavid Abdullayevin kompüterini, iki kamerasını və noutbukunu götürüblər.
Bu arada, mənzil-qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı Meydan TV ətrafında baş verənləri, o cümlədən Şirin Abbasovun həbsini pisləyib: “Şirin Abbasov polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb. Bu, Berlində yerləşən Meydan TV ilə əməkdaşlıq edənləri təqib edən hakimiyyətin son qurbanıdır.
Şirin Abbasov sentyabrın 16-da yoxa çıxıb və yalnız bir gündən sonra məlum olub ki, onu polis saxlayıb. Həmin gün Meydan TV ilə əməkdaşlıq edən daha iki xanım jurnalist saxlanılıb. Mülki geyimli şəxslər onları küçədə saxlayaraq maşına əyləşdirib aparıblar. Bir neçə saat “aydınlaşdırıcı” söhbətdən sonra buraxıblar.
Biz çox narahatıq və hesab edirik ki, Şirin Abbasov təhlükədədir. Hakimiyyət bu cür qanunsuz metodlardan əl çəkməli, reportyoru dərhal azad etməlidir”.